Onun dərdlərini nər dəvələr götürməzdi, qəmlərinə hər ər kişi tablamazdı. Elə özü də dözəmməzdi - əgər onlara “natəvan”lıq etməsəydi. O dərdlərə poetik qələm çalmasaydı, o qəmləri fırça dili, yaxı üslubuyla kağız-kətana danışmasaydı, o hüznləri bədii tikmələrə toxumasaydı. Şuşa qəzası camaatının gün-güzəran dərd-sərinə maddi mesenatlığı, mənəvi təbibliyilə öz müalicəsini də təmin etmiş olmasaydı...
   
   Və... (hardasa, kimlərə görəsə) “şəxsi iş”, “özfəaliyyət” hesab edilə biləsi bu görəvlərdən əlavə, təsisçi-təşəbbüsçüsü olduğu milli mədəniyyət mahiyyətli ədəbi məclisləri təbii teleqüllə görklü Şuşadan “bütün Qafqaslara”, Yaxın Şərqə yayımlanmasaydı.
   
   Bu Xanım...
   
   Bu Xanım Qorqud Dədəmizin “Xanım, hey!” nidalarından qidalanmışlarımızdan imiş. “Aslanın erkəyi-dişisi olmaz” qəbilli tarixi Analarımızın arif-zəriflik qəbilələrindənmiş. “Hər ləhzə yoxdan var” olan SÖZün qədrini artırmaq üçün doğulanlardanmış...
   Nağıllaşdırmağa, dastanlaşdırmağa da layiq bu Xanım qədim Azərbaycanımızın təbii-xadim Şuşasının real söz və əməl sənətkarıdır. Sözləri kağızlara, əməlləri dil-ağızlara düşmüş milli əməlisaleh sənətkar! Şeirləri “Natəvan” təxəllüsü ilə yayılıb, əməlləri - “Xan qızı” adıyla. Bir çox ümummilli mətləblərimiz üstündən sükutla keçən bəzilərimizçün bir bəlli məsələ səs-küyü də edim ki, nə ona qədər, nə ondan sonra xalq tərəfindən “Xan qızı” (və ya “Xan oğlu”) titulu ilə təltif edilənimiz yox...
   
   Dörd sözündən biri “yanlış”...
   
   Sözləri saysız-hesabsız, onlardan dördü isə “baş qəhrəman”! Bunlardan biri “Sevirəm”, biri “Yanıram”, biri “Gedirəm”, dördüncüsünü isə vəfasız (və vaxtsız vəfat etmiş) əri Xasay bəyin ləhcəsilə desək, hələ “diməz”.
   Xan qızı bunların üçünə əməl etdi, “diməz”imdən - yəni “Ölürəm”dən isə... nakam getdi.
   Misralarındakı “sevirəm” ifadələrinin önlərində-sonlarındakı hiss-həyəcanların “necə”-“nə cür” dərəcələri göstərir ki, onun sevgi-məhəbbəti hər aşiq-məşuqunkuna bənzəməyib. Onun “sevirəm”, “yanıram”, “gedirəm”, “zar ağlaram” elanları adi psixolojiliklərdən çox uzaq olduğu kimi, “ölürəm”i də biolojilikdən çox iraq (1897-nin 2 oktyabr günü istisna edilməklə)...
   Bu xanım - tək elə Xan qızı deyil, həm də böyük Azərbaycan qızı - neçə-neçə romana, poemaya mövzu olası bir dastan-ömür yaşayıb. Ədəbiyyatımızın, mədəniyyətimizin bir hücrəsini elə yazıb-yaradıb, öz şəxsində sivilliyimizi, mesanatlığımızı elə dalğalandırıb, plüralizm, tolerantlıq, gender bərabərliyi ilə bağlı elə təəssüratlar yayıb ki, onun haqqında nə və necə desək, nə qədər yazsaq - əvəzini verməyəcək, bu ismi layiq olduğu sifətə salmayacaq, bu böyük Xan qızı haqda balaca bir “rəiyyət sözü”ndən, növbəti “yubiley yazısı”dan o yana getməyəcək...
   Çoxlarının “beşgünlük”, “qəlp” deyib yaşadığı bu dünyanı bu qadın bütün qəlbi ilə duyub-yaşayıb. Onu qədərincə duymayan, qədir-qiymətləndirməyən dünyanı. Həm zil, həm bəm dünyanı. Və elə -
   
   Bu dəm...
   
