Klassik yapon şeiri antologiyasının təqdimatı

Fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Səsindən tanıdılar payızı” adlı klassik yapon şeiri antologiyasının təqdimatı keçirilib.
AYB-nin sədri, Xalq yazıçısı Anar tədbiri açaraq yapon poeziyasına 1979-cu ildə ilk dəfə Xalq yazıçısı Elçinin müraciət etdiyini söyləyib. Bildirib ki, o, özü də yapon poeziyasından bir neçə şeiri dilimizə tərcümə edib. Xalq yazıçısı yeni nəşri Azərbaycan-Yaponiya mədəni əlaqələrinə töhfə kimi dəyərləndirib.
Azərbaycan Yazıçılar Birliyi nəzdində fəaliyyət göstərən Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin və “ATV kitab" layihəsinin rəhbəri Səlim Babullaoğlu kitab haqqında məlumat verib. Bildirib ki, antologiya “ATV kitab" layihəsi çərçivəsində “Parlaq imzalar” nəşriyyatında ərsəyə gəlib.
Bildirilib ki, ölkəmizdə bu silsilədən artıq 4-cü nəşr olan antologiyada klassik yapon poeziyasının zirvəsi sayılan Başo, Buson və İssanın, böyük yapon şairi Saygyonun şeirləri yer alıb.
Yaponiyanın Azərbaycandakı səfirinin birinci katibi Ginqa Kobayaşi, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurlan Tarık, antologiyanın tərtibçisi və redaktoru Cəmşid Bəxtiyar, yazıçı-tərcüməçi Kamran Nəzirli və başqaları kitabın iki xalq arasında mənəvi körpü olduğunu vurğulayıblar.