Fevralın 9-da Szabo Ervin adına Budapeşt Şəhər Kitabxanasında Azərbaycan günü reallaşıb. Tədbirdə tələbələr, müəllimlər, kitabxana işçiləri, Azərbaycanla maraqlanan oxucular və o cümlədən, Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov da iştirak edib. Mərasimdə səfir H. Həsənov ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, Azərbaycan - Macarıstan əlaqələri və xalqlarımızın tarixi qohumluq kökləri haqqında ətraflı məlumat verib. Sonra iştirakçılara Azərbaycan mövzusunda hazırlanmış testlər təklif olunub. Testin yoxlanılması nəticəsində suallara düzgün cavab verən 7 nəfər müəyyənləşdirilib və onlara səfirliyin xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, bir ay əvvəl kitabxanada Azərbaycanın Macarıstandakı səfirliyinin macar dilində nəşr etdirdiyi və kitabxanaya hədiyyə verdiyi 20-yə yaxın kitabdan, Azərbaycan mədəniyyətini, Bakının tarixi və görməli yerlərini əks etdirən təsvirlərdən ibarət sərgi təşkil olunub. Sərgi fevralın sonuna kimi davam edəcək.