“Musica Mundi” festivalına müxtəlif ölkələrdən gənc istedadlar qatılıb

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin şagirdləri Belçikanın paytaxtı Brüsseldə keçirilən “Musica Mundi” beynəlxalq kamera musiqisi festivalında iştirak edirlər.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, festival çərçivəsində “Musica Mundi” festivalının bədii rəhbəri, görkəmli skripkaçı Maksim Venqerovun konsertindən sonra təmsilçilərimiz İrvi Qitlis, Leonid və Xaqit Kerbellər, Aleksandr Qavrilyuk kimi dünya şöhrətli musiqiçilərin ustad dərslərində iştirak ediblər.
Həmçinin, gənc musiqiçilərimiz “Chateau du Lac” hotelində keçirilən konsertdə festival proqramına daxil olan əsərləri səsləndiriblər.
Qeyd edək ki, iyulun 31-dək davam edəcək festivalın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan 10-18 yaşlı gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsidir.