“Jara” Beynəlxalq Musiqi Festivalı unudulmaz anlarla yadda qaldı

İyulun 9-10-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində ilk dəfə “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı keçirildi. Festival paytaxt musiqisevərlərinə Azərbaycan, Qazaxıstan, Ukrayna və Rusiyanın tanınan, sevilən müğənnilərinin rəngarəng ifaları ilə unudulmaz anlar yaşatdı.

9 iyul, günorta. Festivalın başlanmasına hələ bir neçə saat var. Festivala akkreditə olunmuş jurnalist həmkarlarla möhtəşəm musiqi axşamına hazırlığı müşahidə edirik. Şıltaq xəzrinin müşayiəti ilə Xəzərin sahilində qurulan səhnə. Burada qızğın iş prosesinin şahidi oluruq. Festivalın yayımlanacağı Rusiyanın “1-ci kanal”ı və Azərbaycan Dövlət Televiziyasının (AzTV) operator və rejissorları ərazi ilə tanış olurlar. Rejissor qrupunun göstərişi ilə müğənnilər növbəylə səhnəyə çıxaraq məşq edirlər. Məşqləri ərazidə yaşayanlar və hoteldə dincələn qonaqlar da rahatca seyr edə bilirlər.

Mətbuat nümayəndələri ilə görüş

Festivalın təşkilatçılarından bəstəkar, müğənni Emin (Ağalarov), Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov, “A"Studio” qrupunun rəhbəri Bayqali Serkibayev, müğənni Filip Kirkorov və başqalarının iştirakı ilə mətbuat konfransı keçirildi.
Emin çıxış edərək festivala verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və ailəsinə, həmçinin tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, festivalı canlı izləyə bilməyənlər bu möhtəşəm konsertə Rusiyanın “1-ci kanal”ı və AzTV vasitəsilə baxmaq imkanı qazanacaqlar: “Ümumilikdə festivalda 500-dək qonaq iştirak edəcək. İki gün ərzində sizləri Rusiyanın ən yaxşı artistlərinin parlaq musiqi nömrələri və möhtəşəm festival əhvalı gözləyir”.
Emin onu da əlavə etdi ki, tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. “İsti günlər” festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar. Düşünürük ki, bu festival hər il keçirilsin. Uzun fasilədən sonra Bakıda belə bir festivalın keçirilməsi böyük maraq yaratdı. Builki proqram iki gün üçün nəzərdə tutulub. Lakin gələn il festivalın daha artıq müddətə keçirilməsini təşkil edə bilərik”.
Sergey Kojevnikov festivalın heç kəsi laqeyd qoymayacağını, musiqiçilərin və artistlərin tamaşaçılara unudulmaz anlar yaşadacaqlarını dedi. Vurğuladı ki, festivala müxtəlif ölkələri təmsil edən iştirakçılar qatılıblar. Bu isə tədbirin mədəni həyatda əlamətdar hadisəyə çevriləcəyini təsdiqləyir. S.Kojevnikov bildirdi ki, festival ən yüksək standartlara uyğun təşkil olunub: “Buna görə də əminik ki, bu dostluq bayramı Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və əlamətdar hadisəyə çevriləcək”.
Qriqori Leps festival iştirakçılarına uğurlar arzuladı, hər kəsin festivaldan zövq alacağına ümidvar olduğunu bildirdi. Qazaxıstanlı musiqiçi və bəstəkar Bayqali Serkibayev dedi ki, bu festival hər bir dinləyiciyə hərarət, təbəssüm bəxş edəcək. Dəfələrlə Bakıda konsert verdiklərini diqqətə çatdıran musiqiçi festival zamanı bütün sevilən müğənnilərin Bakıda toplanmasını əlamətdar hadisə kimi dəyərləndirdi.
Filip Kirkorov festivalın ənənəyə çevriləcəyinə ümidvar olduğunu söylədi, “Harada musiqi var, orada sevgi və dostluq var” fikrini vurğuladı.

