SSRİ Xalq artisti Georgi Vitsin möcüzəli istedada malik insan idi. Onun həyatı da, sənət yolu da kəşməkəşli olub.

1917-ci il aprelin 23-də Sankt-Peterburqda dünyaya göz açmışdı. Sonra ailələri Moskvaya köçmüşdü. Atası I Dünya müharibəsindən əlil qayıtmışdı, evi dolandırmaq İttifaqlar Evinin sütunlu zalında biletsatan işləyən anasının üzərinə düşmüşdü. Uşaqlıqda tez-tez anasının iş yerinə gedən Georginin teatra həvəsi yaranır. Məktəbdə dram dərnəyinə yazılır. Vitsin səhnə istedadı ilə yanaşı, gözəl rəqs etməyi də bacarır. Yaxınları ona baletlə məşğul olmağı məsləhət görsələr də, o, teatrı seçir. Məktəbi bitirəndən sonra “Malı Teatr”ın nəzdindəki teatr sənəti məktəbinə qəbul olunur. Lakin dərslərə vaxtlı-vaxtında getmədiyindən onu məktəbdən xaric edirlər. Sonrakı il üç teatr studiyasına sənədlərini verir və hər üçünə də qəbul olunur. Vaxtanqov adına teatr studiyasını seçir və bir il orada oxuduqdan sonra 1936-cı ildə Nikolay Xmelyovun teatr studiyasına qəbul olunur, aktyor kimi fəaliyyətə başlayır. Oynadığı bir-birindən maraqlı rollarla tezliklə şöhrətlənir.
Bir çoxları tamaşalara məhz ona görə bilet alırdı, lakin heç kəsin ağlına gəlməzdi ki, teatra bu qədər bağlı olan Vitsin nə vaxtsa teatrdan ayrılıb kinoda çəkilməyə başlayacaq. Onun kinoda debütü 1950-ci ildə olur. Əvvəlcə, kiçik rollarda, sonra baş rollarda çəkilir. “Ehtiyat oyunçu” filmində Vasya Vesnuşkin rolu ilə məşhurlaşır. 1960-cı ildə Leonid Qaydayla tanış olur və beləliklə, məşhur üçlük - “Çoxbilmiş” (Yevgeni Morqunov), “Qorxaq” (Georgi Vitsin) və “Səfeh” (Yuri Nikulin) yaranır. “Köpək Barbos və qeyri-adi qaçış”dan sonra bir-birinin ardınca “I əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Yeddi qoca və bir qız” və s. filmlərə çəkilir. O, müxtəlif rolların öhdəsindən o qədər məharətlə gəlir ki, əlli yaşında da iyirmi beş yaşlı oğlanın rolunu oynayır. 1971-ci ildə isə “Uğur centlmenləri” filmində Qavrila Şeremetyev roluna çəkilir. Bu film komediya janrında olsa da, Vitsinin rolu ciddi idi.
Georgi Vitsin 100-dən çox filmə çəkilib. Tamaşalarda, filmlərdə yaratdığı rollarla yanaşı, bir çox cizgi filmlərinin (“Pişiyin evi”, “Şaxta baba və boz canavar”, “Düyməcik” və s.) səsləndirilməsində də iştirak edib. Ömrünün son illərində o, filmlərə çəkilməyib, şou-proqramlarda iştirak edib.
Georgi Vitsinin şəxsi həyatına gəldikdə, iki dəfə ailəli olub. Birinci həyat yoldaşı aktrisa Nadejda Topoleva olub, onlar bir müddətdən sonra ayrılıblar. Lakin Nadejda xəstə olanda Vitsin həmişə ona dərman və ərzaq alıb aparırdı. Aktyor ikinci dəfə isə məşhur alim İvan Miçurinin qohumu Tamara Fyodrovna ilə ailə həyatı qurur və onların Nataşa adında bir qızları var. Rəssamlıqla məşğuldur. Həyat yoldaşının dediyinə görə, Georgi heyvanları çox sevib, quşlara, itlərə, pişiklərə həmişə yemək verib. Evində də iki tutuquşu və iti olub. Çox vaxt “sərxoş” rolları oynasa da, həyatda içki içməyib, yoqa ilə məşğul olub. Amma həkimlər deyir ki, yaşlaşanda yoqa ilə məşğul olmağı səhhətinə pis təsir edib. Çoxlarımızın sevimli aktyoru Georgi Vitsin 2001-ci il oktyabrın 22-də 84 yaşında vəfat edib.

Hazırladı: Səbinə Əlibalaqızı