“Sağa-sola” işlədilən qafil və qabil qafiyələr şairlərindən - Məmməd Rahim...

Görəsən, o vaxtlar “Hər bir bağın bağbanı var, Hər aşiqin dövranı var” deyən bu şair bunun da fərqindəymişmi ki, elə hər (özü kimi) şairin də dövranı olur?..
Əjdahası, divi, cin-şəyatini ceyran-cüyüründən, qurd-quşu quzusundan daha çox olan dövranların diktəsindən boyun qaçıranların sayı, elə elələrindən biri olmuş şair demişkən “ya bir olur, ya iki”...


Bu yazının başlığına çıxardığım fikir də, elə həmin o “ya bir olar, ya iki”lərdən birinə - ömrünün son və xəstə günlərində belə “Sabir poeziya günləri”nə rəhbərlik edən rəhmətlik Rəsul Rzaya aiddir. Heykəl önünə qoyulmuş stulda gücnən oturub, “Mirzə Ələkbər dönməz-ölməzliyi”ndən söz açan şair fikrini belə tamamladı: “Heç bir Zaman amansızlıqdan tam xali ola bilməz. Lakin hər bir zəmanədə sözü dedirdən bir Kimdirsə, sözü deyən də bir Kim olduğunu unutmamalıdır...”
Növbəti natiq isə xəstə şairimizin səhhət-ovqat xoşluğu üçün, onun... “bilmirəm” hansısa çağdaşı ilə ilgili bir xatirəni xatırlatdı. Belə ki, hələ repressiya illərinin qanı qurumamış çağlarda tribunada “rəhbəri-məsuli” - “ambari-məhsuli” qafiyəli (heca vəznli) bir şeirilə çıxış edən o “naməlum” şair sonda bərk təntiyib fikrini çaşdırır və salondan belə bir replika: “Alə, bu duxnan bəgənmirsən Rəsuli?!”
Bunları (və buna bənzər saysız olayları), müstəqilliyimizin ilk illərində qoşulan “xalq ritorikalı” bir beytlə desək, “Ay nədəndi-nədəndi, Hamısı zəmanədəndi” hesab edək, davamını sonraya saxlamaq şərtilə, ab-havanı dəyişək deyibən -

Keçək mətləbə

Şeir-sənət dünyasına bəxtsiz (əslində, vaxtsız) doğulmuş Məmməd Rahim - 1907-ci il aprelin 20-də Bakıda anadan olmuş Hüseynov Məmməd Abbas oğlu - müasir oxucu kütləsi tərəfindən birmənalı qarşılanmasa da, Azərbaycanın məhsuldar-məşhur şairi, dramaturqu, tərcüməçisi, Dövlət mükafatı laureatı və... sovet-sosialist ictimaiyyətinin görkəmli xadimi olub.
Atasının kiçik sahibkar olması faktı bu gəncin istedadı ilə sənət-şöhrət karyerası arasında maneələr yaradıb. İlk şeir və kitabı ilə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilməsi arasında 8-10 illik müddət fərqi olub.
On yaşında ikən atasını itirmiş Məmməd böyük qardaşının himayəsində yaşamalı olub. Azərbaycan Pedaqoji İnstitutunun şərqşünaslıq fakültəsinin tələbəsiykən Azərnəşrdə tərcüməçilik edib. “1-ci Bakı beşillik sovet məktəbi”ndə pedaqoji fəaliyyətə başlayıb. 1926-cı ildə “Gördüm” başlıqlı ilk şeiri, 1930-cu ildə isə “Arzular” adlı ilk kitabı çap olunub. Dövri mətbuatda fəal çıxışları ilə seçilib, 1941-46-cı illərdə Yazıçılar İttifaqının şeir bölməsinin rəhbəri, təşkilat katibi olub. Müharibədən sonra yalnız ədəbi yaradıcılıqla məşğul olduğu səbəbilə bir müddət heç yerdə işləməyib. O dövr oxucularına, daha çox, “Xaqani” mənzum dramı, “Natəvan”, “Leninqrad göylərində” və s. poemaları, “Arzular”, “İkinci kitab”, “Partizanın tüfəngi”, “Nübar”, “Arzu qız”, “Vətən sevgisi”, “Ölməz qəhrəman”, “Xəzər sahilində”, “Abşeron torpağında”, “Sevgi”, “Balaca bağbanlar”, “Məhəbbətin baharı”, “Tonqal başında” və başqa kitabları, Rustaveli, Petefi, Tvardovski, Blok, Şiller, Puşkin, Lermontov və başqalarından etdiyi tərcümələrilə tanınıb. Əsərləri keçmiş SSRİ xalqları və bir sıra xarici ölkə dillərinə tərcümə edilib. Digər bir çox orden-medallarının adlarını çəkməsək də, artıq unudulmaqda olan “proletariatın dahi rəhbəri”nin ruhu xatirinə, iki dəfə layiq görüldüyü “Lenin ordeni”ni yada salmalı...
Ölümünə qədər “Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir” demiş bu şair 1977-ci il mayın 6-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Və yuxarıda vəd verdiyim -

Mətləbardı...

