Aydin Xan
   
   

 

   Bir on il bundan əvvəl məndən ədəbi nəsil anlamı ilə bağlı münasibət açıqlamağı istəsəydilər, böyük həvəslə, bəlkə də şövqlə - bir neçə saat - geniş bir mühazirə söyləyərək fikirlərimi beləcə bölüşərdim:
   “...Ədəbiyyatımızın inkişafında “mühafizəkarlar” (M.Hadi, H.Cavid və b.) “Mollanəsrəddinçilər” (Mirzə Cəlil, M.Ə.Sabir və b.), “romantiklər” (A.Şaiq, Ə.Cavad, M.Müşfiq), “yenilikçilər” (S.Rüstəm, M.İbrahimov, S.Rəhimov...), “ənənəçilər” (Ə.Vahid kimi Şərq poetik-estetik texnologiyalarına üstünlük verən qəzəlçilər), “sosrealistlər” (M.İbrahimov, B.Bayramov, M.Rahim...), “əllincilər” (İ.Hüseynov- Muğanna, İ.Əfəndiyev...), modernistlər (R.Rza, Ə.Kərim...), “altmışıncılar” (Anar, Elçin, V.Səmədoğlu, Ə.Əylisli...), yetmişincilər (R.Rövşən, M.İsmayıl, M.Süleymanlı...) “səksənincilər” (S.Rüstəmxanlı, V.B.Odər, R.Behrudi, A.Həsənli, A.Cəmil...), “doxsanıncılar” (O.Fikrətoğlu, M.Cəfərli, M.Köhnəqala, R.Tağı, Kəramət, E.Hüseynbəyli...), “postmodernistlər” (R.Qaraca, H.Herisçi, A.Yaşar...), “ikiminincilər” (özüm də daxil olmaqla, Şərif Ağ, Z.Əzəmət, S.Babullaoğlu, Aqşin, Ə.Qoşalı, Q.Ağsəs, İ.Fəhmi...), “ən yeni” (Ə.Əlioğlu, Qismət, Fərid...) kimi ədəbi nəslin nümayəndələri yaradıcılıq uğurlarıyla fəal iştirak ediblər...”
   Amma bu gün, artıq özüm də peşəkar ədəbiyyatla ciddi məşğul olduğum bir vaxtda bəlağətli, ağızdolusu, pafoslu cümlələrlə, yağlı fikirlərlə “ədəbi nəsil” haqqında şişirdilmiş fikirləri dilimə, qələmimə gətirə bilmərəm. Bir məsələ gün kimi aydındır ki, indi də müzakirələrə səbəb olan, dillərdən düşməyən bu “ədəbi nəsil” anlayışı biz ədəbiyyat mütəxəssisləri tərəfindən ortaya gətirilmiş təsnifati bir ifadədən başqa bir məna yükünə malik deyil. Ədəbiyyat tarixçiləri, nəzəriyyəçilər, ədəbi tənqidçilər, fikirlərini ümumiləşdirməkdən ötrü eyni dövrdə yazıb-yaratmış, yaxud bədii-poetik söz meydanında fəallıq göstərmiş yazar qrupunun yaradıcılıq məhsullarına bu yarlığı yapışdıraraq, işlərinin asanlaşdırmağa çalışırlar.
   Fikrimi sadə dildə ifadə etməyə çalışacağam: meyvə deyəndə müxtəlif ağacların bəhrəsi olan alma, alça, armud və başqa təbiət nemətləri nəzərdə tutulur. Onların isə həm dadı, həm görünüşü, həm də insana verdiyi xeyri cürbəcür olur: hətta elələri də var ki, ziyanlı sayılır...
   Ədəbi nəsil ifadəsiylə toparlaşdırılan yaradıcı insanların əqli-estetik məhsulları da cürbəcür olur, onları eyniləşdirmək, banan ilə gilasın fərqinə varmamaq kimi bir şey alınar...
