Niaqara şəhər parkında milli mahnılarımız və rəqslərimiz nümayiş olunub

Kanadanın Niaqara şəhərində keçirilən ənənəvi musiqi festivalı çərçivəsində “Azərbaycan axşamı” təşkil olunub.
Bu barədə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.
Tədbir şəhərin mərkəzi Simko (Simcoe) parkında, açıq səma altında baş tutub. “Azərbaycan axşamı”nın açılışında Niaqara musiqi festivalının icraçı direktoru Kristofer Bleyk və səfirliyin birinci katibi Arif Məmmədov çıxış ediblər.
Arif Məmmədov artıq ənənə xarakteri alan bu tədbirin Azərbaycan mədəniyyətinin Kanadada təbliği və Kanada-Azərbaycan ikitərəfli mədəni əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb, eləcə də gələcəkdə bu əməkdaşlığın davam edəcəyinə əmin olduğunu bildirib.
Sonra konsert proqramı təqdim olunub. İki saat davam edən konsert zamanı Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Araz” musiqi və rəqs ansamblının heyəti şəhərin sakinləri və çoxsaylı qonaqlarına Azərbaycan milli mahnıları və rəqslərini nümayiş etdirib.