Azərbaycan
   
   9 iyul 1821 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Dədə Ələsgər Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdı. 1918-ci ildə erməni quldur dəstələrinin törətdiyi qırğınlardan sonra bir müddət el-obasından didərgin düşüb, sonra yenidən doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.
   9 iyul 1919 - Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyi haqqında müvəqqəti təlimat təsdiq edilib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları işçilərinin peşə bayramı günü elan edilib.
   9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854, Şuşa - 1926) vəfat edib. Ədib "Müsibəti-Fəxrəddin" pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir. Lənkəran Dövlət Dram Teatrı dramaturqun adını daşıyır.
   9 iyul 1936 - Yazıçı Şamo Arif (Arif Süleyman oğlu Rəhimov; 1936-16.6.2012) Qubadlı rayonunun Əyin kəndində anadan olub. Əsərləri: “Qoşa çinar”, “Səhra”, “Mənim payız çiçəyim”, “Qınamayın məni” və s.
   9 iyul 1939 - Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir Dövlət Dram Teatrında çalışıb, 1976-cı ildən Akademik Milli Dram Teatrının aktyorudur. “Həmyerlilər”, “Ordan- burdan” televiziya tamaşalarında, “Biz qayıdacağıq”, “Cavid ömrü”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
   9 iyul 1996 - Tanınmış yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 22.6.1924-1996) vəfat edib. Qubadlı rayonunun Qəzyan kəndində doğulan yazıçı xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” tarixi romanlarının, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.
   
   10 iyul 1835 - Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 - 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. İlk dəfə olaraq Azərbaycan şairlərinin (200-dən çox) qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.
   10 iyul 1899 - Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1898-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub. Epik-lirik poema səpkili hekayətləri, qəzəlləri, qoşmaları və s. əsərləri ilə Göyçə ədəbi mühitinə yeni hava gətirib.
   10 iyul 1937 - Əməkdar incəsənət xadimi, şairə Kəmalə Ağa qızı Ağayeva Naxçıvan şəhərində anadan olub. Şeir kitablarının, mənzum pyeslərin müəllifidir: “Məhsəti”, “ İsmət“, “Apardı sellər Saranı”, “O, bizim dağların oğludur” və s.
   10 iyul 1930 - Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930-17.4.2009) Cəbrayıl rayonunda doğulub. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb. Əsərləri bir çox xarici dillərə tərcümə edilib.
   10 iyul 1924 - Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924-12.9.1979) anadan olub.
   10 iyul 1969 - Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (7.5.1926 - 1969) vəfat edib. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Qızmar günəş altında”, “Görüş”, “Bəxtiyar” (Elbəy Rzaquliyevlə birgə), “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “İnsan məskən salır”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.
   
   11 iyul 1918 - Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin ("Yeni məktəb", "Türk ədəbiyyatına ilk qədəm") hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib, 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq vəfat edib.
   11 iyul 2006 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933, Şəki - 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s. filmlərin rejissorudur. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi”, “Bizim küçə” və s. filmlərin operatoru olub.
   11 iyul 2007 - Tanınmış aktrisa, Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (4.8.1939-2007) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe, 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın banilərindən biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.
   
   9 iyul 1834 - Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr”, “Ovliya cüməsi nəğmələri” və s. kitabların müəllifidir.
   9 iyul 1933 - Rusiyanın Xalq artisti, kinorejissor Elem Klimov (1933-2003) anadan olub. Filmləri: “Get və bax”, “Aqoniya” və s.
   9 iyul 1944 - Amerikalı fantast-yazıçı Qlen Kuk (Glen Cook) anadan olub. Əsərləri: “Harretin sərgüzəştləri”, “Qara dəstənin salnaməsi” və s.
   
   10 iyul 1871 - Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (yeddi roman) müəllifidir.
   10 iyul 1918 - Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub), “Sonuncu düym” və s.
   
   11 iyul - Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayı 5 milyard nəfəri keçib. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
   11 iyul 1960 - Azərbaycan əsilli tanınmış İran kinorejissoru və ssenaristi Cəfər Pənahi anadan olub. Filmləri beynəlxalq festivalların qalibidir: “Ağ şar” (Kann kinofestivalı, 1995), “Dairə” (Venesiya kinofestivalında “Qızıl şir” mükafatı, 2000), “Ofsayd” (Berlin festivalında ikinci yer, 2006). 2010-cu ildə hökumət əleyhinə çıxışlarına görə 6 il həbsə məhkum edilib.
   
   Hazırladı: Vüqar Orxan