Mədəniyyət nədir? Bu suala tam yetkin cavab vermək və mütləqləşdirmək olmaz. Mədəniyyəti hər bir xalqın xarakteri də adlandırmaq olar. Bu mənada xarakter sözünü dar yox, geniş mənada başa düşmək lazımdır. İndilikdə xarakter dedikdə təkcə milli dəyərləri yox, həm də təfəkkür tərzi kimi qəbul etmək gərəkdir. Təfəkkür tərzinin formalaşmasına və dəyişilməsinə iki böyük amil - din və dil daha çox təsir edir.
   
   
   Məsələn, alimlər “Koroğlu” dastanı haqqında yazırlar ki, nə üçün bu dastanda hadisələr bir-birinə sanki əlavə olunur. Eləcə də “Kitabi-Dədə Qorqud” dastanında. Bunu onunla əlaqələndirirlər ki, bizim dilimiz iltisaqi dil olduğundan əsas hadisəyə (kök) köməkçi hadisə (şəkilçi) əlavə olunur. Yaxud “Min bir gecə” nağıllarında nə üçün hadisələr sanki bir-birinin içindən çıxır. Bu da ərəb dilinin strukturuna xasdır. Belə ki, ərəb dilində sözlər bir-birinin daxilindən çıxaraq yaranır. Məsələn, hökm və hakim, məhkum və məhkəmə və s. sözləri. Və yaxud Amerika ədəbiyyatı nə üçün dünyanın ən əzmkar ədəbiyyatı sayılır. Biz bu əzmkarlığı Cek Londonun “Həyat eşqi” və Ernest Heminqueyin “Qoca və dəniz” hekayələrində görürük. Həmin yaradıcı adamlar özləri də hiss etmədən genetik şifrə vasitəsi ilə şüuraltı olaraq Amerika istilalarının əzabını hiss edirlər. Belə demək mümkünsə, qədim təfəkkürün ağrıları yeni təfəkkürə sıçrayır. Bu cür təfəkkür tərzinin izahına Noam Xomskinin “Dil və təfəkkür” əsərində də rast gəlmək olar. Dilin təfəkkürə təsirini ona görə izah etdim ki, təfəkkürün də inkişafı böyük mədəniyyətin inkişafına və yayılmasına xidmət edir. Bəs dinin təfəkkürə və mədəniyyət təsiri nə dərəcədədir?
   İslam mədəniyyəti Şərq kültürünün inkişafında istiqamətləndirici ox işarəsinə bənzəyir. Birinci bu mədəniyyət bir növ Qurani-Kərimdəki müqəddəsliyə əsaslanaraq xalqa dini-bəşəri konstitusiyanı tanıtdı. Beləliklə, bu dini-sakral kitabın gücü ilə ərəblər böyük bir əraziyə sahib olub, hətta İspaniyaya qədər gedib çıxdılar. İkinci xeyirli amil o oldu ki, ərəblər oturaq həyat tərzinə keçdilər və bu da vahid mərkəzin yaradılmasına, müsəlman mədəniyyətinin bütövləşməsinə gətirib çıxardı. Qədimdə yazılan tarix kitablarına baxsaq, görərik ki, mədəniyyət tarixi sosioloji tarixin dərin təsiri altındadır və hələ də müstəqilləşə bilmir. Məsələn, tarixin atası adlandırılan Heredotun “Tarix” əsəri bu sözlərlə başlayır: ”Halikarnaslı Herodot (sorğu-sualla) bu məlumatı toplayıb yazıya aldı ki, ötən hadisələr zaman keçdikcə unudulmasın, istər ellinlərin, istərsə barbarların böyük və heyrətamiz işləri, xüsusən onların bir-biri ilə müharibə etmələrinin səbəbləri xəbər-ətərsiz qalmasın”. Yuxarıdakı fikirdən aydınlaşır ki, sosioloji tarix qədim insanlar üçün daha vacib olub. Bu da təbii idi, çünki insanları daha çox müharibələr düşündürür və maraqlandırırdı. Ona görə də mədəniyyəti tarixləşdirmək bir qədər arxa plana keçirdi. “Ümumi tarix” anlayışında mədəniyyət sadəcə əlavədir, tarixin bir hissəsidir. İslam mədəniyyəti dünya kültürünə bəxş olunan teoloji ərməğandır. İslam yaranandan sonra elm çiçəklənməyə başladı və elmin qüdrətlənməsi Avropanı Şərqin “ayağına gətirdi”. Bu proses iki yolla oldu. Birinci məqamda İslam yaranandan sonra Şərq mədəniyyəti Avropaya daha çevik yayıldı. İkinci məqam isə ərəblərin coğrafiyalarını genişləndirmələri ilə reallaşdı. Belə ki, ildən-ilə istilalar nəticəsində ölkələr fəth edən ərəblər, özləri ilə bərabər mədəniyyətlərini də yaydılar. Ərəblərin nailiyyətlərində ən çox iki dövlət yararlandı. Birinci, ərəblərin işğalı altında olan İspaniya istər-istəməz bu mədəniyyətdən yararlandılar. İkinci ölkə isə Venesiya idi ki, onlar təkcə ərəb mədəniyyətindən yox, ümumən Şərq kültüründən lazımınca faydalandılar. Bunun da əsas səbəbi Venesiyalıların ticarət gəmiləri ilə dünyanı gəzərək gördüklərini əxz etmələri idi. İslam mədəniyyəti Avropaya nələri bəxş etdi?
