Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizin inkişafında xüsusi xidmətləri var

Həyatda nadir insanlar olur ki, bütöv bir xalqın sevimlisinə çevrilir, öz ölkəsinin xoşbəxt gələcəyi üçün çalışaraq şöhrətlənir, hətta Vətəndən uzaqlarda belə mənəvi zənginliyin daşıyıcısı kimi tanınırlar.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva məhz belə xoşbəxt insanlardandır.
Mehriban xanım elə bir mühitdə böyüyüb ki, onun həyat yolunun elm və mədəniyyətlə bağlı olacağı, ömrünü çıraq kimi xalq yolunda yandıracağı irəlicədən bəlli idi. Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında yaradıcılıqları və pedaqoji fəaliyyətləri ilə böyük xidmətlər göstərən Mir Cəlal Paşayev və Nəsir İmanquliyev kimi görkəmli ziyalıların yadigarı olmaq, onların Vətən tarixindən keçən əməlləri barədə xatirələrini dinləmək heç də ötəri məqam deyil.
Bir zamanlar Azərbaycanın gənc elitasının sayılıb-seçilən, təfəkkür sahibi olan iki gənc aliminin - Arif Paşayevlə Aida İmanquliyevanın ocağında doğulması, bu gözəl insanlardan tərbiyə alması, valideynləri kimi Mehriban xanımın da ömrünü elmə həsr edəcəyinin təməlini qoymuşdu.
Mehriban xanımın taleyinə hələ tələbə ikən respublikanın birinci şəxsinin ailəsində gəlin, sonrakı illərdə xalq tərəfindən üç dəfə ölkə prezidenti seçilən İlham Əliyevin ömür-gün yoldaşı olmaq qisməti yazılıb.
Onu bir şəxsiyyət olaraq kamilləşdirən vaxt göstərdi ki, aralıdan çoxlarına parlaq görünən tale qismətlərinin hər biri Mehriban xanım üçün imtiyaz və üstünlük deyil, məsuliyyət yaratmış, onu təbii bir cazibəylə Vətənə, xalqa xidmət yolunun başlanğıcına gətirmişdir.
Doğma xalqına sonsuz məhəbbətlə bağlanan, onun tarix və mədəniyyətini dünyada yüksək səviyyədə təqdim etməyi, ən ali qurumlarda Vətəninin adını haqlı olaraq bəşər sivilizasiyasının beşiyi sayılan məkanlardan biri kimi təsdiqlətməyi bacaran Mehriban Əliyeva yurdumuzun başucalığıdır.
Onun əli ilə yazılan uğurlar siyahısına baxarkən istər-istəməz düşünməli oluruq: ötüb keçən iki-üç onillik ərzində o, həkimlik, elmi fəaliyyət, üç uşaq böyüdüb tərbiyə etməklə yanaşı, böyük ictimai-siyasi işlərə imza atmış, Azərbaycan həqiqətlərinin carçısı olmuş, öz Vətənini tanıtmaq kimi yüksək missiyaları yerinə yetirmişdir. Bəs, o, bunlara necə nail olub?
Təkcə Azərbaycanda deyil, xoşməramlı səfir kimi təmsil olunduğu UNESCO-da və İSESCO-da da bilirlər ki, Mehriban xanım Azərbaycan həqiqətlərinin yorulmaz carçısı, milli mədəniyyətin, musiqi və incəsənətinin əsl təəssübkeşidir və Azərbaycan qadını, milli-əxlaqi məziyyətlərin daşıyıcısı kimi də özünün bənzərsizliyini ağıllı mühakimələri ilə təsdiqləyir. O, Azərbaycan xanımlarına məxsus zəriflik, mənəvi kamillik, yüksək intellekt, səmimiyyət və mehribanlıq keyfiyyətlərini hər zaman meydana qoya bilir. Xarakterindəki şəcərəsindən gələn alicənablıq hərarət və gözəlliyə bürünərək Azərbaycan xanımlarının ümumiləşmiş rəmzinə çevrilir.
