İyunun 24-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Kamera və Orqan Musiqisi Zalında ABŞ-da yaşayan həmvətənimiz, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberqin konserti olub. Konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək ifaçı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirən ifaçı bir çox nüfuzlu müsabiqələrin iştirakçısı olub.
Sonralar Hollandiyada təhsil alan Cəmilə Cavadova-Spitsberq Avropada, ABŞ-da konsert proqramları ilə çıxış edib. O, Azərbaycanda musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqanistdir. Gözəl zövqə malik olan sənətçinin ifası özünün ekspressivliyi, ahəngi, eyni zamanda, intellektual və stilistik üsluba dəqiq riayət etməsi ilə fərqlənir.
Hazırda musiqiçi Texas ştatının Dallas şəhərində yaşayır və şəhərin universitetində professor-mühazirəçi kimi çalışır. Eyni zamanda, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir. Dünyanın bir çox nəşrlərində məqalələri dərc olunub.
İfaçının repertuarına İ.S.Bax, F.Mendelson, R.Şumann, S.Frank, J.Alain kimi Qərb bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. O, Qara Qarayevin, Tofiq Quliyevin, Nazim Əliverdibəyovun əsərlərindən ibarət tələbə konsert gecələrini təşkil edir.
Sənətçi doğma şəhərdə konsertini anası Gülşən Cavadovanın xatirəsinə həsr edib. İfaçı tamaşaçıların qarşısına həmkarları Rasimə Babayeva (orqan), Şirzad Fətəliyev (tütək), Emil Əfrasiyab (piano), Malik Mansurov (tar) və Oya Ergün (vokal) ilə bərabər çıxıb. Gecədə V.A.Motsart, İ.S.Bax, D.Şostakoviç və digər xarici bəstəkarların, habelə Qara Qarayev və Vasif Adıgözəlovun əsərləri səsləndirilib.