Disney cizgi filmlərindən məşhur musiqi kompozisiyaları təqdim olunacaq

Sentyabrın 24-də Heydər Əliyev Sarayında “Baku Sinfonietta” orkestrinin iştirakı ilə “Broadway Night Show” (“Brodvey gecə şousu”) konserti keçiriləcək.
Konsertdə tamaşaçılara sevilən Uolt (Walt) Disney musiqiləri təqdim olunacaq. Hər yaş dövründən tamaşaçılara maraqlı və baxımlı olan, rəngarəng süjet xətti ilə seçilən “Aslan kral” (The Lion King), “Cəngəlliklər kitabı” (The Jungle Book), “Gözəl və Bədheybət” (Beauty and the Beast), “Ələddin”, “Su pərisi”(The Little Mermaid), “Pinokkio”, “Anastasiya” və s. ən məşhur Disney cizgi filmlərindən kompozisiyalar səsləndiriləcək.
“Baku Sinfonietta” orkestrinin bədii rəhbəri və dirijoru, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.
Konsertdə, həmçinin “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov və “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova da çıxış edəcək.
Qiyməti 20-60 manat təşkil edən biletləri şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.