Azərbaycan
   
   7 may 1926 - Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7. 1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”, “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Sehirli xalat” (Məmməd Hüseynovla birgə), “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub.
   7 may 1998 - Kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur.
   
   8 may 1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.
   8 may 1919 - Tanınmış bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. "Gülşən" baleti, "Karvan" simfonik lövhəsi, "Qızılgül" musiqili komediyası, uşaqlar üçün "İsgəndər və çoban" operası və digər musiqi əsərlərinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru olub.
   8 may 1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov Qərbi Azərbaycanda - Ermənistan SSR-in İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin, 30-dək kitabın müəllifidir.
   8 may 1992 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Şuşa şəhərini işğal ediblər. Bu işğal Azərbaycan mədəniyyətinə də ağır zərbə vurdu. Şəhərdəki muzey, kitabxana, klub və mədəniyyət evləri talan edildi.
   
   9 may 1909 - Görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir.
   9 may 1917 - Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 - 11.1.1998) anadan olub.
   9 may 1928 - Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928-26.10.1983) anadan olub.
   9 may 2012 - Xalq artisti, aktyor Süleyman Paşa oğlu Nəcəfov (1948-2012) vəfat edib. Uzun illər İrəvan Azərbaycan Dövlət Dram Teatrında çalışıb.
   
   10 may 1926 - Yazıçı, ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsərləri: “Tikanlı məftillər”, “Şəhriyar əfsanəsi”, “Çobanbayatı”, “Şikəstə”, “Dağ dağa söykənər...” və s. "Dağlarda döyüş", "Od içində", "Qocalar, qocalar...", "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" bədii filmlərinin ssenari müəllifidir.
   10 may 1934 - Ədəbiyyatşünas alim, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda tədqiqatların müəllifidir. Milli Məclisin deputatı (1995-2004) olub.
   10 may 2004 - Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond böyük öndərin dövlətçilik irsinin öyrənilməsi və təbliği, onun adına və irsinə layiq xeyriyyə və maarifçilik layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahəsində proqram və layihələr həyata keçirir. Mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş fəaliyyət göstərir. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.
   
   Dünya
   
   7 may 1833 - Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.
   7 may 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (25.4 (7.5.) 1840 - 1893) anadan olub. 80-dən çox musiqi əsərinin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.
   7 may 1861 - Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 1861 - 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
   7 may 1953 - Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953-3.3.2013) Şanlıurfada doğulub.
   
   8 may 1903 - Məşhur fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin, 1903-1971) anadan olub. Filmləri: “Balda qeyd kitabçası”, “Mademauzel Nituş”, “80 gün dünya ətrafında”, “Şeytan və on yasaq” və s.
   8 may 1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.
   
   9 may II Dünya müharibəsində (1939-1945) faşizm üzərində Qələbə günüdür. Bu tarixi gün Avropada mayın 8-də qeyd olunur. Çünki faşist Almaniyasının rəhbərliyi kapitulyasiya aktını imzalayanda Avropada mayın 8-i gecə, Moskvada isə artıq ayın 9-u idi.
   9 may 1883 - Tanınmış ispan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.
   9 may 1924 - Gürcü şairi, nasir, ssenarist Bulat Şalvoviç Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb. Populyar müəllif mahnıları və sözlərinə yazılmış mahnılar 80-dək filmdə (“Belarus vağzalı”, “Səhranın bəyaz günəşi” və s.) səslənir.
   
   10 may 1903 - Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.
   10 may 1926 - Rus dramaturqu, ssenarist Kirill Rapoport (1926-1983) anadan olub. “Azərbaycanfilm”in istehsalı olan “Qatır Məmməd” filminin (1974) ssenari müəllifidir.
   10 may 1937 - Məşhur tacik aktyoru, teatr rejissoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Filmləri: “Rüstəm və Zöhrab”, “Uluqbəyin ulduzu”, “Nəsrəddinin ilk məhəbbəti” və s. Azərbaycanda “Dədə Qorqud” (Qazan xan), “Əzablı yollar” (Qarayel), “Qara gölün cəngavərləri” (Qulu) filmlərində çəkilib.
   
   Hazırladı: Vüqar Orxan