İraq Milli Muzeyi 6 illik fasilədən sonra 2009-cu il fevralın sonunda yenidən ziyarətçilərin qəbuluna başlayacaq. «Reuters» agentliyinin məlumatına görə, bu barədə turizm və qədim əşyalar naziri bildirib.
   Mesopotamiyanın qədim əşyalarının yığıldığı ən böyük muzey 2003-cü ilin aprelində Səddam Hüseyn hökumətinin yıxılmasından sonra qarət edilib. Ən kobud hesablamalara görə, 2003-cü ildə barmaqla sayılan günlər ərzində mühafizəsiz qalmış muzeydən 15 mindən çox eksponat çıxarılıb. Onların bir hissəsi tapılaraq muzeyə qaytarılsa da, eksponatların böyük hissəsi hələ də tapılmayıb. Güman edildiyinə görə, onların böyük əksəriyyətini bir daha İraq Milli Muzeyində nümayiş etdirmək mümkün olmayacaq.
   Muzeyin bərpasını ABŞ hökuməti maliyyələşdirib. Vaşinqton muzey üçün 13 milyon dollar, koalisiya qoşunlarının hərbi əməliyyatları zamanı ziyan çəkən qədim Vavilion üçün isə 700 min dollar ayırıb.