Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 22-də başlanan ənənəvi Bakı Beynəlxalq Caz Festivalında proqramın yarıdan çoxu arxada qalıb. Festival hər gün paytaxtın konsert salonlarında və musiqi klublarında maraqlı konsertlər, sənət görüşləri ilə yadda qalır.

Oktyabrın 25-də festival çərçivəsində “Rotunda Jazz Club” caz klubunda Avstriyanın tanınmış akkordeon duetinin çıxışı olub. Gənc akkordeonçular Atanas Dinovski və Pol Şubert yaradıcılıqlarında cazı Şimali Avropa xalq musiqisi ilə sintez edirlər. Onlar həm öz ölkələrində, həm də onun hüdudlarından kənarda çox populyardır. Tez-tez xarici ölkələrdə qastrol səfərlərində olur, bir çox festival və müsabiqələrdə iştirak edirlər. Akkordeon duetinin çıxışı böyük maraqla qarşılanıb.
* * *
Oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində norveçli piano ifaçısı Tord Qustavsen və kvarteti konsert proqramı ilə çıxış edib.
Təqdim olunan kompozisiyalar həqiqi musiqi zərifliyini qoruyaraq daha çox harmonik şəkildə olması ilə seçilib. Səslənən musiqi nömrələrində istedadlı ifaçı üslub və ritmlərin mükəmməl sintezini ustalıqla nümayiş etdirərək dinləyicilərin alqışını qazanıb.
Həmin gün norveçli pianoçu “Rotunda Jazz Club”da cazsevərlər üçün ustad dərsi keçib. Tədbirdə pianoçu caz musiqi sənətinin incəlikləri, o cümlədən pop və klassik musiqi janrları ilə bağlı maraq doğuran sualları cavablandırıb.
Ustad dərslərində hit caz musiqi nömrələri ilə yanaşı, dünya caz əsərlərinə, müxtəlif mövzulara həsr olunmuş kompozisiyalara müraciət olunub.
* * *
“Rotunda Jazz Club”da daha bir musiqili görüşün iştirakçısı isə məşhur gürcü trubaduru Levan Kemulariya olub.
İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetində dərs deyən Levan Kemulariya dəfələrlə Tbilisi, Qara dəniz və Qafqaz caz festivallarında iştirak edib, tez-tez Gürcüstanın regionlarına qastrol səfərlərinə gedir.
Öz vətənində caz mədəniyyətinin inkişafına töhfə vermiş musiqiçinin “Rotunda Jazz Club”da çıxışı böyük maraqla qarşılanıb. Tədbir dünyanın müxtəlif ölkələrindən olan cazmenlərin iştirak etdiyi cem-seyşn ilə davam edib.
* * *
Oktyabrın 27-də Kamera və orqan musiqisi zalında tanınmış Azərbaycan cazmenləri - Əməkdar artist, pianoçu İsfar Sarabski və saksafon ifaçısı Rain Sultanovun konsert proqramı keçirilib.
Bakı Beynəlxalq Caz Festivalı oktyabrın 30-dək davam edəcək.