“Mavi əbədiyyət”in yaratdığı coşqu

Budur, Xəzərin küləkli sahili, işıqların sayrışdığı möhtəşəm səhnə. Festival məşhur musiqiçilərin qırmızı xalı üzərindən keçidi ilə başladı. Aparıcı Murad Dadaşov Yana Çurikova və Andrey Malaxovu səhnəyə dəvət etdi və festival “Rast” qrupunun çıxışı ilə start götürdü.
Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli müğənni və bəstəkar Polad Bülbüloğlu ifasından öncə dedi: “Azərbaycanın Rusiya Federasiyasındakı səfiri kimi festivala gələn həmkarlarımı, dostlarımı salamlayıram. Biz Xəzəri xeyirxahlıq, dostluq, mehriban qonşuluq dənizi hesab edirik. Mən bu gün Rusiyanın ən məşhur ulduzlarına uğurlar arzulayıram. Azərbaycana xoş gəlmisiniz”.
Festivalın ilk günü Diana, A-DESSA, Katya Lel, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina və başqaları bir-birindən maraqlı ifaları ilə iştirakçılara xoş anlar yaşatdılar.
Sonda müğənnilər festivalın himninə çevriləcək “Jara” mahnısını birlikdə ifa etdilər.

Festivalın ikinci günü

Festivalın ilk gününün konsertinin gecəyarıyadək davam etməsinə baxmayaraq, növbəti gün səhər tezdən bütün işçi heyət - rejissorlar, səs operatorları, texniki işçilər, təşkilatçılar, ifaçılar, rəqqaslar iş başında idilər. Tamaşaçıları daha bir unudulmaz şou gözləyirdi.
İkinci gündə də qırmızı xalının üstündən keçən musiqiçilər, eləcə də festivalın təşkilatçıları pərəstişkarları ilə fotolar çəkdirdilər, jurnalistlərin suallarını cavablandırdılar.
Festivalın ikinci gününün konserti Anna Sedokova və Ciqanın ifası ilə açıldı. Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra tamaşaçıları “Miracle” mahnısı ilə sevindirdi. Sonra “Arsenium”, “Serebro” qrupları, Emil Kadırov, Denis Klyaver, Mitya Fomin, Tünzalə Ağayeva, Stas Mixaylov çıxış etdilər. Daha sonra Emin, Keti Topuriya, Nikolay Baskov, Loboda “Nastroyeniye AMOR” mahnısını birgə ifa etdilər.
Rusiya estradasının kralı Filip Kirkorov tamaşaçıların qəlbinə həm də Azərbaycan dilində danışması ilə yol tapdı. O, ifa etdiyi mahnının adını da dilimizə tərcümə etdi, rus dilində isə “Bakı, mən sənin uğrunda ölərəm” söylədi. Tamaşaçılar isə Filip Kirkorovla birgə mahnı oxudular.
“A"Studio” qrupu, Tomas Nevergreen, Yeva Polna, Revva, Valeriya, “A-DESSA”, “Pitsa” qrupları, Ani Lorak, “M BAND”, Lolita, “Band"eros”, Aleksey Vorobyov, Yulianna Karaulova, Narqiz Zakirova, “Vremya i steklo” dueti, “Burito” qrupu, Potap və Nastya dueti, Sergey Lazarev, Qriqori Leps, Timati, Nyuşa, Elina Çaqa və başqalarının çıxışları da hərarətlə qarşılandı.
Qriqori Leps, Emin, Nikolay Baskov və Aleksey Vorobyov dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısını ifa etdilər.
Aparıcı Yana Çurikova “Jara” festivalının uğurla baş tutduğunu söylədi, bu musiqi bayramının təşkilinə verilən dəstəyə görə Azərbaycan Prezidentinə və xanımına təşəkkürünü bildirdi.
Musiqi bayramı Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla başa çatdı.
Bakıda ilk dəfə keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı ikigünlük işini uğurla tamamlayaraq tarixə qovuşdu. Gələn ilin isti günlərində rəngarəng musiqi sədaları altında görüşmək ümidi ilə...



Musiqi körpülər yaradır

Festivalın gedişində fürsət tapıb ifaçıların bir neçəsi ilə görüşüb təəssüratlarını öyrəndik.

Qriqori Leps (Rusiya):
- “Jara” bu gün postsovet məkanının ən əsas yay musiqi festivalına çevrilir. Bakı tamaşaçıları qarşısında çoxsaylı sevilən estrada müğənniləri iştirak edir. Hesab edirəm ki, bu festival hər il öz möhtəşəmliyi ilə yadda qalacaq.

Sergey Kojevnikov (Rusiya):
- Belə festivallar böyük zəhmət tələb edir. Ümid edirik ki, ilk festival uğurlu alınacaq. Hər il təşkil ediləcək bu musiqi bayramında Rusiya, Qazaxıstan, Ukrayna və digər respublikaların sənətçiləri iştirak edir. Bakıda təşkil edilən bu festival Rusiya və Azərbaycan dostluğunun nümunəsidir.

