ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur Metropoliten-opera teatrı çətin iqtisadi duruma düşüb. “Associated Press” agentliyinin verdiyi məlumata görə, teatr pul kreditini təmin etmək məqsədilə Mark Şaqalın binanın foyesini bəzəyən iki nəhəng pannosunu girov qoyub.
   Teatrın baş meneceri Piter Qelb bildirib ki, dünya maliyyə böhranı səbəbindən Metropoliten-opera teatrının fəaliyyətinə köməklik edən ianə fondunun yardımı azalıb. Fondun səhmlərinin qiymətdən düşməsi son nəticədə teatra da təsirini göstərib. Bundan əlavə, ianələrin həcmində də ciddi azalma müşahidə edilir.
   Metropoliten-operanın nümayəndəsi Piter Klark qeyd edib ki, teatr “uzun müddətli” kredit əldə etmək üçün 9-11 metr ölçüsündə olan bu iki pannodan istifadə etmək qərarına gəlib. Bu məqsədlə də rəhbərlik pannoları girov qoyub. Bununla yanaşı, o, rəssamın “Musiqi mənbələri” və “Musiqinin qələbəsi” adlı əsərlərinin qiymətini söyləməyib.
   Qeyd edək ki, Metropoliten-opera 2009-2010-cu illər üçün planlaşdırılan dörd tamaşanı ləğv edib. Bundan əlavə, rəhbər işçilərin məvacibi 10 faiz azaldılıb. Bütün bu addımlar illik 291 milyon dollarlıq büdcədən kənara çıxmamaq üçün atılır.