Parisdə Qarabağ münaqişəsi haqqında kitabın yeni nəşri

Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun “Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış” adlı kitabının Parisdə ikinci nəşri çapdan çıxıb. Fransanın “L’Harmattan” nəşriyyatında işıq üzü görən kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi real faktlar əsasında araşdırılıb.
Müəllif Dağlıq Qarabağın qədim keçmişini alban tarixşünaslığı və orta əsr ərəb mənbələri əsasında tədqiq edərək onun Qafqaz Albaniyasının ayrılmaz hissəsi olduğunu diqqətə çatdırır.
Qeyd olunur ki, Dağlıq Qarabağın yerli əhalisini Qafqaz albanları təşkil edib. Onlar uzun müddət öz kimliklərini qoruyub saxlayıblar. Dağlıq Qarabağ həmişə Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatının ayrılmaz hissəsini təşkil edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu il avqustun 15-də Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq şərtlərini qəbul etməsi və sovetləşmədən sonra, 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycan SSR-in tərkibində muxtariyyət statusunun verilməsinin tarixi kontekstləri geniş şərh olunur.
Kitabda 1991-ci ildə SSRİ-nin dağılmasından sonra baş verən proseslər siyasi və hüquqi müstəvidə araşdırılıb, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərarası xarakteri, Dağlıq Qarabağ erməni milli azlığının separatçılıq tendensiyalarının təbiəti təhlil edilib.


Amerika dramaturqunun pyesləri Azərbaycan dilində

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - Artur Millerin “7 pyes” kitabı işıq üzü görüb. “Tərcümə Mərkəzinin kitabları” seriyasında çapdan çıxan topluya görkəmli Amerika yazıçısı və dramaturqu, XX əsrin Şekspiri hesab olunan müəllifin ayrı-ayrı illərdə qələmə aldığı və yaradıcılığının müxtəlif istiqamətlərini ehtiva edən yeddi məşhur pyesi daxildir.
Artur Millerin (1915-2005) pyesləri dramaturgiya ilə nəsrin vəhdətində yazılıb. Əsərlərdəki dialoqlar obrazların daxili aləmini açmağa yönəlib. Demək olar ki, bütün pyeslərinin qəhrəmanları həyatda özünü tapa bilməyən, taleyin istehzasına tuş gəlmiş insanlardır.
Pyesləri Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar Əliyev çevirib.


“Oğul” kitabı oxuculara təqdim olunub

“XAN” nəşriyyatında şairə-publisist, Yazıçılar Birliyinin üzvü Zərəngiz Dəmirçi Qayalının “Oğul” kitabı çapdan çıxıb.
Kitabda müəllifin son dövrlərdə yazdığı “Qurtuluş savaşı - Çanaqqala”, “Kazım Qarabəkir Paşa”, şəhid Fariz Bədəlova həsr edilmiş balladaları, şəhid Elgün İsmayılov haqqında “Oğul” poeması, elegiya və şeirləri yer alıb.
Müxtəlif mövzulu 70-dən çox şeirdə şairənin yaşantıları, həyata, insanlara, dünyaya, doğma yurda sevgisi əksini tapıb. Nəşrin “Fəxrimiz, sərvətimiz olan uşaqlar üçün” bölməsində gələcəyimiz olan uşaqlara həsr edilmiş əsərlər yer alıb.