XIX əsrin ikinci yarısında Azərbaycan ictimai, ədəbi-mədəni və mətbu fikrinin formalaşmasında böyük rol oynayan “Əkinçi” qəzeti (1875-1877) çoxəsrlik mədəniyyət tariximizdə yeni bir səhifə açıb. Görkəmli maarif xadimi Həsən bəy Zərdabinin təşəbbüsü ilə xalqımızın gələcək ideallarının gerçəkləşməsinə yönələn ilk milli qəzetin nəşri təkcə Azərbaycanda deyil, ümumilikdə müsəlman Şərqində böyük maraqla qarşılanmışdı.
Çar Rusiyasında yaşayan türkdilli xalqlar da “Əkinçi”nin nəşrini alqışlayır, ona maddi və mənəvi dəstək olmağa çalışırdılar. İlk mətbu salnaməmizin formalaşması və inkişafı naminə Şamaxıdan Seyid Əzim Şirvani, Məhəmməd ağa Əlizadə, Tiflisdən Mirzə Fətəli Axundzadə, Dərbənddən Heydəri, Moskvadan Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi onlarla görkəmli qələm sahibi qəzetlə əməkdaşlıq edir, onu mövzu və ideya baxımından zənginləşdirirdilər.
O zaman Qarabağ bölgəsinin, xüsusilə də Şuşanın maarifçi ziyalıları da “Əkinçi” ilə sıx əlaqə saxlayır, qəzetin nəşri üçün ciddi səy göstərirdilər. Etnoqraf-jurnalist Ənvər Çingizoğlunun araşdırmalarında bildirilir ki, “Əkinçi”nin Qarabağ bölgəsi üzrə müxbiri dövrünün tanınmış şairlərindən sayılan Məhəmmədəli bəy Məxfi (1821-1892) olub.
Məhəmmədəli bəy Məşədi Əsədulla oğlu Vəliyev (Məxfi) 1821-ci ildə Şuşada doğulub. Erkən yaşlarından elmə-təhsilə maraq göstərib. Atası onun bu həvəsini nəzərə alaraq oxuması üçün böyük səy göstərib. O, əvvəlcə mədrəsədə təhsil alır, sonra fərdi qaydada rus və fars dillərini mükəmməl öyrənir. Bu maraqlı ziyalı haqqında başqa mənbələrdə də məlumata rast gəlinir.
Məşhur “Təzkireyi-Nəvvab” toplusunda Mir Möhsün Nəvvab yazır ki, Məhəmmədəli bəy Məxfinin qarabağlılara məxsus şaqraq səsi-avazı varmış. Şairlik istedadı olan Məxfi şeir və qəzəl söyləməkdə başqalarından heç də geri qalmayıb. “Məxfi” təxəllüsü ilə klassik üslubda Azərbaycan və fars dillərində onlarla əsər yaradıb. Şuşada fəaliyyət göstərən “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin üzvü olub. Aşiqanə ruhlu şeirlərdən ibarət divanı və “Əhvalati-Qarabağ” adlı tarixi əsəri günümüzə qədər gəlib çatıb. Mir Möhsün Nəvvab təzkirəsində Məhəmmədəli bəy Məxfinin Molla Vəli Vidadinin nəvəsi olmasını da vurğulayıb.
Məhəmmədəli bəy gənc yaşlarından Şuşada, Tiflisdə, İrəvanda, Şamaxıda və Bakıda dövlət idarələrində çalışıb. Bu şəhərlərin ədəbi mühiti ilə sıx ünsiyyət yaradıb. O, müxtəlif vaxtlarda tərcüməçilik sahəsində də fəaliyyət göstərib. Rus ədəbiyyatından dilimizə, Azərbaycan ədəbiyyatı nümunələrindən isə rus dilinə tərcümələr edib. Çalışdığı idarələrdə yüksək bacarıq nümayiş etdirdiyinə görə ona titulyar müşaviri (çar Rusiyasında mülki dövlət xidməti vəzifələri cədvəlində 9-cu dərəcəli çin, hərbi xidmətdə kapitan rütbəsinə bərabərdir - red.) vəzifəsi verilib.
Qeyd edək ki, “Əkinçi” qəzeti nəşrə başlayan dövrdə Məhəmmədəli bəy İrəvanda çalışırdı. Qəzetin sorağı İrəvan şəhərinə çatanda Həsən bəy Zərdabini ilk alqışlayanlardan biri də o olub. Həsən bəyə təbrikini şeirlə çatdırıb. Araşdırmalarda göstərilir ki, 1875-ci il noyabrın 18-də onun “Əkinçi” qəzetində İranda dövlət məmurlarının xalqın başına gətirdiyi müsibətlərdən bəhs edən yazısı dərc olunub...
Mir Möhsün Nəvvab təzkirəsində qeyd edir ki, Məhəmmədəli bəy Məxfi zəmanəsinin ariflərindən sayılırmış. Görkəmli maarifçi və ədəbiyyatşünas Firidun bəy Köçərli isə onu “Qarabağ şairlərinin ən möhtərəmi” adlandırıb.
O dövrün bir çox şair və ədibləri kimi, Məhəmmədəli bəy Məxfi də zəmanəsinin haqsızlıqları, ziddiyyətləri ilə barışmayıb, həmişə vəfa və haqq-ədalətin sorağında olub:
Çox dolanıb, Məxfi, mən seyr elədim bu aləmi,
Yoxdu gördüm, mərdümi-aləmdə asari-vəfa.
Şairə görə, insan həyatında iki sevimli məqam yaşayır: dostun xoş həyatı və düşmənin ölümü. O kəs xoşbəxtdir ki, həyatında bunların hər ikisini yaşayıb. Pis olmasa, yaxşının qədri bilinməz. Yaxşıların varlığı pislərin xar olması deməkdir. Bütün bunlar Məhəmmədəli bəy Məxfinin həyata baxış fəlsəfəsidir...
Onun yaradıcılığında yer alan ibrətamiz fikirlər bizə xalq hikmətini xatırladır: “Təmkinli olanın könlü qəm görməz”, “Eşqin təsiri hər yerdə var. Bax, aşiqlərin nəğməsi quşlara təlim olub”, “Müdrik o kəsdir ki, nadanın boş sözünə qulaq asmasın”, “Müdriklərin söhbəti cənnət, ayrılığın dəhşəti cəhənnəmdir”, “Tarmar olsun o evlər ki, onun mehmanı yox”, “Ey qolu qüvvəli, zəiflərə özünü göstərmə”, “Şahinin sərçə ilə işi olmaz” və s.
Məhəmmədəli bəy Məxfinin mətbuat və ədəbiyyat tariximizdə xidmətləri, xüsusilə də “Əhvalati-Qarabağ” əsəri sistemli şəkildə araşdırılmayıb. Əsər o dövrdə mənfur ermənilərin və çar məmurlarının Qarabağ elinin başına gətirdikləri müsibətlərdən bəhs edir.
Savalan Fərəcov