Çoxlarımızın “Gənc qvardiya”, “Brilyant əl”, “Əyri güzgülər krallığı”, “Ələddinin sehrli çırağı” filmlərindən, eləcə də “Azərbaycanfim”də istehsal olunan “Uzaq sahillər”dəki Mazelli, “Bir qalanın sirri”ndə Göygöz kosa kimi tanıdığımız məşhur teatr və kino aktyoru Andrey Fayt 1903-cü il avqustun 29-da Rusiyanın Nijni-Novqorod şəhərində anadan olub.

O, əslən XIX əsrin əvvəlində Rusiyaya köçmüş alman tacir ailəsinin üzvlərindəndir. İxtisasca həkim olan atası siyasi fəaliyyətə qoşulmuşdu, bolşeviklərin partiyasının üzvü idi. Həyat yoldaşı da ona kömək edirdi. Bir neçə dəfə Sibirə sürgün edilmişdi. 1905-ci ildə sürgün təhlükəsindən qaçaraq Fransaya gedirlər. Balaca Andrey burada liseydə oxumağa başlayır. Ata və ana siyasətdən əl çəkiblər. Əvvəlcə anası iki uşağı ilə Moskvaya qayıdır, bir müddət sonra atası da onların yanına gəlir. Atası sanatoriyada baş həkim işləməyə başlayır.
Andrey Faytın xalası oğlu, Rusiyada səssiz kinonun məşhur aktoyru Oleq Frelix ona O.İ.Preobrajenskinin şəxsi incəsənət dərnəyinə yazılmasını məsləhət görür. Dərnəkdə onlar rəsm çəkir, şeir yazır, aktyorluq edirdilər. Andrey isə onlardan fərqli olaraq mahnı bəstələyir. Məktəbi bitirəndən sonra Hərbi Mühəndislik İnstitutuna daxil olur. İki il burada təhsil aldığı müddətdə dəqiq elmlərə marağının olmadığına əmin olur. Ona görə də sənədlərini Moskva Kinematoqrafiya İnstitutuna verir və qəbul olunur. İnstitutda oxuduğu vaxt aktrisa Qalina Kravçenko ilə tanış olur. 1928-ci ildə ailə həyatı qursalar da, bu izdivac çox sürmür və 1930-cu ildə ayrılırlar.
Tələbəlik illərində Andrey yoldaşları ilə birgə konsertlər təşkil edir. Belə konsertlərin birində rejissor Vladimir Qardinlə tanış olur. Rejissor Andreyi “Göyərçinlərin evi” (1924) filmində Azanqulov roluna dəvət edir. Bu filmdən sonra o, “Mosfilm” studiyasında rejissor Mixail Rommla tanış olur, “Qızıl ehtiyatı” filmində rol alır, sonra bir çox filmlərdə çəkilir.
Böyük Vətən müharibəsi başlayanda Andrey Fayt studiya ilə bərabər Stalinabada (Tacikistanın paytaxtı Düşənbə) köçür. Burada “Dəmir mələk” (1942) filminə çəkilir. 1948-ci ildə rejissor Qriqori Aleksandrov onu “Elbada görüş” filmində Şrank roluna dəvət edir. Daha sonra “Əyri güzgülər krallığı”nda Nuşrok roluna çəkilir. 60 yaşlı aktyor çəkiliş zamanı məharətlə at çapır. “Dulusçuluq aləti” filmində yaratdığı usta Bolotnikov rolu isə onun sənətdə böyük uğuru olur. Bu zaman 70 yaşı, fəaliyyətinin isə 50 ili tamam olmuşdu.
Ümumiyyətlə, onun istedadını bir çox rejissorlar bəyənib. Bu səbəbdən demək olar ki, bir ildə iki-üç filmə çəkilirdi. Xüsusən də mənfi rolları məharətlə canlandırırdı. Andrey Faytın özünəməxsus xarici görünüşü, istedadı bizim rejissorların da xoşuna gəlir və Tofiq Tağızadə onu “Uzaq sahillərdə” (1958) filmində Mazelli roluna, Əlisəttar Ataklişiyev isə “Bir qalanın sirri” (1959) filmində Göygöz kosa roluna dəvət edir. Aktyor hər iki rolu məharətlə ifa edərək adını kino tariximizə həkk edir.
Gəncliyində istedadlı aktyorun “Hərarətli şəlalə” şeirlər kitabı nəşr olunub. 1973-cü ildə isə “Olanlar haqqında” kitabını yazsa da, nədənsə bu kitab çap olunmur. Andrey Fayt 1976-cı il yanvarın 17-də Moskvada vəfat edib.
Aktyor ikinci dəfə Mariya Brilinqlə ailə həyatı qurmuşdu. Onların Yuli adında oğulları dünyaya gəlir. Sonralar o da atasının yolunu davam etdirərək, Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirir. Əsasən sənədli və uşaq filmlərini çəkib. Uşaqlar üçün “Yeralaş” süjetləri hazırlayıb.

Səbinə Əlibalaqızı