Bu, hər bir statistik fərddən, ailədən, məhəllədən, kənddən, qəsəbədən, şəhərdən mənbələnərək doğma Vətəndəkilərimizlə bərabər, dünyanın bütün qəribliklərində yaşayan soydaşlarımızın qəlbində mənsəblənən ən ümummilli mənəvi nemət!..
Bu, yeni bir yenilməzlik ideyası. O qədər kompleksal yenilik ki, fikir-xəyallarımızda, bəlkə də çoxları üçün qəribə səslənəsi belə bir neologizm də doğurur: hamımızçılıq...


“Azərbaycançılıq” adlı ideoloji toxumun mənəvi-mental təsərrüfatımıza yaxın keçmişimizdə düşdüyü hamıya bəlli. Ancaq bunun hansı çətinliklər, mübahisələr zəminində cücərişi hələ də çoxları üçün qaranlıq. İndi müşahidə etdiyimiz “məhsuldarlığı” isə hər kəs üçün tam aydın!..
Ötən əsrin sonlarında ölkəmizin kütləvi meydanında baş verən hadisələrin mərkəzi-elitar meydançalar üçün milli əhəmiyyətli mətləb-mövzular doğurduğu, ictimai-siyasi sifarişlər irəli sürdüyü məqamlarda hakimiyyətə təkidlə və ümumxəlqi ürəklə çağırılan ümummilli lider Heydər Əliyev dövlətçiliyin digər siyasi-hüquqi atributları kimi, öz çıxışlarının birində etnik baxımdan çoxtərkibli xalqımızın bu milli-mənəvi, psixoloji-sosioloji vahidlik ideyasını da bərqərar etdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!..”
Bu sözləri yazdıqdan sonra bir xeyli duruxdum və ürəyimdə hörmətli oxucularımıza belə bir xitab yarandı: xahiş edirəm, ulu öndərin həmin fikri səsləndirdiyi anları - həmin o ecazkar ürək, sir-sifət, keçmiş və gələnəklərimizi ifadə edən hiss-həyəcan, fəxr-fəxarətdən ibarət psixoloji-bioloji duyğuların vəhdətini - qeyri-adi sinxronluğunu gözləriniz önündə bir daha canlandırın!..
Belə situasiyalar yazı-pozularda adətən “gözlərimiz önündən kinolenti kimi” sözlərilə ifadə olunur. Mən isə ulu öndərin həmin deyim anından aldığım təəssüratı, yaşadığım mütəəssirliyi 30-40 il öncə baxdığım bir rus kinofilminin təsirilə müqayisə etmək istərdim.
...Məlum Stalin məngənəsindən xaricə qaçmış ata və bir neçə onillikdən sonra o dövrün məlum “nümayəndə heyətləri”ndən birinin tərkibində həmin ölkəyə getmiş oğul. Təsadüfən tapışıb tanışan bu ata-bala məlum və məşhur KQB xofu haləsindən kənar söhbət üçün bir çay kənarında görüş vəd edirlər. Sabahısı gün baş tutan həmin görüşdə kadrarxası hal-əhvallaşmadan sonra, oğulun “- Hə, ata... vətənə dönürəm, bir sözün varmı” sualına cavab ləngidikcə ləngiyir. Ekranda - “yad”lığı bir azdan məlum olası çayın suları ləpələnə-ləpələnə axır, “əcnəbi” balıqlar tilovların göstərgəsini döydükcə döyür, ata isə susduqca susur. Və birdən o, mənaca tamaşaçı qəlbini təlatümə gətirən, tonallıqca isə sükutdan da sakit bir tonda deyir: “Bir rus çayı kənarında oturub, bir rus balığı tuta bilsəydim!..”
“Rus çayı” ifadəsi məqbul, bəs “rus balığı”?! Bəli, vətən eşqi, vətən təəssübkeşliyi, vətən tamarzılığı bu sayaq yanlışlıqları da doğrulayıb müqəddəsləşdirir!
