Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasından qeydlər

Dekabrın 26-da Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi. İclasda nazirliyin 2008-ci ildəki fəaliyyətindən söz açıldı. Bu mövzuda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı. Qeyd olundu ki, mədəniyyət işçiləri 2008-ci ildə bütövlükdə yaxşı işləyiblər. Onların, əldə etdikləri nəticələrlə öyünməyə haqqı var.  Ən başlıca nəticə ondan ibarətdir ki, nazirlikdə dövlət əhəmiyyətli proqramların, böyük layihələrin həyata keçirilməsi üçün böyük potensial yaranıb. Avropa Şurasına daxil olan ölkələrin mədəniyyət nazirlərinin iştirak etdiyi «Mədəniyyətlərarası dialoq» Beynəlxalq  Bakı Konfransı, Rostropoviç adına II  Beynəlxalq Musiqi Festivalı, simfonik orkestrlərimizin xaricdəki uğurlu çıxışları, Azərbaycan turizmi ilə bağlı xarici ölkələrdə keçirilən sərgilər və digər tədbirlərdən danışan Ə.Qarayev, bu işlərin istər Avrora, istərsə də Şərq ölkələrində Azərbaycanın ciddi tərəfdaş imicinin formalaşmasında böyük rol oynadığını söylədi.


Ötən il paytaxtımızda, həmçinin regionlarda teatr binalarının, ümumiyyətlə, mədəniyyət müəssisələrinin təmirindən danışan natiq, bu vacib işlərin hazırda da davam etdiyini bildirdi. O, Heydər Əliyev Sarayının əsaslı şəkildə, dünya standartlarına uyğun yenidən qurulmasını mədəni həyatımızın önəmli hadisəsi kimi qiymətləndirdi. Nazir «Azərbaycan teatrı 2008-2019-cu illərdə»  Dövlət Proqramının həyata keçirilməsi üçün əhəmiyyətli addımlar atıldığını dedi. Nazirliyin İncəsənət Şöbəsinin işindən razı qaldığını deyən Ə.Qarayev, rəngkarlıq, musiqi, heykəltəraşlıq, teatr sahəsində əldə olunan uğurların miqyasının 2009-cu ildə daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Bakının əksər teatr kollektivləri üçün ideal şərait yaradıldığını söyləyən nazir, bunun müqabilində aktyor və rejissorların işində yeni baxış, yeni təfəkkür görmək istədiyini dilə gətirdi. Sankt-Peterburqun məşhur Marinski Teatrının Bakıdakı çıxışlarını, paytaxtımızda keçirilən Rostropoviç adına II  Beynəlxalq Musiqi Festivalını və digər bu tipli tədbirləri böyük layihələr kimi dəyərləndirən natiq, 2009-cu ildə də bu cür proqramların davam etdiriləcəyini söylədi. Turizm və mədəni irs işinin prioritet olduğunu vurğulayan Ə.Qarayev, bu iki sahənin qarşılıqlı fəaliyyətinin vacibliyindən danışdı. O bildirdi ki, mədəni irsimiz çap məhsullarında öz əksini tapmalıdır, sərgilərdə layiqincə nümayiş olunmalıdır. Erməni işğalı altında qalan mədəni abidələrimiz haqqında məlumatların çapı, dünyaya çatdırılması istiqamətində işlər gücləndirilməlidir.

Tarixi abidələrimizin mühafizəsi, tədqiqi üçün həyata keçirilən tədbirlərdən danışan nazir, istər ölkə prezidentinin, istərsə də Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirdi. Respublikamızın turizm perspektivləri mövzusunda ətraflı məlumat verən Ə.Qarayev, bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlardan və onların icrası istiqamətində həyata keçirilən səmərəli işlərdən söz açdı. O qeyd etdi ki, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Turizm sahəsində çalışanların arasında peşəkarların olmasının vacibliyini diqqətə çatdran nazir, bu amili nəzərə alaraq, xarici ölkələrlə təcrübə mübadiləsinin də genişləndirildiyini söylədi.


Regionların mədəni həyatındakı müsbət dəyişikliklərdən danışan Ə.Qarayev, öz fikirlərini konkret faktlarla əsaslandırdı. Sonra o, nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları, nəşriyyat, reklamın təşkili və informasiya, investisiya və texniki proqramlar, iqtisadiyyat, analitik təhlil və proqram təminatı, regionlarla iş sektoru, kinematoqrafiya və başqa şöbələrin, həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətindən də razı qaldığını bildirdi.
Nazir Ə.Qarayev çıxışının sonunda bütün mədəniyyət işçilərini Yeni il münasibəti ilə təbrik etdi və hər kəsə ən xoş, ən səmimi  arzularını çatdırdı.


Qorxmaz