Ani Lorak (Ukrayna):
- Hesab edirəm ki, 2012-ci ildə Bakıda təşkil edilən “Eurovision” yarışmasından sonra bu festival öz möhtəşəmliyi ilə yadda qalacaq. Bakı dinamik şəhərdir. Biz hər zaman burada gözəllik və şənliklərin şahidi oluruq.

Filip Kirkorov (Rusiya):
- Bu gün o qədər gözəl hisslər yaşayırıq ki. Mənim ömrüm boyu Gürcüstan və Azərbaycanda dostlarım olub. Dostluğu həmişə qorumaq lazımdır. Musiqi olan yerdə dostluq və sevgi var. Bu gün sevimli şəhərim Bakıda olduğuma görə məmnunam və çox şadam.

Polina Qaqarina (Rusiya):
- Bakı dəyişib və çiçəklənməkdə davam edir. “Eurovision” manhı müsabiqəsi zamanı burada konsert proqramı ilə çıxış etmişəm. Bu gün ailəmlə yenidən sevimli şəhərimdə olmaqdan məmnunam.

Slava Nikitin (Rusiya):
- Bakıya ilk dəfədir gəlirəm. Burada havanın isti, günəşli olduğunu eşitmişdim. Həm də Moskvada hazırlıqlar zamanı Bakı haqqında çoxlu məlumatlar oxumuşdum. Bakıda, “Sea Breeze”də yaradılmış gözəl şəraitdə, dənizin kənarında musiqiçilər həm də dincəlirlər. Deməli, bu onların tamaşaçıya ikiqat müsbət emosiya ötürəcəyinə zəmanət verir.

Bayqali Serkibayev (Qazaxıstan):
- Bakı festivalından gözəl emosiyalar gözləyirəm. Bizim üçün Bakı həmişə sevimli məkan olub. “A"Studio” və Bakı həmişə xoş münasibət, gözəl anlaşma kimi qəbul edilib. Hər dəfə gəlişimizdə qonaqpərvərlik, yumor hissinizlə bərabər, həm də qəribə bir yaxınlıq, doğmalıq hiss etmişik. Buna görə də biz bu şəhərə hər zaman vurğun olaraq gəlirik.

Emin:
- Bakı festivalının ilin ən yaddaqalan hadisələrindən biri olacağını gözləyirəm. Beynəlxalq festival olması isə bizim məsuliyyətimizi bir az da artırıb. İlk dəfədir ki, belə bir tədbiri təşkil edirik və Bakıda məhz Xəzərin sahilində keçirilməsi də ölkəmizin tanınmasına xidmət edir. Çox şadam ki, bütün müğənnilər festivalda iştiraka məmnunluqla razılaşdılar. Bakıya gələn qonaqların milli rəqslərlə qarşılanması da simvolik xarakter daşıyır. Çünki hər birimiz getdiyimiz ölkədə hava limanından başlayaraq ilk olaraq harada olduğumuz, hansı mədəniyyətlə qarşılaşacağımızdan xəbərsiz oluruq. Ona görə də mənim doğma şəhərimdə olmalarını xatırlatmaq üçün belə bir qarşılanma düşündük. Musiqi birlik deməkdir. İnanıram ki, bu festival bir körpü olacaq.

Lolita (Ukrayna):
- Bakı ilə məni çox səbəblər bağlayır. Bura mənim gəncliyimin şəhəridir. Festival gözəl təşkil edilib. Buranın yeməklərini həmişə sevmişəm. Çoxdandır sevimli şəhərimə gəlmək imkanım olmurdu. Qayıdanda buradan həyat yoldaşıma çoxlu Bakı şirniyyatı aparacağam.
Nikolay Baskov (Rusiya):
- Bakıda dəfələrlə olmuşam. Dostlarımın dəvətini məmnunluqla qəbul etdim. Bu şəhəri sevirəm. Festival yüksək səviyyədə təşkil edilib. Atəşfəşanlıq, sevgi, xeyirxahlıq, bir sözlə, dörd bir tərəfdə gülən gözlər... Azərbaycan xalqına hər zaman belə xoşbəxt və sülhlə dolu günlər arzulayıram.

Lalə Azəri