«The Beatles» qrupunun əfsanəvi solisti Con Lennonun dul qadını, yaponiyalı rəssam Yoko Ono və amerikalı avanqardçı Con Baltasar 53-cü Venesiya biennalesində mədəniyyətə verdikləri töhfə və karyera uğurlarına görə «Qızıl şir» mükafatı alacaqlar. Bu barədə İTAR-TASS agentliyi məlumat yayıb. 76 yaşlı Ono həm vətəni Yaponiyanın, həm də Qərbin mədəni həyatında ciddi iz buraxmış vacib fiqur sayılır. 78 yaşlı Baltasar isə konseptual istalyasiya istiqamətinin yaradıcısı hesab edilir.
   Artıq Venesiyada keçiriləcək Kinematoqrafiya sərgisinin karyera uğuru nominasiyasında «Qızıl şir»in sahibi də bəllidir. Bu mükafatı rejissor-multiplikator, ssenarist və prodüser Con Lasseter alacaq. Lasseter «Uolt Disney» kinostudiyasında çalışır, «Oyuncaqların hekayəsi», «Flikin macərası», «Oyuncaqların hekayəsi-2», «Maşınlar» kimi cizgi filmlərinin yaradılmasında iştirak edərək onların ssenarisini yazıb. «Oyuncaqların hekayəsi» 1995-ci ildə «Oskar» mükafatı alıb.
   Venesiya biennalesi 1895-ci ildən avanqard mədəniyyətin sərgisi kimi mövcuddur. Hər il mədəniyyət, arxitektura, rəqs, mahnı, kino və teatr sahəsində sərgi təşkil olunur. Hazırda Venesiyada 40-cı Beynəlxalq teatr sərgisi keçirilir. Tədbir martın 8-nə kimi davam edəcək.