Yeni il axşamının ən sevimli filmindən təsadüflər və faktlar

Sovet dövründə dekabrın 31-də axşam bayram süfrəsi açıb təzə ili “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmini izləməklə qarşılamaq xoş bir ənənə idi. 1976-cı ildə ekrana çıxan film bu gün də çoxlarımız üçün Yeni il axşamının ən vacib elementlərindəndir.
Filmin çəkilişi ilə bağlı bir neçə maraqlı fakt var. Ondan başlayaq ki, Emil Braqinski və Eldar Ryazanovun əvvəlcə teatr üçün yazdıqları pyesi Moskva teatrlarının heç biri qəbul etmir. Rejissor Eldar Ryazanov pyesi 6 il tamaşaya qoya bilmir və nəhayət, fikrini dəyişərək film kimi çəkmək qərarına gəlir.
Nadya Şevelyova rolunun sınaq çəkilişlərinə Lyudmila Qurçenko, Svetlana Nemolyayeva, Antonina Şuranova kimi məşhur aktrisalar gəlsələr də, heç biri bu rola çəkilə bilmir. Bir çoxları rejissora bu rolu “İşdə məhəbbət macərası”ndan yaxşı tanıdığımız Alisa Freyndlixə həvalə etməyi təklif edirlər. Eldar Ryazanov isə xeyli axtarışdan sonra polyak aktrisası Barbara Brılskaya bu rola dəvət edir. O, ssenari ilə tanış olduqdan sonra çəkilməyə razılıq verir.
Rejissor Jenya Lukaşin rolunun ifaçısını daha çox axtarmalı olur. Bu rolu ifa etmək istəyən Andrey Mironovu Eldar Ryazanov İppolit roluna çəkmək istəyir. Aktyor isə buna razılaşmır. Jenya rolunun sınaq çəkilişlərinə Pyotr Velyaminov, Stanislav Lyubşin və başqaları gəlirlər. Andrey Myaqkov isə bu rola təsadüfən çəkilir.
Maraqlı faktlardan biri də budur ki, filmdə Jenya gedəndən sonra İppolit televizoru açır. Həmin vaxt televizorda “Küləşdən şlyapa” filmi ilk dəfə (31 dekabr 1974) göstərilirdi. Ekran əsərində qəhrəmanlar Yeni ili qarşılayırlar, rolları isə Ryazanovun filminə çəkilə bilməyən Andrey Mironov və Lyudmila Qurçenko oynayırlar.
“Qəribə təsadüf...”də İppolit roluna əvvəlcə Oleq Basilaşvili təsdiq olunub. Bir neçə epizoda çəkiləndən sonra aktyorun atası vəfat edir və o, sonrakı çəkilişlərdən imtina edir. Nəticədə bu rol Yuri Yakovlevə həvalə olunur. Filmdə epizodların birində Jenya İppolitin şəklini pəncərədən həyətə atır. Həmin fotoda Oleq Basilaşvilinin şəklidir.
Rejissor Eldar Ryazanov özü də filmdə epizodik rola (təyyarədə Jenyanın yanında əyləşən sərnişin) çəkilib.
Məşhur hamam səhnəsi isə çoxlarının düşündüyünün əksinə olaraq heç də hamamda çəkilməyib. Dostlar həmin epizodda “Mosfilm”in dəhlizində, pilləkənin altında söhbət edirlər.
Filmin çəkilişləri iki şəhərdə - Moskva və Leninqradda (Sankt-Peterburq) aparılıb. 2003-cü ildə ekran əsərinin şərəfinə Moskvada yerləşən binaya üzərində Barbara Brılska ilə Andrey Myaqkovun şəkilləri olan lövhə vurulub.

Hazırladı: Səbinə Əlibalaqızı