Məşhur Hollivud aktyoru Robin Uilyams Brodveydə çıxış edəcək. «Variety»nin verdiyi məlumata görə, Uilyams Nil Saymonun teatrında «Özünüdağıtma silahı» («Weapons of Self-Destruction») monotamaşasını təqdim edəcək. Bu tamaşa fevralın əvvəlində Kaliforniya ştatının Santa-Barbara şəhərində start götürən qastrol turu çərçivəsində göstəriləcək. Aktyor bu tur çərçivəsində Birləşmiş Ştatların 80-dən çox şəhərini gəzmək niyyətindədir.
   Robin Uilyams sonuncu dəfə Brodveydə 2002-ci ildə çıxış edib. O zaman onun şousu NBO teleşəbəkəsi vasitəsilə birbaşa efirdən yayımlanıb. Xatırladaq ki, 2009-cu ilin mayında «Muzeydə gecə» adlı filmin ikinci hissəsi ekranlara çıxacaq. Robin Uilyams ikinci seriyada da ABŞ prezidenti Teodor Ruzveltin heykəli rolunu oynayacaq.