Polis məşhur Hollivud aktyoru Con T ravoltanın şantaj edilməsi ilə bağlı faktı araşdırır. “The Daily Telegraph”ın yazdığına görə, şantajçılar Travoltanı onun can verən oğlunun şəkillərini jurnalistlərə satmaqla hədələyiblər.
Aktyora müraciət edən iki kişi Travoltanın təxminən 20 gün öncə vəfat edən oğlu Cettin ölməmişdən öncəki şəkillərinə malik olduqlarını bildiriblər və onların dərc edilməməsi üçün milyonlarla dollar tələb ediblər. İlkin məlumata görə, onlardan biri bahamalı siyasətçidir, digəri isə “təcili yardım”ın həkimidir. Güman edildiyinə görə, Cettin şəkilləri mobil telefon vasitəsilə çəkilib.

Məlumatı alan Travolta bu barədə hüquqşünasları ilə məsləhətləşib. Onlar isə polisə müraciət ediblər. Hazırda polis şübhəli şəxslərin dindirilməsinə başlayıb. İstintaq ilkin mərhələdədir. Aktyorun vəkillərinin rəsmi açıqlamasında həmin şəxslərin faciədən pul qazanmağa çalışdıqları vurğulanır: “Dərin təəssüf hissi ilə bildiririk ki, belə ağır faciədən sonra yalan bəyanatlarla böyük məbləğdə pul qazanmağa çalışan şəxslər peyda olur. Biz buna yol verməyəcəyik”.

Con Travoltanın 16 yaşlı oğlu Cett yanvarın 2-də Baham adalarında xroniki xəstəlikdən dünyasını dəyişib. Ailə bir yerdə Baham adalarında dincəlirmiş. Travoltanın və həyat yoldaşı Kelli Prestonun 8 yaşlı qızı qalıb.