Məmməd Rahimi Dövran şairi adlandıranlar da var. Əslində, bir-iki milli Qələmli, özgür düşüncəli ədiblərimiz istisna edilməklə, sovet dövrünün Dövrançısı olmayanımız olmayıb və hətta onlar içərisində “beləlikliyi” ilə daxilən də fəxr edənlər vardı. Sosializmin ilk illərində “diktat”ik hakimiyyətə sahib olduqlarını zənn edən fəhlə və kəndlilər isə bu dövrançıları yepyeni tərənnüm-tərəqqiçi, vəsfi-hal müğənniləri kimi görürdülər...
Bu qənaətimin nüvəsindəki xeyli eyhami notlara baxmayaraq, deyim ki, iyirminci əsrin məlum yetmiş ilinə “ilişki”li Azərbaycan poeziyasının diri-dinamik və poetik pafos uğurları məhz həmin “dövrançı”larla bağlıdır. İlk şeirini yazdığı gündən ta ömrünün sonunadək sovet məsləkindən dönməyən Məmməd Rahimi isə, S.M.Kirovun ölümünə yazdığı “Oyan, Mironiç, oyan, Oyan, şanlı qəhrəman!”, “böyük bacı”larına (“böyük qardaş”larına yazıb doyduqdan sonra) həsr etdiyi “Nataşa vurulmuş gicgahından, Buludlara girir ay - anasının ahından”, özünün bu qəbil şeirlərini vəsf etdiyi “Gecələr çıraq kimi alışsın misralarım - Kolxozçu qardaşımın aynabənd mənzilində” kimi misralarından dolayı, həmin pleyadanın bayraqdarlarından saymaq olar...
...İndilər, bu şairin bir vaxtlar özünü məşhurlaşdırmış, özgələri (dövran oxucularını!) səcdə-vəcdə gətirmiş bu kimi misralarına, düjün-düjün bəndlərinə ötəricə də bənd olan bir bəndə yox...
Lakin... yaşasın hər bir ürəkdəki (xüsusən, şairlərin qəlbindəki!) mütləq-milli yatır, “yatmış şir” görəvli duyğu və həmişə “əbədi” önlüyü ilə vurğulanan sevg-məhəbbət! Həmin duyğular o vaxtlar daha çox sovetizmə yönəli “altruist” şairlik etmiş Məmməd Rahimi də bu günlər gəldi-gedər turist sənətkarlığından xilas edir. Məsələn;

İpəkdir, qumaşdır sən işlədiyin,
Yarın xəncəridir - gümüşlədiyin.
Hərdən acıqlanıb o dişlədiyin
Qızarmış dodağın olaydım, ay qız.

Rahim əl çəkərmi öz diləyindən,
Ölüb-qurtarmadıq yar gileyindən,
Hərdən asılmaqçün ağ biləyindən
Bir qızıl qolbağın olaydım, ay qız!..


Gümanımca, hörmətli oxucularım bu misralarda axan lirikanı eşitməklə bərabər, görürlər də. Sözümün qəribçiliyə salınmaması üçün şair Səməd Vurğunla tənqidçi Məmməd Arifin müştərək bir qənaətini xatırladıram: Məmməd Rahim poeziyası haqda danışmaq lirika haqda danışmaq deməkdir...
Bu məqamda “yeri gəlmişkən” seriyasından bu şairin daha bir neçə lirik (və bir anti-teotik) etüdünü təqdim edim:

Sənə “sev” deməyə nə cürətim var,
Səndən, yar, sənə, yar, şikayətim var...
* * *
Gözəlim, başına dönür fələklər,
Sevgi dünyasında sultansan, nəsən?
Ətrin məst eləyir aşiqlərini -
Yoxsa qızıl gülsən, reyhansan, nəsən?
* * *
Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi - səni xəlq eləyəndə...


Belə oyur-oynaq ifadələrdən, lirik “evrika”lardan sonra, öz dövrünün “baş siyasi vəsfkarı” kimi hallandırılan və ismin bir çox hallarında qınanan bu şairin yaradıcılığını yalnız “arxiv ədəbiyyatı” adlandırmaq düzgün rəydirmi?..
Həm də bu şairə tək elə “gözəllərin təsvir-təzimində” olan aşiq kimi də baxmaq olmaz. Bu sənətkarın “Nə qaradır gözlərin - dağlardakı qar kimi, Necə göydə parlayan ulduza oxşarın var” kimi filosofluğu, məntiq-mənadarlıqları da var. Məsələn, ilk baxışçün, necə yəni “Nə qaradır gözlərin - dağlardakı qar kimi”?! Bəs, ikinci baxışda? Aha, heç bir iz-toz düşməmiş dağlardakı qar necə ağappaqdırsa, sənin - heç bir bio-fiziksəl ləkə, mənəvi-psixoloji mənfilik düşməmiş gözlərin də eləcə - tərtəmizdir!..
İkinci Dünya müharibəsinin az qala poetik gündəliyini yazmış Məmməd Rahimi “müharibə şairi” adlandıranlar da var və mən bu yazımı onun bu mövzulu şeirindən bir bəndlə bitirmək istəyirəm:

Dedim: o kişilər ki, alır əsgər qadını,
Qoy yaxşıca qorusun öz təzə arvadını;
Səngərdəki əsgərə göstərməyən sədaqət,
Onun da sevgisinə bir gün eylər xəyanət...


Tahir Abbaslı