«Invincible» adlı sonuncu studiya albomu 2001-ci ildə çıxan amerikalı pop-müğənni Maykl Cekson konsert fəaliyyətinə qayıtmaq niyyətindədir. «Sky News»un məlumatına görə, Cekson 2009-cu ilin yayında Londonda bir neçə konsert verəcək. Dəqiq vaxt və konsertlərin sayı barədə martın 5-də Londondakı «O2 Arena»da keçiriləcək xüsusi mətbuat konfransında bildirilmişdir. İlkin məlumata görə, Maykl Cekson «O2 Arena»da 30 konsert planlaşdırıb. Qeyd edək ki, Ceksonun 1 ildən çox davam edən «HIStory World Tour» adlı sonuncu turnesi 1997-ci ilin oktyabrında başa çatıb. Bundan sonra müğənni ilk növbədə səhhətinin kəskin pisləşməsi səbəbindən aktiv qastrol səfərlərini dayandırıb. Sonradan onun qastrol səfərlərini bərpa etməyə hazırlaşdığı barədə məlumat yayılsa da, bu informasiya özünü doğrultmayıb. Maykl Cekson 2008-ci ilin sonunda «Jackson Five» ailə kollektivinin yenidən birləşməsi layihəsində iştirak etməkdən boyun qaçırıb. Müğənni bəyan edib ki, yeni material yazılması ilə məşğuldur və bir neçə konsert verməyi planlaşdırır. Müşahidəçilər Ceksonun səhnəyə qayıtmaq istəyini onun maddi durumu ilə əlaqələndirirlər. İlkin hesablamaya görə, London konsertləri son dərəcə kasıblamış müğənniyə 50 milyon funt-sterlinq gəlir gətirə bilər.