Ulduz Rəfili - 90
   
      
   Azərbaycan qadını öz ucalığı ilə tariximizdə silinməz izlər qoymuşdur. O, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, evinin xanımı olmaqla bərabər, hər zaman ictimai həyatda da fəal olmağa çalışmışdır. Sənət dünyasının belə fəal simalarından biri Azərbaycanın ilk qadın teatr rejissoru Ulduz Rəfili (Əliyeva) olmuşdur.
   
   Ulduz Saleh qızı Rəfili 1922-ci ildə Gəncədə dünyaya gəlib. Onun haqqında yazı hazırlayarkən bir sıra mənbələrə müraciət etsək də, dəqiq və ətraflı məlumat əldə etmək çətin oldu. Buna görə də sənətkarın ömrünün son illərində professor kimi çalışdığı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının arxivindəki şəxsi işinə və Dövlət Gənc Tamaşaçılar Teatrının arxivinə müraciət etdik. Bu mənbələrdən teatr sənətimizin ilk qadın rejissorunun keçdiyi həyat yolu və yaradıcılığı ilə bağlı çox maraqlı faktlara rast gəldik.
   1972-ci ildə Gənc Tamaşaçılar Teatrının müdiriyyəti tərəfindən Azərbaycan SSR Mədəniyyət Nazirliyinə sənətkar haqqında təqdim olunan xasiyyətnamədə oxuyuruq: “Ulduz Rəfili-Əliyeva Azərbaycan teatrının ilk professional qadın rejissoru olaraq 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 20 illik əmək fəaliyyəti müddətində 50-dən artıq tamaşaya quruluş verib. Onun quruluş verdiyi tamaşalar öz müasirliyi, bədii-ideya xüsusiyyətləri və yaradıcılıq mövqeyi baxımından seçilir. Bu əsərlər tamaşaçılar tərəfindən müvəffəqiyyətlə qarşılanaraq dəfələrlə mətbuatda müsbət fikirlərlə qeyd edilmişdir. O, teatrın həm Azərbaycan, həm də rus bölmələrində uğurlu tamaşalara imza atmışdır. Teatrın Bədii Şurasının üzvü kimi də səmərəli fəaliyyətini qeyd etmək vacibdir. Teatrda gənc aktyorların yetişməsində və dramaturqlarla yeni pyeslərin seçilib repertuara daxil edilməsi işində həmişə aktivdir. Bütün bunlarla yanaşı, Ulduz xanım teatrın ictimai həyatında da aktiv olmuş, böyük həvəslə mütəmadi olaraq məktəblilərlə görüşlər təşkil etmişdir”.
   Rejissorun səhnələşdirdiyi bir çox tamaşalar ümumittifaq festivallarının qalibi olmuş, diplom və mükafatlara layiq görülmüşdür. 1954-1975-ci illər ərzində sənətkarın səhnələşdirdiyi əsərlər sırasında “Qavroş” (Viktor Hüqo, 1958), “Şirinbala bal yığır” (Salam Qədirzadə, 1965), “Dovşanın ad günü” (Xanımana Əlibəyli, 1966), “Mənim nəğməkar bibim” (Əkrəm Əylisli, 1975) və s. tamaşaları qeyd etmək olar.
   Ulduz xanım 1975-ci ildən əmək fəaliyyətini Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib. Təhsil ocağındakı şəxsi işinin içində saxlanılan sənədlərin arasında rejissorun öz əli ilə yazdığı avtobioqrafiyasına rast gəlirik. Sənəd onun çox maraqlı həyat yoluna işıq salır. O yazır: “Atam Saleh Əliyev hələ mən dünyaya gəlməmiş vəfat etmişdir. Anam ikinci dəfə ailə qurmuşdur. 1935-ci ildə anam rəhmətə gedəndən sonra mən müstəqil həyata atılmalı oldum. Böyük Vətən müharibəsinə qədər Moskvada yaşayan böyük bacım Səmayə Rəfilinin yanında yaşamalı oldum. 1938-ci ildə Sənaye Texnikumunu bitirdim”.
   Daha sonra o, Moskvada Dəmiryolu Nəqliyyatı üzrə Mühəndislər İnstitutuna daxil olmuş, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiya növbə rəisi və elektrik qatarında maşinist kimi çalışmışdır. Müharibə bitdikdən sonra (1945) Bakıya qayıtmışdır. Burada indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. Həmin müddətdə də təhsil almaqla yanaşı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında məsləhətçi və o zamankı Kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərmişdir.
   1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan Ulduz xanımın yaradıcı fəaliyyəti yüksək qiymətləndirilmiş, 1957-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin (S.Mixalkovun “Sombrero” əsərinə görə), 1959-cu ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanına, 1964-cü ildə isə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. 1963-1967-ci illərdə isə fəal ictimai-siyasi fəaliyyətlə məşğul olaraq deputat seçilmişdir.
   1975-ci ildən fəaliyyətini Bakı Musiqi Akademiyasının opera hazırlığı kafedrasında davam etdirərək bu təhsil ocağının professoru kimi müəllim həmkarlarının və tələbələrin hörmətini qazanmışdır. Musiqi Akademiyasında çalışdığı müddətdə rejissor kimi S.Raxmaninovun “Aleko”, P.Çaykovskinin “İolanta”, F.Əmirovun “Sevil”, V.A.Motsartın “Fiqaronun toyu” və s. əsərləri uğurla səhnələşdirmişdir.
   O, yüksək rejissorluq mədəniyyəti və musiqili tamaşalarda incə zövqü ilə seçilən sənətkar idi. Tələbələrdə estetik zövqün və sənətə məhəbbətin formalaşmasında bir pedaqoq kimi həmişə diqqətli olmuşdur. Musiqi-vokal əsərlərinin dərin məzmununu açaraq hər bir əsərə individual şəkildə yanaşırdı. U.Rəfili-Əliyeva deyirdi: “Tələbə bu günün ruhuna uyğun tərbiyə olunmalı, zamanın tələbinə cavab verməlidir. Xalqını və dövlətini sevərək onun tarixini dərindən bilməlidir”.
   Ulduz xanımın həyat yoldaşı Qurban Əliyev uzun müddət Azərbaycan SSR Təhsil Nazirliyində çalışmışdır. Yeganə övladı Həsən Əliyev isə səhiyyə sistemində işləmişdir. Kəşməkəşli həyat yolu və maraqlı yaradıcılıq tarixçəsi ilə yaddaşlarda yaşayan Azərbaycanın ilk qadın teatr rejissoru olan Ulduz Rəfili 2006-cı ildə Bakıda vəfat etmişdir.
   
   P.S. Oktyabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ulduz Rəfili-Əliyevanın 90 illik yubileyi uzun müddət çalışdığı Gənc Tamaşaçılar Teatrında qeyd olunub. Xatirə gecəsi haqqında növbəti sayımızda ətraflı məlumat verəcəyik.
   
   Lalə Azəri