İspaniyanın aralarında aparıcı arxitektorlar, rejissorlar, qaleristlər olan 400-dən çox mədəniyyət xadimi Antonio Qaudinin arxitektura incisi sayılan Barselonadakı Saqrada Familiya məbədinin tikintisini yarımçıq saxlamağı tələb ediblər. "Times Online" bildirir ki, onlar inşaatçıları "Qaudinin ruhunu satmaqda" ittiham edirlər.

Mədəniyyət xadimləri imzaladıqları manifestdə bildirirlər ki, dahi arxitektorun qeyri-adi əsəri bacarıqsız, başdansovdu görülən bərpa işlərinin qurbanı olub. Madriddəki "Reina Sofia" muzeyinin direktoru Manuel Borca Villel bildirib ki, artıq məbəd Qaudinin əsərinin karikaturasına oxşayır. Digərləri isə bunu sayğısızlıq və turizm xatirinə Barselonanın mədəni irsini məhv etmək adlandırıblar.


Məbədin tikintisi 1882-ci ildə başlanılıb. 1891-ci ildə Antonio Qaudi tikintinin əsas arxitektoru təyin olunub. O, 1926-cı ildə vəfat edəndən sonra tikinti gah dayanıb, gah da davam edib.
1990-cı illərin ortalarında yarımçıq məbəd ciddi diskussiya obyektinə çevrilib. Bəziləri tikintini ümumiyyətlə dayandırmağa çağırıblar. Buna baxmayaraq, layihə davam etdirilib və onun 2026-cı ildə - Qaudinin ölümünün 100 illiyində başa çatdırılması planlaşdırılıb.


Dahi arxitektorun layihəsinin çətinliyi ondan ibarətdir ki, Qaudi heç bir zaman işlərini əvvəlcədən planlaşdırmırmış. O, tikinti gedən zaman improvizasiya edirmiş. Bu məqsədlə Qaudi hələ tikilib başa çatmayan məbəddəki otaqlardan birinə köçübmüş.
Dahi arxitektor məbədin yaxınlığında tramvay altına düşərək ölüb. Onu məbədin həyətindəcə basdırıblar.