Oktyabrın 22-də Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Əhməd Həmdi Tanpınara həsr olunmuş tədbir keçirilib. Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım XX əsrin böyük realist və modern türk yazıçısı, şairi Əhməd Həmdi Tanpınarın yaradıcılığından söhbət açıb.
Bildirib ki, Türkiyə Cümhuriyyətinin qurtuluş illərində Osmanlı mədəni mirası və müasir Qərb mədəniyyətinin sivil ehkamlarından bəhrələnən yazıçı ədəbiyyatın bir çox janrlarında yazıb-yaradıb. Dövrünün tanınmış ziyalılarından olan Ə.H.Tanpınarın əsərləri 30-dan çox dilə tərcümə edilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru Səlim Babullaoğlu və başqaları Yunus Əmrə İnstitutu tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” esse müsabiqəsinin əhəmiyyətindən danışıblar.
Xatırladaq ki, müsabiqə Türkiyənin məşhur yazıçısının yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədilə keçirilir. Müsabiqəyə esse qəbulu noyabrın 15-dək davam edəcək. Esselərin həcmi 7-10 min işarə olmalıdır. Yazılar tanpinarbaku@gmail.com elektron ünvanına göndərilməlidir. Nəticələr dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq. Beş nəfər qalib Türkiyəyə səyahət paketi ilə mükafatlandırılacaq.
Tədbirin sonunda Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabı iştirakçılara paylanıb.