Belə hisslər, duyğular bizim milli ədəbiyyatımızda, publisistikamızda, kino, musiqi və digər incəsənət nümunələrimizdə də az deyil. Bu an dahilərimizdən - Mirzə Cəlilin “Tiflis - 7 aprel”indəki “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” yanğılarını, Üzeyir bəyin “Koroğlu”sundakı “Çənlibel ölkəm - hər yeri möhkəm, möhkəm!” taktlarını, Mirzə Ələkbərin “Əcnəbi göydə balonlarla uçur...” ahlarını, Səməd Vurğunun “Hankı səmtə, hankı yana hey uçsam da yuvam sənsən” şərqilərini xatırlamaq kifayətdir. Lakin bunlar “mülki” bir bədiilik ki, milləti “xalq-qalx” alliterasiyasına reaksionlaşdırıb siyasi meydanlara çıxaracaq gücündə deyildi.
Ancaq, hər halda, o ədəbi-bədii nüanslar bu gün nail olub, artıq təbliğini apardığımız sözügedən ideyanı mürurla hazırlamaqda idi.
Bu məqam belə bir reallığı da qeyd edək ki, bizim ümumxalq birliyimizi - deməli, son dövrlərin ən işlək terminləri olan multikulturallıq, tolerantlıq, pasionarlıq və s. bu kimi sosio-kultural kriteriyalar məcmusunu ehtiva edən bu ideya Azərbaycan xalqının nüvəsindəki Türkçülük-Turançılıq məfkurəsini heç də inkar etmir və əksinə, polietno-milli və dini qardaşlıq ailə-areallarımızda ayrı-ayrı toplumsallıq dinamikası yaradır.
Hər ilin sonuncu günü - 31 dekabr tarixçələri bu ümumideal ideyanın ad günü!
Bəli, hamıya məlum tarixçədə ulu öndərin leqal təklifi, bəzi hallarda qeyri-leqal him-işarətilə Naxçıvanda sərhəd simlərilə bərabər, zaman-zaman böyük Azadlıq, milli Müstəqilliklə ilgili enib-qalxan fraqmental ümidsizliyimiz və dünyaya səpələnmiş azərbaycanlılarla aramızdakı siyasi yasaq zəncirləri də qırıldı. O çağlaradək SSRİ sərhədlərini fikir-xəyallarında belə aşmağa ehtiyat edən xalqımız müxtəlif səbəblərdən dünyaya yayılmış soydaşları, qohum-əqrəbaları, dost-tanışları ilə görüşmək, uzun illər qəlblərində qövr edən sevgilərini, xatirələrini paylaşmaq arzularına qovuşdu. Tezliklə milli-mənəvi tədbirlər düzənləndi, dünyanın müxtəlif ünvanlarından gəlmişlərin - belə demək mümkünsə, “milli dam” altında anadilli yığıncaqları, vaxtaşırı qurultayları keçirildi. Belə tədbirlər isə tək elə özümüzünkülərin birləşib daha da özgürləşmələrilə yox, həm də xariclərdə yaşayan saysız-hesabsız soydaşlarımızın sözünün, söhbətinin, əhatəli təmasının möhkəmlənməsi, onlarla müxtəlif əlaqələrdə olan əcnəbilər vasitəsilə Vətənimiz haqda informativ yayımların artmasıyla da nəticələnir.
Deyək ki, yaxın zamanlaradək fizikən də çağdaşımız olan bir dahinin - Heydər Əliyevin düşüncələrində doğulub ən müasir reallığa çevrilmiş bu ideya dünya dahilərinin ideyalar haqda fikirlərilə də tam üst-üstə düşür. Məsələn, V.Belinski deyirdi: “Cəmiyyət üzərində sözlər deyil, yalnız ideyalar möhkəm hakimiyyətə malik olur”. Amerika filosofu Ralf Emersonun “İdeyalar yaxşı və güclü insanların əqli və qüvvəsilə həyata keçməlidir, yoxsa o, xəyaldan başqa bir şey olmayacaqdır” fikri isə Heydər Əliyev fenomenini daha parlaq şəkildə səciyyələndirir.
