Amerika Birləşmiş Ştatlarında və Almaniyada

ABŞ-ın San-Fransisko şəhərində Kronos festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirilib ki, məşhur “Kronos” kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.
Kvartetin “Gələcək üçün əlli” adlı eksklüziv proqramı üçün bəstələnən əsər Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.
San-Fransisko Caz Mərkəzində keçirilən konsertdə iştirak edən ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun əməkdaşı Ramin Əliyev Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyi ilə ABŞ-ın Sietl şəhərində yaradılan “Kronos” kvarteti fəaliyyətini 1978-ci ildən San-Fransiskoda davam etdirir. Ötən müddətdə qrup bir sıra mükafatlara, həmçinin musiqi üzrə ən nüfuzlu “Qremmi” mükafatına layiq görülüb.
* * *
Firəngiz Əlizadənin musiqisi Almaniyanın Leypsiq şəhərində “Leypsiq müasir musiqi forumu” tərəfindən təşkil edilən və dünyanın ən böyük birgə bəstəsi olan “125 Party Pieces” adlı konsert proqramında da səslənib.
Konsert proqramına daxil olan musiqilər Qerhard Müller-Qoldbumun rəhbərliyi ilə “Work in progress - Berlin” orkestri tərəfindən ifa olunub.
Müasir avanqard janrının tanınmış nümayəndəsi, amerikalı bəstəkar və filosof Con Keycin 100 illiyinə həsr olunmuş layihədə ABŞ və Almaniyanın 100 bəstəkarı iştirak edib.
Layihəyə hazırlıq 2010-cu ildən başlanıb və bununla əlaqədar Almaniya və ABŞ-da yaşayan tanınmış bəstəkarlara müraciət edilib. Layihənin ABŞ üzrə təqdimatı 2015-ci ildə Nyu-York şəhərində, Avropa üzrə təqdimatı isə bu ilin yanvarında Leypsiq şəhərində keçirilib. Bütün dünya üzrə bu layihə üçün seçilən 100 bəstəkarın sırasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti” fəxri adının daşıyıcısı, professor Firəngiz Əlizadə də var. Bəstəkar bu möhtəşəm layihənin Avropa premyerasında iştirak edib.
Yeri gəlmişkən, Almaniyanın Coburg şəhərində “Landestheater” səhnəsində 2015-ci ilin noyabrından Volfqanq Amadey Motsart, Con Lennon, Pol Makkartni və azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin bəstələrindən ibarət “Gizli hadisələr” adlı balet təqdim edilir. Orijinallığı ilə seçilən balet parlaq cərəyanların birləşməsi olaraq hazırlanıb.
“Gizli hadisələr” baletinin nümayişində professor Firəngiz Əlizadə fəxri qonaq kimi iştirak edib. Baletin nümayişindən sonra Firəngiz Əlizadə tamaşaçılara təqdim edilib və gurultulu alqışlarla qarşılanıb. Azərbaycanlı bəstəkardan gələcək layihələrdə əməkdaşlığı davam etdirməsi xahiş olunub.