Mehriban xanım hazırda dünyanın mədəniyyətlərarası dialoq, milli müxtəlifliyə dözümlülük, mədəniyyətlər arasında körpü olma kimi ideya çağırışları ilə də göz önündədir. Bütün dünyaya siyasi və mədəni meyarlar baxımından əsas söz sahibi olan ölkələrin ən yüksək kürsülərindən vahid məkanda yaşadığımızı və bizi mədəni dəyərlərin birləşdirmək gücünü, bütün bu müxtəlifliyin mədəniyyətlərin dialoqu ilə tarazlaşa biləcəyini dönə-dönə vurğulayan Mehriban xanım, təbii ki, məhz əzmkarlıq və intellektual kamillik sayəsində uğurlar qazandı.
Artıq bu gün Azərbaycan, doğma Bakımız sivilizasiyalar arasında körpü, mədəniyyətlərarası dialoqda əsas söz sahibi, istinad ünvanı kimi tanınır. Paytaxtın dəfələrlə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, mədəniyyət, incəsənət, musiqi ilə bağlı festival, simpozium, konfrans və toplantılar Mehriban xanımın mədəniyyətlərarası dialoqa ən dəyərli töhfəsi, ölkəmizin bu yöndə həyata keçirdiyi düşünülmüş diplomatiyanın uğurlu yekunudur. Məhz elə buna görə də dünyanın nüfuzlu təşkilatları - BMT, UNESCO, İSESCO və onlara bağlı qurumlarda mədəniyyətə dair qəbul edilən qərarlarda, icra olunan layihələrdə Azərbaycanın xüsusi çəkisi vardır.
Mədəniyyət hamisi, milli musiqimizin yorulmaz təbliğatçısı, maddi-mənəvi sənət xəzinəmizin tərənnümçüsü olan Mehriban xanım Əliyeva bu sahələrlə bağlı bir çox layihələrin müzakirəsində dərin biliyə, yüksək zövqə və duyuma malik olduğunu hər zaman göstərib. O, qlobal layihələrin gerçəkləşməsindən ötrü əzmlə çalışır, yorulmur və ən başlıcası, ətrafında olan hər kəsi bu təşəbbüslərin gerçəkləşməsinə ruhlandıra bilir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən gərgin ictimai-siyasi hadisələr fonunda mədəniyyətimizin necə böyük sarsıntı keçirdiyi orta yaş həddinə çatmış əhalinin yaxşı yadındadır.
Bir tərəfdən, informasiya blokadası, Azərbaycan həqiqətlərin məqsədyönlü şəkildə dünyaya çatdırılmasına törədilən maneələr, milli mədəni dəyərlərimizin erməniləşdirilməsinin yaşatdığı narahatlıq, digər tərəfdən, sovet dövrü boyunca qazanılmış mədəni nailiyyətlərin daha bizə gərək olmadığını israr edən dardüşüncəli qüvvələr... Qarabağ münaqişəsinin, müstəqilliyin ilk illərində ölkədəki iqtisadi-maliyyə durumunun doğurduğu gərginliyi də əlavə edəndə aydın olur ki, nə qədər çətin günlər yaşamışıq. Belə bir vaxtda Mehriban xanımın yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondu diqqətdən kənarda qalan qocaman mədəniyyət xadimlərinə qayğı göstərməyə, mədəniyyətimizin dirçəlişi naminə zəruri addımlar atmağa, informasiya blokadasını yarmaq və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə “İrs” jurnalını nəşr etdirməyə başladı.
Dəyərli və həyat əhəmiyyətli addımlar ildən-ilə dairəsini daha da genişləndirdi, dünyanın dörd bir yanını əhatə etdi. Onun təşəbbüsü əsasında xalqın milli musiqisi, mədəni yaddaşı olan muğama qol-qanad verildi. Sistemli şəkildə reallaşan respublika və beynəlxalq səviyyəli layihələr məntiqi yekunlar doğurdu. 2003-cü ildə Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrs Siyahısına daxil edildi. Bu, böyük nailiyyət idi. Hər kəsin, xüsusən milli musiqisevərlərin bayram kimi qəbul etdiyi hadisə muğam sənətinin tərəqqisində dönüş nöqtəsi oldu. Fondun reallaşdırdığı “Muğam-İrs” layihəsi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən respublika və beynəlxalq muğam müsabiqələrinə yol açdı.
