Son vaxtlar Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii orqanlarının zəif nəşr olunması barədə mətbuatda vaxtaşırı müxtəlif yazılar dərc olunur. Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Ədəbiyyat qəzeti”nin həddindən artıq zəif çıxması ilə bağlı açıqlamaları isə bu narazılıqların artıq AYB rəsmiləri tərəfindən də nəzərə alındığını göstərir.
   
   AYB-nin orqanı olan “Azərbaycan” jurnalının da vəziyyyəti o qədər ürəkaçan deyil. Jurnalın bu yaxınlarda mart sayı işıq üzü görüb (vaxtından az qala bir ay gec). Jurnalın təkcə elə “Bu sayımızda” başlığı ilə verilən mündəricatına baxmaq kifayətdir ki, onun müasir həyatdan və ədəbi prosesdən nə qədər uzaq olduğunu görəsən. Məsələn, Ş.Abdullayeva - “Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusunda yazılmış ilk əsər”, İ.Mövləli - “Əsli və Kərəm” dastanı: tarixi reallıqlar təsəvvüf kontekstində”, F.Xəlilov - “Mirzə Əli Möcüzün vəfatı tarixi və məzarı haqqında bəzi qeydlər”, P.Kərimov - “XVII əsrdə Azərbaycan-özbək ədəbi əlaqələri”, A.Tağıyev - “Süleymana qalmayan dünya”, T.Salamoğlu - “İsmayıl Şıxlı və milli-tarixi varlığımız”, V.Yusifli - “Səməndər quşu”. Ümumən götürəndə bu yazıların bəziləri hansısa həqiqəti, faktı açıqlaya bilir. Amma jurnalın az qala yarısını ədəbiyyat tarixi ilə bağlı yazılarla doldurmaq nəşrin aktuallıq və carilik tələbinə ziddir. Elə bil ki, bu jurnalın müasir prosesə heç bir aidiyyəti yoxdur.
   Jurnaldakı bədii yazıların da səviyyəsi ürəkaçan deyil. Dərginin təkcə bu sayı yox, əlimə düşən istənilən sayını vərəqləyəndə həmişə ürəyimdən bir fikir keçir ki, görəsən, jurnalın seçim meyarı nədir? Düz üç saydır ki, burada Z.Yaqubun “Peyğəmbər” poeması dərc olunur. Həddindən artıq uzun, darıxdırıcı poemada İslam tarixindən hamıya məlum olan faktlar sadalanır. Bilmirsən ki, müəllifin tarixi hadisələri, məlum faktları nəzmə çəkməkdən məqsədi nədir və jurnal ona belə səxavətlə yer ayırmaqla ədəbiyyatımıza hansı xidməti göstərir.
   
   Qan axır, qan!
   Min illərdir qanlar axır
   Milyonların yarasından!
   İlk axan qan
   Habil-Qabil arasında
   Düşən qandı,
   Ürəkləri sızıldadıb,
   Könülləri deşən qandı.
   
   İlk qan Qabil tərəfindən tökülüb, o, qardaşı Habili öldürüb. Orta məktəb şagirdinə də məlum bu faktı oxucuya bir daha xatırlatmağın poeziyaya nə dəxli var? Amma təkcə bu üç-dörd misra olsaydı, dərd yarıydı. Poema başdan-başa belə “tarixi kəşflərdən” ibarətdir.
    Bundan başqa “Poeziya” rubrikasında Nisəbəyim, Mahcamal, Şövkət Zərrin Horovlu, Xatirə Fərəcli, Tərlanın şeirləri dərc olunub. Şeir adı ilə təqdim olunmuş yorğun, tapdalanmış, min dəfə işlənmiş sözləri, qafiyələri, təşbehləri oxuduqca adamın qulağı döyənək olur. Bəzən isə şairin nə demək istədiyi belə aydın olmur. Məsələn,
   
   Vətən, hər parəsini, Mahcamal, ahəstə sevir,
   O fikir cəm ola ölkəm məni tərk eyləməyir.
   
   Sizi bilmirəm, mən nə qədər elədimsə, bu sözlərdən bir məna çıxara bilmədim. Mən qəzəl janrının əleyhinə deyiləm. Amma Mahcamalın jurnalda dərc olunan yazıları qəzəl yox, olsa-olsa oxucuya qəzəl oxumaqdır.
   Jurnalın bu sayında dərc olunmuş “poeziya” nümunələrində ümumən qulağa təzə gələn, ürəyə təsir edən, beynə qida verən bir misra da tapmaq olmur. Öz-özünə düşünürsən ki, görəsən, müasir Azərbaycan şeirinin səviyyəsi, doğrudan bu gündədir?
   “Debüt” rubrikasında N.Nəbiyevanın dərc etdirdiyi “Tövbə” hekayəsi həvəskar qələm məşqi səviyyəsindən o yana keçmir. Nə “Debüt” rubrikası, nə də müdrik düşüncələrə dalmış müəllifin filosof pozasındakı şəkli belə zəif bir yazının “Azərbaycan” kimi ədəbi orqanda dərcinə bəraət vermir.
   Tərcümə nümunələri kimi yazıçı Məmməd Orucun çevirməsində xantı yazıçısı Yeremey Aypindən “Çay yanvar ayında” hekayəsi və tənqidçi Əsəd Cahangirin tərcüməsində rus alimi İrina Nikitinanın “Postmodernist sənət” məqaləsi dərc olunub. İnsafən, hər iki tərcümənin səviyyəsi qənaətbəxşdir. Amma “Azərbaycan” jurnalı dünyanın aktual mövzulu əsərlərini bir kənara qoyub o qədər də tanınmayan bir Sibir yazıçısını dərc etməklə nə demək istəyir? Tərcüməçinin ön sözü bu seçimin səbəbini açır. Sən demə, xantı yazıçısı onun gənclik dostuymuş.
   Ə.Cahangirin postmodernizmlə bağlı tərcüməsi mövzuca aktual və razılıq doğuran səviyyədədir. Amma bəzən o, konkret əsərlərin adlarını tərcümədə qüsurla çevirir. Məsələn, “D.Fokkema və U.Ekoya görə, postmodernizmin ilk təzahürlərini hələ Coysun “Finneqansayağı təziyə” (1939) əsərində görmək olar. Coysun əsərinin adının dəqiq tərcüməsi isə “Finneqanın yası”dır.
   Jurnalı vərəqləyirəm və düşünürəm ki, bu jurnalın ötən saylarının aylardan bəri köşklərdə yığılıb qalması tamamilə təbiidir. Axı oxucunu maraqlandırmayan, onun tələbatına cavab verməyən bir jurnala manat yarım pul vermək indiki zamanda kimə lazımdır?   

   Sabutay