   O da məlumdur ki, heç kim heç kimin əvəzinə nə düşünür - əlbəttə, təsirlər, bəhrələnmələr, plagiatlıq hallarını da unutmaq olmaz - nə də yazıb-yaratmır. Əsl yazar ortaya məhz ciddi sənət əsəri qoymaqla tanınır, başqalarından fərqlənir, zamanında seçilir. Füzulinin dövründə qəzəlbazların sayı, şişirtmə olmasın, bəlkə də o böyük söz sənətkarının qələmə aldığı misraların sayını üstələyirdi. Bir ədəbi nəslin nümayəndələri sayılan minlərlə imza sahibindən yalnız on-on beşi ədəbiyyat tariximizdə yada salınırsa, oxucuların, xüsusən də mütəxəssislərin diqqətini cəlb edirsə, onların yazdıqları araşdırmalar predmetinə çevrilirsə, deməli, yaradıcılıqda “çoxluq - cəmlik” deyil, “təklik - fərdlik” əsas cəhətdir.
   Peşəkar ədəbiyyat kollektiv əməyin məhsulu ola bilməz: fəqət, ədəbi mühitin zənginliyi, estetik prosesin çoxşaxəliyi lokal toplumun - adını “ədəbi nəsil” qoyaq, fərqi yoxdur - bir qrup intellektual imza sahibinin kulturoloji fəallığı nəticəsində mümkündür.
   Şeyx Nizami Gəncəvidən sonra dünya və Şərq ədəbiyyatında “Xəmsə” mövzularında məsnəvilər, mənzum romanlar, poemalar yarandı, Nəsiminin fəlsəfi şeiri poetik söz sənətimizdə intellektual poeziya hərəkatına güclü təkan verdi, Füzulidən sonra milli qəzəl çiçəkləndi, M.F.Axundov tərəfindən təməli qoyulmuş dramaturgiyamız zaman ötdükcə zənginləşdi (bu kimi misalları artırmaq da mümkün...): nəhəng sənətkarlar dövrünün ədəbi proseslərini, estetik mühitlərini, poetik-texnoloji proseslərini formalaşdırdılar, mürəkkəb ictimai-mədəni siyasətə çevirə bildilər.
   Əgər Nizami yaradıcılığıyla bünövrəsi möhkəmlənməsəydi, onda Azərbaycan tarixində ilk renessans - Şərq intibahı mərhələsi, Nəsimi və Füzuli azadlıqsevər, mübariz ədəbiyyat məhsulları zamanında meydana çıxmasaydı, sivilizasiya gedişatımızda ikinci, özü də əsl milli-etnik intibah hadisəsi -Avropanın bir hissəsi olduğumuzdan, bizim milli-etnik oyanış-dirçəliş mərhələmiz Qərb intibahıyla, demək olar, eyni vaxt təsadüf edirdi: ana dilimizin dövlət səviyyəsinə qaldırılması, imperiyamızın yaranması, ədəbiyyatımızın milliləşməsi, xəlqiləşməsi, demokratikləşməsi (Nizaminin şahzadə, İsgəndər kimi obrazları aşıq poeziyasındakı sadə insanlar, gözəllərlə əvəzlənməsi faktlarını yada salaq), Təbriz Miniatür məktəbi çiçəkləndi və s. - baş verməz, Səfəvilərin yaratdığı, Nadir şahın dənizdən okeana qədər uzatdığı imperiyamız - dövlətçilik zirvəmiz olmazdı...
   Beləcə, “ədəbi nəsil” anlamı ətrafında bir balaca kulturoloji ekskurs edəndə, ona lokal - milli baxımdan deyil, qlobal - planetar, bir qədər də sivilizasiya proseslərinin işığında qısaca nəzər salanda, çox geniş nəticələr əldə edə bilərik.
   Fəqət hər şeydən əvvəl unutmamalıyıq ki, şedevr əsərin yaranmasında bu və ya digər səbəblərdən ədəbi mühit, estetik tələblər, mədəni dəyərlər, kulturoloji proseslər, zamanın poetik dəbləri kimi amillərin təsiri böyük olsa da, əsas yaradıcılıq ağırlığı məhz müəllifin, söz adamının istedadının, təxəyyülünün, intellektinin üzərinə düşür...