2004-cü ildə Mehriban xanım şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılmasındakı xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri tituluna layiq görüləndən sonra Azərbaycan muğamını yaşatmaq, tanıtmaq və inkişaf etdirməklə bağlı tədbirlər beynəlxalq müstəviyə keçdi. Və beləcə, bəşəriyyətin dəyərli incilərinin qorunub saxlanması və təbliğatı işinə milli məfkurəli Azərbaycan xanımının imzası əlavə olundu. Onun həmin qurumda təmsil olunması milli mədəniyyət və musiqimizin təbliğatı işinin beynəlxalq qanadını daha da şaxələndirdi.
2005-ci il aprel ayının 8-də “Gülüstan” sarayında “Qarabağ xanəndələri”albomunun təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən Mehriban xanım əbədiyaşar musiqi xəzinəsi barədə sonradan dillər əzbəri olan fikirlərini səsləndirdi, daha sonrakı mərhələdə görüləcək işlərin proqramını müəyyənləşdirdi: “Muğam artıq təkcə bizim Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Bizim məqsədimiz muğamı qorumaq, inkişaf etdirmək, muğamın gözəlliyini, onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaqdır”.
Heydər Əliyev Fondunun miqyaslı mədəniyyət layihələri bununla yekunlaşmır. Mehriban xanım Əliyeva müstəqil Azərbaycanın memarı Heydər Əliyevin idarəçilik məktəbinin sadiq davamçısı olaraq, bu zəngin irsin öyrənilməsi və həmçinin dahi rəhbərin yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması üçün xalqın arzu və istəklərinə ən yaxın ideyaları səmimi şəkildi reallaşdırdı.
Mehriban xanımın rəhbərliyi altında 2004-cü ilin may ayından, yəni Heydər Əliyev Fondunun rəsmi açılış tarixindən indiyədək ən müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr barədə geniş məlumat versək, yəqin ki, bu əziz insanın ad gününə dair məqalə yox, böyük bir kitab alınar.
Dəyərli tarixi məqamlar unudulmur. Heydər Əliyev Fondu fəaliyyətə başlayarkən onun ilk böyük tədbiri uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların “Mən Azərbaycanı sevirəm” adlı rəsm sərgisi olmuşdu. Aradan keçən on il ərzində öz sevgilərini, duyduqları Vətən məhəbbətini təcrübəsiz barmaqlarının titrəyərək çəkdiyi kövrək cizgilərlə tərənnüm edən həmin uşaqlar indi böyüsələr də ölkənin birinci xanımına öz rəsmləri barədə necə məlumat verdiklərini xatırlayır, onun sevgi və səmimiyyətini unudulmaz an kimi yenidən yaşayırlar.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində üç istiqamət daha ayrıntılı və dəqiq izlənilir: mənəvi dəyərlər (keçmiş), mədəniyyət (bu gün), yeni nəslə qayğı (gələcək).
Fond onillik fəaliyyəti dövründə on ikidən çox dini əhəmiyyətli tarixi-memarlıq abidəsini, məscid və ziyarətgahı bərpa edib. İnanclı insanlar arasında heç bir fərq qoymayan fondun bərpa etdiyi məbədlər arasında təkcə müsəlman məscidləri deyil, xristian məbədləri də var ki, bu fakt Azərbaycanda tolerantlığın hakim olduğuna gerçək sübutdur.
