İtaliyada yaşayan və yaradıcılıq fəaliyyəti göstərən məşhur azərbaycanlı tenor Yusif Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Bu barədə məlumatı vokalçı sosial şəbəkədə bölüşüb. “RIFKO” nəşriyyatı tərəfindən buraxılan kitabın müəllifləri dünya şöhrətli 44 tenordan müsahibə alaraq, onların səhnəarxası həyatlarını maraqlı fotosessiyada göstərməyə çalışıblar.
Kitabda Roberto Alanya, Hayme Araqel, Plasido Dominqo, Xose Karreras və opera səhnəsinin digər görkəmli nümayəndələri haqqında yazılar yer alıb.
Qeyd edək ki, Yusif Eyvazov dünya şöhrətli Franko Korelli, Maqdı Olivero və Plasido Dominqo kimi opera ifaçılarından ustad dərsləri alıb. 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin, eləcə də İtaliyada bir sıra müsabiqələrin laureatı olub.