Ənvər Əlibəylinin 100 illiyinə həsr olunmuş tədbir

Aprelin 12-də Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli şair Ənvər Əlibəylinin 100 illiyi ilə bağlı “Gənclik və gözəllik şairi” adlı tədbir keçirildi.

Tədbiri kitabxananın əməkdaşı Aygün Əliyeva açaraq şairin həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Ənvər Əlibəyli 1916-cı il aprelin 1-də Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. Azərbaycan radiosunda, mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədri (1964-1968) işləyib. Şair haqqında düşünərkən gözlər qarşısında bir nəğməkar insanın ömrü gəlib keçir. O, bənzərsiz şeirləri ilə poeziya çələngimizi gözəlləşdirib.
“Mədəniyyət” qəzetinin əməkdaşı Tahir Abbaslı çıxış edərək Ənvər Əlibəylini hələ tələbəlik illərindən tanıdığını bildirdi. Qeyd etdi ki, o xatirələr içində çox ciddi, bəzən hətta rəsmi-zəhmi notlularıyla bahəm, yumor ruhlu xatirələr də var. Deyirlər, onun hətta işçiləri danlaqlarında belə poetik notlar dramatik taktları üstələyirmiş...
Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə çıxış edərək xatirələrdən söz açdı. Qeyd etdi ki, Ənvər Əlibəyli müharibə həyatı yaşayıb. “Atam Böyükağa Qasımzadə, Zeynal Cabbarzadə onunla bir yerdə döyüş yolu keçib və bu mövzu onların yaradıcılığında əksini tapıb. O, Vətən torpağının füsunkar gözəlliyinin tərənnümçüsü idi. Onun həzin şeirlərinə görkəmli bəstəkarlarımız Rauf Hacıyev, Cahangir Cahangirov, Səid Rüstəmov və başqaları yaddaqalan mahnılar bəstələyib. “Azərbaycan”, “Sevgilim”, “Gəlmədin”, “Xəzərim” və s. mahnılar musiqi xəzinəmizin parlaq səhifələrini təşkil edir.
“Mədəniyyət” qəzetinin əməkdaşı Savalan Fərəcov sənətkarın yaradıcılığından danışdı. Bildirdi ki, Ənvər Əlibəyli 52 il ömür sürüb, bu zaman kəsiyində könüllərdə əsrlərlə yaşayacaq əsərlər yaradıb. O, təbiət etibarilə lirik şair olub və ömrünün sonunadək bu yaradıcılıq amalına sadiq qalıb.
Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Fərrux Məmmədov dedi ki, Ə.Əlibəyli bu gün gənclər tərəfindən sevilə-sevilə oxunur və gələcəkdə də belə olacaq.
AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, filologiya elmləri doktoru, şairin qızı Şəfəq Əlibəyli atası ilə bağlı xatirələrini bölüşdü, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi, şairin “Sevgilim” şeirinə bəstələnən mahnı klipinin diskini kitabxanaya və tədbir iştirakçılarına hədiyyə etdi.