   Astronomiya elmində: Ptolomeyin xətaları səhihləşdirildi, Ayın sahəsindəki nizamsızlıq və Ay üçün təhəvvül deyilən üçüncü hərəkət kəşf olundu. Həmçinin Günəş tutulması, ulduz axması öz elmi şərhinə qovuşdu.
   Fizika elmində: ilk dəfə optika haqqında əsəri Həsən ibn Heysəm (965-1039) yazıb. Bu əsər indiki işıq elminin başlanğıcı sayılır. Heysəmin araşdırmaları Rober Bacon və Kepler kimi alimlərin böyüdücü linzalar, teleskop kimi alətlərin yaratmalarında başlanğıc sayılır.
   Kimya sahəsində: kalium, ammoniak, civə və civənin əldə olunma üsullarını da ərəblər tapıb.
   Tibbdə: Razinin “Havi” adlı tibbi əsəri var ki, Parisdə tibb məktəbinidə doqquz qiymətli əsərdən biri sayılıb. İbn Sina tibb elminə 760-dan çox dərman bəxş edib. Gözdən mirvari suyunu çəkmək əməliyyatını ilk dəfə 1289-cu ildə Əl-Mühəssin adında şəxs həyata keçirib.
   Şərq daim başlanğıcdı, işıqdır - Günəşdir. Türkiyənin Nobel mükafatçısı Orxan Pamuk “Yeni Həyat” adlı romanında Şərq və Avropayla bağlı maraqlı bir cəhəti vurğulayır: “Şahmat. Sözün farsca “şah” ilə ölmək sözünün ərəbcəsi “mate”dən yaradılmış bir Avropa mərəzi olduğunu açıqladı. Qərbə şahmatı biz öyrətmişik, dünyəvi bir şeydir, bir döyüşü xatırladır, bəyaz ordu ilə qaranın, içimizdəki yaxşı ilə pisin ruhi müharibəsidir. Onlar neyləmişdilər? Vəzirimizi kraliça, filimizi yepiskop ediblər”. Göründüyü kimi, Qərb sivilizasiyasına, mədəniyyətinə Şərq daim təsir edib. Şahmat oyununda xanaların ağ və qara olmağı heç də rəmzi xarakter daşımır. Bu yaxşıyla-pisin, işıqla-zülmətin və əbədi qarşıdurma olan xeyirlə-şərin mübarizəsidir. Nə üçün insanlar bütün oyunlardan daha çox şahmat oynayarkən düşünürlər? Ona görə ki, burda bağışlanmamaq qorxusu var. Əgər ata ilə oğul şahmat oynayırsa, deməli, bütün yaxınlıqlar şərtiləşir, onlar artıq rəqibdirlər. Öldürənlə ölənin mübarizəsidir şahmat oyunu. “Mat” olmaq ölkənin, yəni idraki məkanın süqutudur. Oyunun ən maraqlı cəhəti də odur ki, istər ağ, istərsə də qara xanalarda oynayanlar uda bilər, yəni ağ təkcə xeyirxahlıq, qara rəhmsizliyin simvolu kimi məhdudlaşmır. Şərqdə ümumiyyətlə bütün oyun, istərsə də rəqs, teatr və başqa mənəvi dəyərləri fəlsəfə üzərində qururdular. Misal olaraq mövləvilərin etdiyi rəqsdə əllərinin birinin aşağı, digərinin yuxarı və açıq olmasının izahı həqiqətən çox maraqlıdır. Eləcə də Hindistandakı “Katakali” teatrındakı uşaqların 3-4 yaşlarından bir yolluq valideynləri tərəfindən adıçəkilən teatra verilməsi maraqlı olduğu qədər də düşündürücüdür. O məna da ki, onlar düşünürlər ki, sənətkarın ömrü sənətə həsr olunmalıdır, həm də bu teatra verilən uşaqların hər biri böyük sənətkar kimi yetişir. Bu da onunla əlaqədardır ki, Tanrı hamımıza bacarıq və istedad verib, sadəcə biz onu üzə çıxarmalıyıq. “Katakali” teatrında üzə çəkilən qrimin hər rənginin də öz mənası var. Yəni tamaşaçı oyunçunun üzündəki yaşıl, qara, sarı rənglərə baxanda artıq onun üz cizgilərində təbiətlə olan eyniləşməni aydın başa düşür. Bu mənada Şərq teatrı fəlsəfəyə əsaslanır. Təsadüfi deyil ki, Şərq fəlsəfəsinə yaxşı bələd olan Papa XI İohan papa olmamışdan əvvəl tədris etdiyi elmi nəzəriyyədə ərəb filosofu İbn Sinanı fəlsəfədə Ərəstundan da üstün tuturdu.
   Şərqdə həmçinin savadlı səyyahlar və coğrafiya alimləri olub. Məsələn, Əmir Teymurun nəvəsi Uluqbəy xəritə cızıb. Xristofor Kolumb 1493-cü ildə Haitidən yazdığı məktubda İbn Rüşdünü yeni dünyanın kəşf olunmasında yardımçı olan müəllif kimi xatırlayır.
   Şərq mədəniyyətinin kimya, fizika, astronomiya, fəlsəfə, coğrafiya sahəsində Qərbə təsirindən danışdıq. Amma Şərq mədəniyyətinin ən dəyərli bir hissəsi də ədəbiyyatdır. Alman şairi Höte baş nazir Müller ilə söhbətində deyib: “Farslar beş əsr ərzində, yeddi şair yetişdiriblər. Halbuki, söyləmədikləri şairlərin içində məndən üstün olanları vardır”. Höte həm də “Faust”un ikinci hissəsini yazarkən Nizami Gəncəvinin əsərlərini, Şərq fəlsəfəsini diqqətlə oxuyub, Qurani-Kərimi “kitablar kitabı” adlandırıb. Yaxud “Robinzon Kruzo”nun müəllifi, adıçəkilən əsəri İbn Tüfeylin “Hayy bin Yakzan” əsərindən ilhamlanaraq qələmə alıb. Şərq ədəbiyyatının Qərbə həmişə təsiri olub.
   Şərq mədəniyyəti elm və sənət baxımından Avropaya yayıldığı kimi, dini dəyərlər də öz təsirini göstərib. Asif Hacıyev “Qurani-Kərim rus ədəbiyyatında” kitabında yazır ki, alman imperiyasının reyxskansleri Otto Bismark (1815-1898) deyib: ya Məhəmməd! Mən təəssüflənirəm ki, sənin müasirin olmamışam. Bəşəriyyət seçilmişi yalnız bir dəfə gördü və bir daha heç vaxt görməyəcək. Dərin ehtiramla sənin qarşında baş əyirəm”. Asif Hacıyev bu maraqlı tədqiqat əsərində Puşkini “Peyğəmbər” şeiri barədə yazır: “Bu şeirdə bir çox tədqiqatçıların göstərdiyi kimi “Fatir”, “Muddəssir” “Ələq”, “Qədr” surələrindən istifadə edilmişdir”. Bundan başqa Lev Tolstoyun “Lütfən, mənə xeyirxah bir müsəlman kimi baxın, onda hər şey yaxşı olacaq” sözləri dahinin bu mədəniyyətə və dinə olan inamının açıq təzahürüdür. Rusiyanın ilk Nobel mükafatçısı olan İvan Bunin rus şeiri tarixində birinci dəfə İslam şeirlər toplusunu (“İslam”) dərc etdirib. Onun İslamla bağlı “Kövsər”, “Əl-Qədr gecəsi” kimi dinin tərənnümünə əsaslanan şeirləri var.
   Göründüyü kimi, Şərq mədəniyyəti istər elmi, istərsə də dini yolla Qərbə daim inteqrasiya olunub. Mədəniyyətlərin bir-birinə belə təsiri onların arasında sanki “qohumluq” yaradır. Bir-birinə təsir edən mədəniyyətlər sanki əsrlər keçdikdən sonra bəxş etdiyinin “halallığını” da verir.
   Qeyd: Məqalə «Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi» müsabiqəsinə təqdim olunur.
   
   Fərid HÜSEYN