Lap bu yaxınlarda, Vatikanda səfərdə olarkən Mehriban xanım Əliyeva antik və intibah dövrünə dair dəyərli heykəltəraşlıq nümunələrinin qorunub saxlandığı Piyo-Klementino muzeyi ilə tanışlıq zamanı rəhbərlik etdiyi qurumun ümumbəşəri dəyərlərə daim önəm verdiyini vurğulamış və Vatikan muzeyinə əməkdaşlıq təklif etmişdi. Muzeydə saxlanılan Zevs heykəlinin bərpasına və muzeyin “Sistina” zalında yenidənqurma işlərinin aparılmasına dair imzalanan ilk saziş bütün dünyaya və dünyanın inanclı katoliklərinə bir daha sübut edir ki, azərbaycanlılar gerçəkdən tolerantdırlar və belə düşüncə sahibi olanlar heç vaxt təcavüzkar ola bilməz. Məşhur atalar sözü ilə analogiya aparsaq, zər qədrini zərgər bildiyi kimi, mədəniyyətin dəyərini də qədim keçmişə malik mədəni xalqlar bilir.
Qədim milli sərvətlərdən söz düşmüşkən, muğam sənətimizin ardınca, Azərbaycan aşıq musiqisinin və Qobustan tarixi qoruğunun UNESCO-nun bəşər sivilizasiyasının Qeyri-Maddi və Maddi İrs siyahılarına salındığını da ayrıca qeyd etməliyik.
Bir məqamı da deyim ki, fondun apardığı milli mədəniyyətin tanıdılması prosesində maddi və mənəvi dəyərlər ardıcıllıqla, həm də vəhdətdə təqdim olunur.
Vəhdətdə aparılan mədəni təbliğat işinin davamı olaraq 2008-ci ildə Abşeronda qədim “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisindəki abidələrin qorunması gündəmə gəldi. Qoruq yarımadada aşkar edilən arxeoloji tapıntılar sayəsində bir qədər də zənginləşdi. Tarixi yaşayış məskəni dünya miqyasında geniş yayılmış, həm yerli, həm də xarici turistlərin böyük maraq göstərdiyi etno-turizmin ölkəmizdə ilk nümunəsidir.
Azərbaycandan kənarda yaşayan soydaşlarımız, diaspor nümayəndələri etiraf edirlər ki, Heydər Əliyev Fondunun ölkəmizdən kənarda keçirdiyi tədbirlər, Mehriban Əliyevanın şəxsi təşəbbüsləri onların da fəaliyyətlərinə çox kömək edir.
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirdiyi tədbirlər xüsusilə diqqətəlayiqdir. Kimsəyə sirr deyil ki, böyük kollektivlərin, orkestrlərin xarici ölkələrə qastrol səfərlərinin təşkili, yaxud istedadlı gənclərin Avropanın ən nüfuzlu konservatoriyalarında, digər sənət məktəblərində təhsil alması, ustad dərsləri keçməsi nə ayrı-ayrı müəssisə və ya təşkilatların, nə də valideynlərin qarşılaya biləcəyi xərclər hesabına mümkün deyil. Heydər Əliyev Fondu xarici ölkələrdə müalicəyə ehtiyacı olan ayrı-ayrı vətəndaşların müalicəsinə yardım etməklə yanaşı, böyük mədəniyyət tədbirlərinin təşkilini, gənc istedadların təhsilini də unutmur. Necə deyərlər, hər şey Azərbaycan naminə, hər şey Azərbaycan insanı üçün!
Fondun tarixi əhəmiyyətli layihələrindən biri də bu gün qürurla musiqimizin qələbəsi saydığımız Qəbələ beynəlxalq musiqi festivalıdır.
Bu gün dünyada hər hansı yeni festivalın təməlini qoymaq və yaşatmaq heç də asan məsələ deyil. Çünki əksər sahələrdə prioritetlər artıq dəqiqləşdiyi üçün nəsə təzə bir şey yaradıb, onun yaşarlığını təmin etmək, böyük bilik, səriştə və görülən işə sevgi tələb edir. Amma Heydər Əliyev Fondunun təcrübəsi göstərdi ki, biz bunu bacarırıq. Üstəlik, bu festivalı Bakıdan, paytaxtdan bölgələrə çıxarmaqla bir neçə uzaqgörən məqsədə nail olduq. Festival iştirakçıları həm çıxış edirlər, həm dincəlirlər, həm də Azərbaycan deyəndə gözləri önündə yalnız Bakı deyil, “Qafqazın İsveçrəsi” sayılan Qəbələ, gözəllik məskəni Qax, Oğuz, Şəki mənzərələri canlanır.
