Cənubi Azərbaycan poeziyasında bir imza var - Həbib Sahir. Güney Azərbaycanın sağalmaz dərdlərini öz dərdi bilən, bənzərsiz yaradıcılığı ilə xalqın işıqlı sabahının sorağıyla nisgilli ömür sürən şair. Ana dili ilə yanaşı, Türkiyə türkcəsi, fars və ərəb dillərində əsərlər qələmə alan Həbib Sahir Güney ədəbiyyatımıza yeni nəfəs gətirib.

Həbib Sahir 1903-cü ildə Cənubi Azərbaycanın Tərk şəhərində dünyaya göz açıb. Sonra valideynləri Təbrizə köçür. Ancaq şəhər həyatı Həbibə uğur gətirmir, erkən çağdan atasını itirir. İlk təhsilini mollaxanada alır. Orta məktəb illərində Fransada təhsil alan şair Tağı Rüfətin şagirdi olur. O, Həbibdə Qərb ədəbiyyatına dərin maraq oyadır. Orta məktəbi başa vurduqdan sonra Türkiyəyə gedir, İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə qəbul olunur. Burada təhsil müddətində fransız dilini də öyrənir, bu dildə əsərləri mütaliə edir. Təhsilini başa vurduqdan sonra ana yurduna qayıdır. Fransız şairi Alfons de Lamartinin “Göl” poemasını Azərbaycan dilinə tərcümə edir.
Araşdırmalarda göstərilir ki, Tağı Rüfətin gənc Həbibə böyük təsiri olub. O da ədəbi yaradıcılığa ustadı kimi farsca başlayır. Ancaq qısa müddət sonra ana dilində əsərlər qələmə alıb.
Həbib Sahirin Azərbaycan türkcəsində yazmasında Güneydə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan (1945) milli hökumətin mühüm rolu olub. Milli hökumət qısa vaxt ərzində ölkədə bəzi islahatlar aparır. Xeyli quruculuq işləri həyata keçirir. Bütün bunlar Həbib Sahirdə bir coşqunluq yaradır. O, bütün gücü ilə Azərbaycan dilində yazıb-yaradır. Farsca yazan azərbaycanlı şair və yazıçıları kəskin tənqid edir.
Milli hökumət süqut etdikdən sonra (1946) o, müəllim işlədiyi məktəbdən xaric edilir, həbs olunaraq sürgünə göndərilir.
Şair inqilabi mübarizəyə səs verməmişdən öncə romantik şair kimi tanınıb. Sonralar Azərbaycan təbiətinin gözəlliyi və insanın belə bir gözəl təbiətdə yazıq şəkildə yaşaması onun şeirlərinin əsas mövzusuna çevrilir. Dünyanı qara romantik gözlə görən qələm sahibi millətinin, Güney Azərbaycanın dərdini öz dərdi bilib, poeziyasında görünməmiş bir işıq parlamağa başlayıb.
Həbib Sahir şah və mövcud rejimlə mübarizəyə qalxır. Ölkədəki durğunluğa, xurafata, ehkamçılığa qarşı sərt çıxışlar edir. Şeirlərində soydaşlarını azad və çağdaş bir millət olmağa səsləyir. Təbrizdə milli hökumət devriləndən sonra şah rejiminə qulluq edən həmkarları ilə barışmır, onlara qarşı sərt çıxışları ilə diqqəti çəkir. “Mən əsir ellərimin şairiyəm” adlı şeirində Güney Azərbaycan ziyalısının faciəsinə acıyan müəllif yazır:

Yanar əflakda minlərlə çıraq,
Bizə bir şam, bir avizə də yox.
Qovalarkən məni hər gün möhlət,
Qapımı döymədədi hər gecə qəm.
Hər azadə elin şairi var,
Mən əsir ellərimin şairiyəm...


Şair, demək olar ki, həyatını şahlıq üsul-idarəsinə qarşı mübarizəyə həsr edib. Ailə qurmayaraq ömrünü tənha başa vurub. Şair keşməkeşli əhvalını belə təsvir edir:

İstəməm nəxşü-nigarım qala, şeirim oxuna,
İstərəm bir gizli həsrəttək ürəklərdə qalam.
Unudarsa məni el, çəkməsə tarix adımı,
İstərəm Aytək, yurd üstə gecə şövq salam.


O, “Səhər işıqlanır” əsərində milli hökumətin süqutundan ötən dövrü nəzərdə tutaraq yazır ki, o qanlı və yaslı payızdan 32 payız keçib. Amma hələ yaralar sağalmayıb... Bununla belə soyuq güllər altında közlər qaldı... Uzun illərdən sonra, deyəsən, səhər işıqlanır...

Ana dili şirin olar,
Bizim türkü şirin dildir,
Xoş sədalı, zəngin dildir.
Dil günəşdir, işıq saçar,
Azadlığa qapı açar...


Bu, İranda şah rejiminin süquta getdiyi dövr idi, amma şairin arzuları yeni rejimdə də çin olmur.
Vətənsevər şair ömrünün son illərində də ədalətsizliklərlə qarşılaşır, hər addımda təqibə məruz qalır. Bütün bunlara dözməyən alovlu qələm sahibi 1988-ci ildə, 85 yaşında intihar edir.

Savalan Fərəcov