Xəbər verildiyi kimi, dekabrın 14-dən 18-dək Azərbaycan bəstəkarlarının IX qurultayı keçirilib.
   
   Qurultaya müxtəlif ölkələrdən tanınmış bəstəkarlar, musiqi xadimləri də dəvət olunmuşdular. Dekabrın 16-da onların bir qrupu dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin qonağı oldu. Qonaqlar “Koroğlu” operasının uvertürasının təntənəli sədaları altında bəstəkarın abidəsi önünə gül dəstələri düzdülər.
   Muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov qonaqları salamlayaq onlara muzeyin tarixi, böyük bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verdi.
   Sonra söz qonaqlara verildi. Rusiya və Tatarıstanın Xalq artisti, Tatarıstanın Bəstəkarlar İttifaqının sədri Rəşid Kalimulin muzeyin onlarda böyük təəssürat doğurduğunu bildirdi. Qeyd etdi ki, Üzeyir Hacıbəyli dünya miqyasında tanınan bəstəkardır: “Onun yaradıcılığı keçmiş SSRİ-nin digər xalqlarının musiqi tarixi üçün də az məna kəsb etmir. Üzeyir Hacıbəylinin tatar bəstəkarlarının klassiki və mənim müəllimim olan Nazif Jiqanovla yaxın dostluq əlaqələri olmuşdur. Şadam ki, uzun illərdən sonra bu evi ziyarət etmək mənə də nəsib oldu”.
   Ukraynalı qonaq Mixail Şved ürək sözlərini belə ifadə etdi: “Mənim üçün bu muzeydə olmaq çox xoşdur. Burada qəlbi riqqətə gətirən bir atmosfer vardır. Üzeyir Hacıbəyli həqiqətən dahi sənətkardır. Arzu edirəm ki, muzeydə uzun illər bu ruhu qoruyub saxlayasınız”.
   Özbəkistanın Xalq artisti Rustam Abdullayev qeyd etdi ki, Üzeyir Hacıbəyli bütün Şərq xalqlarının bəstəkarlarına professional milli musiqini necə yaratmağın sirlərini öyrədib.
   Sankt-Peterburqdan gələn bəstəkar Aleksandr Radviloviç də Üzeyir bəyin ruhu yaşayan evində olmaqdan qürur hissi keçirdiyini bildirdi.
   Gürcü bəstəkarı Rusudan Tsursiniya dedi: “Mən fəxr edirəm ki, dünya musiqi xəzinəsinə əvəzsiz incilər bəxş etmiş Üzeyir Hacıbəyli Gürcüstanın Qori şəhərindəki seminariyada təhsil almışdır və musiqi aləminə ilk addımlarını orada atmışdır. Azərbaycanın musiqi xadimlərinə isə demək istəyirəm siz xoşbəxtsiniz ki, Üzeyir Hacıbəyli kimi ustadınız var”.
   Tədbirdə Azərbaycan bəstəkarlarından Rauf Əliyev, Cahangir Zülfüqarov, Məmmədağa Umudov, Samir Əliyev də iştirak edirdilər.
   Çıxışlardan sonra söz musiqiyə verildi. Muzeyin direktoru Sərdar Fərəcov və başqa bəstəkarlar Üzeyir Hacıbəylinin ölməz musiqisindən nümunələr səsləndirdilər, disklərə köçürülmüş əsərlərindən fraqmentlər dinlədilər.
   Daha sonra qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış oldular. Muzeyin xatirə kitabına öz təəssüratlarını yazdılar. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən, ssenarisi bəstəkar Sərdar Fərəcova aid olan “Əbədi iftixarımız” adlı sənədli filmə tamaşa etdilər. Sərdar Fərəcov qonaqlara ev-muzeyinin bukletlərini hədiyyə etdi.
   
   Gülnarə Ələsgərova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya şöbəsinin müdiri