Altı il əvvəl Qəbələ beynəlxalq musiqi festivalı ilk dəfə keçiriləndə, bəlkə də, bir çoxları inanmırdı ki, bu festival indiki səviyyədə uğur qazana və dünyanın çox ünlü ifaçılarını, tanınmış kollektivlərini özünə cəlb edə bilər. Lakin Azərbaycan Respublikasında bitməmiş müharibənin fonunda gedən möhtəşəm quruculuq işləri, Azərbaycan musiqisinin dünya səviyyəsində qazandığı uğurlar, təbii ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi nüfuzu və Qəbələ festivalına bilavasitə rəhbərlik etməsi məşhur ifaçıları maraqlandırdı və ildən-ilə Qəbələ festivalında çıxış edən ifaçıların sayı artdığı kimi, musiqi bayramının konsert proqramları da zənginləşdi. Bu gün Qəbələ festivalı klassik simfonik musiqi, etno musiqi, caz musiqisi ifaçılarını və adıçəkilən musiqi janrlarına üstünlük verən musiqisevərləri bir araya toplaya bilir.
Festival günlərində televiziya kanallarında xarici ölkələrdən gələn görkəmli ifaçıların istər festival proqramından, istər festival təşkilatçılarından, istərsə də auditoriyanın ciddiliyi və zövqündən bəhs edən müsahibələrini dinlədikcə sevinirsən. Bütün təəssüratlar bir daha göstərir ki, Mehriban xanımın himayəsi sayəsində elm, mədəniyyət, təhsil, səhiyyə sahələrində, xüsusən yaradıcılıq aləmində çox ciddi uğurlar qazanılır, Azərbaycan insanı öz milli mənliyini qorumaqla dünya mədəniyyətinin ayrılmaz və öncül hissəsinə çevrilir.
Mehriban xanım Əliyevanın, bir qayda olaraq, uğurlu nəticələrlə yekunlaşan dəyərli əməyi ən müxtəlif səviyyələrdə çeşidli mükafatlara layiq görülüb.
Mehriban xanımın mükafatları arasında Rusiyanın “Yüzilliyin mesenatları”, Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, “Qızıl ürək” beynəlxalq mükafatı, Fransanın “Şərəf Legionu” ordeninin zabit dərəcəsi, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Küveyt dövlətinin Fəxri diplomu və bir çox başqa təltiflər var. Bu yaxınlarda Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Mehriban xanımı “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edib.
İndi hər kəs qarşıdan gələn 2015-ci ili böyük həyəcanla gözləyir. Bakıda ilk Avropa Olimpmya Oyunları keçiriləcək, bu möhtəşəm tədbirin təşkilat komitəsinin rəhbəri Mehriban xanım Əliyevadır. İnanırıq ki, dünya yarışması böyük uğurla davam edib başa çatacaq. Xalqımız isə öz növbəsində ölkənin birinci xanımına arxa-dayaq olacaq.
Əlbəttə, Azərbaycan naminə gördüyü xeyirxah və gərəkli işlər sayəsində Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdəki nüfuzu və layiq olduğu mükafatların sayı bundan sonra da artmaqda davam edəcəkdir. Bütün bunlar öz yerində. Amma Mehriban xanım mərhəmətə ehtiyac duyan kəslərə, iş və mənzil şəraitinin yaxşılaşmasına yardım etdiyi yaşlı insanlara, valideyn himayəsindən məhrum uşaqlara, daha mükəmməl təhsil almaq üçün Fondun xəttilə xarici dövlətlərə oxumağa yolladığı gənclərə, xarici ölkələrdə çıxış etmək imkanından bəhrələnən ifaçılara, sənətkarlara kömək etməklə, onların qayğılarını diqqət mərkəzində saxlamaqla ən uca bir mükafat qazanıb. Bu mükafat insanların ona bəslədiyi sonsuz sevgi və böyük inam duyğusudur.
Məncə, xalqın sevgisinə və inamına sahib olan insan ən xoşbəxt insandır.

Alla BAYRAMOVA,
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi