"Walt Disney Pictures" kinokompaniyası "Narniya salnamələri" seriyasından növbəti filmin çəkilişlərini maliyyələşdirməkdən imtina edib. "The Hollywood Reporter" bildirir ki, "Walt Disney Pictures"in və "Narniya salnamaləri: Üfüqün fatehi və ya dünyanın sonuna üzmək" filmini çəkməli olan "Walden Media" studiyasının birgə bəyanatında belə bir sensasion qərarın büdcə və loqistika səbəblərindən qəbul edildiyi göstərilir.
Hazırda layihənin əsas maliyyəçisi və yayıcısı roluna əsas namizəd "Fox" kinokompaniyası sayılır. "Fox" və "Walden Media" bundan əvvəl də bir yerdə işləyiblər. Güman edildiyinə görə, "Narniya salnamələri"nin üçüncü hissəsində filmin "Kaspian şahzadəsi" adlanan ikinci hissəsində iştirak edən bütün aktyorlar çəkiləcəkdilər. "Kaspian şahzadəsi" böyük ekrana 2008-ci ilin mayında çıxıb.


Qeyd edək ki, filmin ikinci hissəsinin kassa yığımı layihə müəlliflərinin nəzərdə tutduğu kimi olmayıb. Çəkilişlərinə 200 milyon dollar xərclənən "Kaspian şahzadəsi" Şimali Amerikada cəmi 141 milyon dollar toplayıb. Xərci ödəməyə ancaq xarici ölkələrdəki nümayişlər kömək edib. "Kaspian şahzadəsi" beynəlxalq nümayişdən 280 milyon dollar gəlir götürüb.
"Üfüqün fatehi"nin çəkilişlərinə 2009-cü ilin yazında başlanılacağı nəzərdə tutulurdu. Film özü isə 2010-cü ildə ekranlara çıxmalıydı.