Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) tabeçiliyində olan mədəniyyət müəssisələrinin iştirakı ilə 2 Fevral - Gənclər Gününə həsr olunmuş gənc ifaçıların Bakı şəhəri üzrə festivalının baxış-müsabiqəsi keçirilib.
   İstedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq potensialının aşkarlanması məqsədilə təşkil olunan festivala 25 yaşadək ifaçılar qatılıb.
   H.Sarabski adına mədəniyyət evində reallaşan baxış-müsabiqədə BŞMTİ-nin şəbəkəsinə daxil olan 24 mədəniyyət müəssisəsinin özfəaliyyət ansambllarından 46 gənc ifaçı iştirak edib. Gənclərin xalq, bəstəkar mahnıları və muğam olmaqla, 3 janrda təqdim etdikləri ifalar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
   İfaçılar “Ən yaxşı ifa” nominasiyasında I, II, III dərəcəli diplom və qiymətli hədiyyələrlə, həmçinin 7 ifaçı və 3 ansambl həvəsləndirici fəxri fərmanlarla təltif ediləcəklər.
   Festivalın qaliblərinə mükafatlar fevralın 1-də Mərdəkan mədəniyyət sarayında Gənclər Günü ilə bağlı keçiriləcək qala-konsertdə təqdim olunacaq.