Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük nəşri olan "Xəzər" dünya ədəbiyyatı jurnalının cari ildə ilk sayı çapdan çıxıb.
Jurnalın bu sayında "Nobel kürsüsü" rubrikasında - Tomas Mannın “Venesiyada ölüm” hekayəsi, “Azərbaycan ədəbiyyatı”, “Bəşəri poeziya” bölmələrində Zahid Sarıtorpaq və Geri Snayderin şeirləri, “Məktublar” rubrikasında isə məşhurların sevgi məktubları yer alıb.
Həmçinin nəşrdə müxtəlif rubrikalarda Daniil Xarmsın “Yaşıl dəftər” silsiləsindən hekayələri, Jentil Markeşin “Portuqaliya əfsanələri”, Erik-Emmanuel Şmittin “Oskar və Çəhrayı xanım” romanı, Şəms Təbrizinin “Sufilər üçün qırx qızıl qayda” və Haruki Murakaminin “Küləyin nəğməsini dinlə” əsəri verilib.
Jurnalda rus poeziyasından Yevgeni Yevtuşenkonun şeirləri, yapon ədəbiyyatından seçmə hekayələr və digər maraqlı yazılar da təqdim olunub.