İdeyalar haqda dahiyanə fikirlər olduqca çoxdur, lakin burada məhz mövzuca səsləşənlərlə kifayətlənmək fikrindəyəm. Alman filosofu İohann Fixteyə görə, “Tələbat ideyaların anası, fəaliyyət beşiyidir”sə, böyük fransız Bernar Fontenelin fikrincə, “İdeya insanı və dünyanı hərəkət etdirən yeganə fikir axınıdır”.
Bir neçə postulat da - ümumən ideya haqda: “Dünyanın heç bir ordusu vaxtı çatmış ideyanın gücü qarşısında duruş gətirə bilməz” (V.Hüqo). “Dövlətin həyatında ideyalar olduqca vacib və əhəmiyyətli amildir; bunlara məhəl qoymamaq, yaxud lazımınca qiymətləndirməmək ən böyük nadanlıq və siyasi kallıqdır” (F.Qolsendorf). “İdeyalar toplardan da bərk guruldayır. Fikirlər ordulardan qüdrətlidir. Prinsiplər süvari qoşunlarından daha çox qələbə çalır” (U.Pakston). “Hər bir ideyanın həyata keçirilməsi böyük qurbanlar tələb edir” (J.Renan).
Ziqmund Freydin yüz il öncəki qənaəti isə bugünkü Azərbaycançılıq ideyasının müəllifilə bahəm, tərəfdarlarını da təltifləyir: “Güclü ideyanı müdafiə edən insanlar da güclüdürlər”. Bu an təbii ki, sözügedən ideyanın geniş təbliğilə bağlı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi yazılar müsabiqəsi keçirən məlum Fondu da məmnuniyyət hissi ilə xatırlayırıq.
Yuxarıda ideyalar haqda kəlamların çoxluğunu qeyd etdim, lakin ideyaların azlığı barədə böyük ispan yazıçısı və dövlət xadimi Emilio Kastelyardan oxudum ki: “Tarixi nəzərdən keçirərkən biz ən müxtəlif və zəngin faktlarla müqayisədə ideyaların bu qədər az olmasına istər-istəməz təəccüb edir, hansısa bir ideyanın bütöv bir yüzillik ərzində insan zəkasına hakim kəsildiyini görürük”. Bu müəllif başqa bir fikrində ideyaları zamanın “baş qəhrəman”ı kimi dəyərləndirir: “Bəşəriyyət tarixi ideyalar və mənafelər arasında gedən fasiləsiz mübarizədir; bu mübarizədə mənafelər ötəri, ideyalar isə uzun müddətə qələbə çalır”.
Ümummilli liderin fikirlərilə tanış olduqca, düşünürsən ki, o, bunları müdrik sözlər söyləmək xatirinə deyil, əsasən, hər cari işin uğuru üçün fikirləşib söyləmişdir. Məsələn, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Ulu öndərin növbəti fikrini Azərbaycançılıq ideyasının nüvəsi hesab etmək olar: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri dünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Və ya “Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz. Fikir müxtəlifliyi təbii hadisədir”. “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın”. Yaxud “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. “Milli ruh, bizim mənəvi dəyərlərimiz, tariximiz, torpağa bağlılığımız - budur bizim gələcəyimizi müəyyən edən amillər”. “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”.
Yazımı yuxarıda bəhs etdiyim filmdəki sıravi rus atanın “Bir rus çayının kənarında oturub, bir rus balığı tuta bilsəydim!..” xiffətini təkrarlayıb, böyük Azərbaycan oğlunun ümummilli fəxarətilə bitirirəm: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Tahir Abbaslı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur