Ölkəmizi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri təmsil edəcək
Noyabrın 2-dən 6-dək Moskva Dövlət Akademik Filarmoniyasında Rusiyanın ən böyük müasir musiqi forumlarından olan “Digər fəza” V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək.
Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri təmsil edəcək.
Noyabrın 5-də təşkil olunacaq konsert proqramında Azərbaycanın görkəmli bəstəkarı, professor Fərəc Qarayevin “Serenada”, alman bəstəkarı K.Ştokxauzenin üç orkestr üçün “Qruplar” və italyan bəstəkarı Luçano Berionun “Sinfonia” əsərləri səslənəcək. İlk dəfə olaraq bir konsertdə üç böyük kollektiv - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fuad İbrahimov), “Questa musica” ansamblı (dirijor Filipp Çijevski) və Rusiya Dövlət Orkestrinin solistləri (dirijor Vladimir Yurovski) eyni səhnəni bölüşəcəklər.
Qeyd edək ki, festivalda müasir bəstəkarların əsərləri səslənəcək. “Digər fəza” Moskva Dövlət Akademik Filarmoniyasının layihəsidir. Festival müxtəlif ölkələrin musiqiçilərini özündə birləşdirərək, onları Rusiya auditoriyasına təqdim edir.