Rusiyanın Xalq artisti Aleksandr Demyanenko 1937-ci il mayın 30-da Sverdlovskda anadan olub. Atası Sergey Demyanenko Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş, bir müddət opera teatrında çalışmış, sonra konservatoriyada müəllim işləmişdi. Aleksandr dünyaya gələndən sonra atası ikinci dəfə ailə həyatı qurur. İkinci nikahdan oğlu Volodya və qızı Nadya dünyaya gəlir. Bir müddətdən sonra atası yenidən ailəsinin yanına qayıdır və Aleksandrın iki doğma bacısı da anadan olur. Bu beş uşaq o qədər mehriban olurlar ki, onlarda ögeylik hiss olunmur.

Bir müddət sonra atası növbəti dəfə evlənir və ömrünün sonunadək üçüncü arvadı ilə yaşayır. Buna baxmayaraq, Aleksandr vaxtının çoxunu atasının yanında keçirir. Elə bu səbəbdən də teatra həvəsi yaranır. Mədəniyyət evinin nəzdində teatr dərnəyinə yazılır, həmçinin musiqi məktəbində fortepiano sinfində oxuyur.
1954-cü ildə Aleksandr orta məktəbi bitirir. Sənət yolunu davam etdirmək istəyir, lakin teatr müsabiqəsindən keçə bilmir. Ona görə də sənədlərini Sverdlovsk Universitetinin hüquq fakültəsinə verir və qəbul olunur. Altı ay oxuduqdan sonra hiss edir ki, onun yeri teatrdır. Növbəti il Moskvaya gedir və valideynlərinə teleqram göndərir ki, artıq Moskva Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsidir. Dərsə davamiyyəti pis olsa da, yaxşı oxuyurdu. Müəllimi rejissor İosif Rayevski tələbələri arasında onun istedadını xüsusilə qiymətləndirirdi. İkinci kursda oxuyanda rejissorlar A.Alov və V.Naumov onu “Külək” filmində Mitya roluna dəvət edirlər.
1959-cu ildə institutu bitirən Aleksandr Demyanenko V.Mayakovski adına Moskva Dram Teatrında işləməyə başlayır. Burada üç il çalışsa da, kino onu daha çox cəlb edirdi. 1961-ci ildə A.Alov və V.Naumov onu yenidən çəkilişə çağırırlar. Aleksandr “Dünyaya yeni gələn üçün sülh” filmində İvlev rolunu oynayır. II Dünya müharibəsinin sonunda rus və amerikalı əsgərlərin hamilə alman qadını xilas etməsindən bəhs edən film Venesiya və Brüssel festivallarında mükafata layiq görülür.
Aktyor həmin il daha iki ekran əsərində - “Dima Qorinin karyerası” və “Böyük uşaqlar” filmlərində rol alır. 1962-ci ildə Aleksandr Moskvadan Leninqrada (Sankt-Peterburq) köçür. Çünki “Lenfilm” onu tez-tez filmlərə dəvət edirdi, ən əsası da bu şəhərdə mənzillə təmin edilir. “Lenfilm”də “Boş reys” və “Dövlət əhəmiyyətli cinayətkar” filmlərinə çəkilir, getdikcə məşhurlaşmağa başlayır. Məşhur rejissor Leonid Qaydayla görüşü isə onun taleyində dəyişiklik edir.
L.Qaydayın “I əməliyyatı və Şurikin başqa macəraları” filmində baş rola 40-dək namizəd olsa da, onların heç birinin oyunu rejissorun ürəyincə deyildi. Bu vaxt Qaydayın tanışlarından biri ona Sankt-Peterburqda güclü aktyorun olduğunu deyir. Rejissor işlərini ataraq qatarla Sankt-Peterburqa gedir, Aleksandrı görür və çox bəyənir. Aleksandrın saçı həyatda tünd rəngdə olsa da, filmə uyğun olaraq onun saçlarını rəngləyirlər. O, Şurik rolunu oynayanda çox da əziyyət çəkmir, onda hər şey öz-özünə alınır. 1965-ci ildə ekranlara çıxan film ona böyük şöhrət gətirir. Aktyor 1967-ci ildə Qaydayın “Qafqaz əsiri və Şurikin yeni macəraları” kinokomediyasına, 1973-cü ildə isə “İvan Vasilyeviç peşəsini dəyişir” filminə çəkilir. Bu üç kinolent sovet komediya filmlərinin “qızıl fondu”na daxil olur.
Şurik rolundan sonra Aleksandr Demyanenko demək olar ki, küçəyə çıxa bilmir, hamı ona Şurik kimi yanaşır, zarafatlar edir, qulağını dartır, eynəyini çıxarır. Bu isə təbiətcə ciddi olan Aleksandrın heç xoşuna gəlmir. Getdikcə rejissorlar Aleksandrı öz filmlərinə dəvət etmir, onu çox vaxt epizodik rollarda çəkirlər. Çünki hamı onu Şurik kimi qəbul etmişdi. Buna görə də o, “Lenfilm”dən çıxıb gedir. Həmin vaxtlarda teatr və televiziya Aleksandrın köməyinə çatır. O, bədii və cizgi filmlərinin dublyajında iştirak edir.
Şəxsi həyatına gəldikdə isə, aktyor iki dəfə ailə həyatı qursa da, heç bir nikahdan övladları olmayıb. Birinci həyat yoldaşı ilə teatr dərnəyində tanış olur. Onlar 16 il birgə yaşadıqdan sonra uşaqları olmadıqlarına görə ayrılırlar. İkinci dəfə isə “Lenfilm” studiyasında rejissor assistenti Lyudmila Akimovla ailə həyatı qurur və 24 il birgə ömür sürürlər. Aleksandr Lyudmilanın birinci nikahdan olan qızına öz qızı kimi baxır.
Ürəyinin xəstə olduğunu bilməyən aktyor 1996-cı ildə “Çiyələk” serialına çəkilən zaman gözündən əməliyyat olunur. Həmin əməliyyat zamanı gizli infarkt keçirsə də, bunu nə həkimlər, nə də özü bilir. Növbəti dəfə infarkt keçirəndə həkimlər bunun ikinci infarkt olduğunu üzə çıxarırlar. Ürəyindən əməliyyat keçirilməsi zəruri olsa da, yay olduğundan həkimlər əməliyyatı sentyabra saxlayırlar. Lakin Aleksandr Demyanenkonun ürəyi həmin ilin istilərinə dözmür. 1999-cu ilin 22 avqustunda milyonlarla kinosevərin sevimli Şuriki vəfat edir.
O, son müsahibələrinin birində deyib: “60 yaşım olsa da, mən yenə də hamı üçün Şurikəm. Çoxları mənim filmlərimi yada salanda üzlərində təbəssüm yaranırsa, eybi yox, mən bununla razıyam”.

Səbinə Əlibalaqızı