   bax, bu an nitqimə belə bir inkari-həmkar fikir gəldi: Sənət və siyasət...
   Öncə, sovetlər dönəmində üstü vurulmayan, hətta şayiə hesab etdirilməyə çalışılan məlum bir həqiqət haqqında kiçik bir haşiyə. Belə ki, Xurşudbanunu ərə (bütün qəlbi, mahiyyəti, yaradıcılığı ilə ətraf aləmə təsir perspektivinə görə) çar Rusiyası verib. “Periferiya” zatlı Xan qızının kəbinini derjava təyinatlı imperiya kəsib və bizim “gəlini gərdəkdə!” (boğarlar) zərb-məsəlimizi bu qıza öz siyasi “yaş senzi” baxışına uyğun (yəni ictimai-ideoloji hədd-büluğa çatmamış) şamil edib.
   1832-ci ilin yayında doğulmuş, Xan sarayının çox təcrübəli tərbiyəçilərindən mükəmməl dərs almış, Quran ayələrindən, dini ehkamlar, ərəb, fars dilləri, klassik ədəbiyyat, şeir, sənət, incəsənət qayda-qanunlarından tutmuş dövrün əsas ictimai-siyasi, mədəni-mənəvi ab-havasına qədər çox şeyi mənimsəmiş bu fenomenal məxluq 1850-ci ilin payızında - on səkkizcə yaşında - sıradanbir qız xeylağı kimi ərə verilir. Toy gecəsi Şuşa kimi ünlü bir mədəniyyət mərkəzində yuxulayıb-yumulan bəsirət gözü Dağıstanın ucqar bir kəndində açılır. Yanında Qafqaz canişininin şəxsi yavəri Xasay bəy Usmiyevi görür. Təhtəlşüurunda siyasi “elçi”lərinin məqsəd-məramı dolanır. Onların Mehdiqulu xan Cavanşir nəslinin Tiflisdəki mülk iddialarının həllinə köməkçi-vasitəçi kimi qoşduğu bu “taxt-tac bəyi”ni sonradan “izdivac bəyi” etmək məkr-məqsədlərini vərə-vird edir. Qanını qanına caladığı bu xalqla öz milləti arasında xeyli adət-ənənə, xarakter yaxınlığı olduğunu bilsə də, qaynar irfani həyat, oturuşmuş mədəniyyət, kübar ab-hava sarıdan korluq çəkir. Lakin bütün bunları da öz tərbiyə təmrinləri, şəcərə mədəniyyəti, əsilzadə səbri ilə qarşılayır.
   Bir müddət sonra Xasay bəy onu özüylə Tiflisə gətirir və bütün Qafqazın böyük mədəni mərkəzi sayılan bu şəhər Xurşudbanunun gündəlik maddi-mənəvi tələbatlarını az-çox ödəsə də, şairanə arzuları, çağlar ilhamı, köhlən xəyalları ilə həmahəngləşmir. Buna baxmayaraq, tezliklə incilər-incəliklər yaradıcısı kimi tanınacaq bu xanımın “çiçəklənən dövrü” “bioloji yaradıcılıq” hadisələri ilə - övlad baratlarıyla naxışlanır. 1855-ci ildə oğlu Mehdiqulu, 1856-da qızı Xanbikə dünyaya gəlir. Bu sevinc və şadlıq notları fonunda kədər xalları da səslənirdi. Amma nə qədər məşəqqətlər, sərt həyat imtahanları ilə üzləşsə də, o, əsl Azərbaycan xanım-xatınlığını, şəxsi nümunə-nümunəviliyini əldən vermir. Öz ailə səadətinə xal düşsə də, çevrəsindəki qız-gəlinlərin həyat yollarına mayak və dayaq olmaqdan yorulmur. Dövrün səhnəsiz, qəzetsiz, qonorarsız şairləri üçün “Məclisi-üns” adlı mükəmməl bir “şifahi nəşriyyat” təşkil edir. Şuşaya su kəməri çəkdirir. Araz çayından Mil düzünə böyük tutumlu su kəməri çəkmək təşəbbüsündə bulunur. Xanəndələri təkcə qəzəl-qoşmaları ilə deyil, “sol əlin bilmədiyi” şabaşlar, bəxşişlərlə də barındırır. Öz ağlı, düşüncəsi, fəhmi, qabiliyyəti, cəsarət və əməli fəaliyyətilə “köhnə yamaq, yun daramaq” taleli Azərbaycan qadınlarını fəal sabahlara, perspektiv ictimai sifarişlərə ruhlandırır.
   
   “Heyhat”a sinonim həyat...
   
   Deyilənlərə görə, sevgilərin ən alisində bəxti gətirməmiş bu Xanım poetik Eşq sərdarımızın “Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni” misrasını hər dəfə böyük ləzzətlə söylər və eyni ləzzətlə də ağlayarmış...
   İnsan kimi yaşantıları, şair kimi qoşu-qoşmantıları, daşa dəyən eşq oxları, ana ahları, bir qadın kimi - böyük hərflə nəqş ediləsi Gileyləri öz tale mücrüsündən, müasirlərinin xatirəsindən, tədqiqatlarından daha çox, tarixin səyyareyi-təyyarəsinin “qara qutu”suna gömüldüyünə görə, bu real xanım bəzən adama bədii, əfsanəvi obraz təsiri bağışlayır. Zərif qadın çiyinlərinin bu qədər gərginlik, qayğı, kamına yetməyən sevgi, əzab-əziyyət materialları ilə yüklənməsi faktı - düşüncə və təsəvvürlərin belə çiyinlərini əyir. Bunu onun tədqiqatçıları da (Bəylər Məmmədov, Vasif Quliyev və b.) bu və ya başqa səpgidə duyururlar. Onun verdiyi musiqi təlimi “Xanlıq Şükür” adı ilə tanınan bir xidmətçisini mətbəx kölgəliyindən külli-Qarabağın sənət günəşi işıqlığına çıxarır. O, öz analıq ələmlərini bir “qırağa” qoyaraq, qızı Xanbikəni özünəməxsus toxtaqlıq təmrinlərilə nəinki fəal həyata, həm də “balıq suda” deyiminə müvafiq “insan sevgi-məhəbbətdə” duyumuna gətirir, onu qəzəllər, rübailər yazmağa ruhlandırır. O, çəm-xəm edən taleyin kəm bəxtinə hördüyü torların saplarını öz unikal tikmələrinin naxışları ilə çözüb kölgələyir, xeyir-dua əllərini beş-on ildən sonra dahiləşəsi balaca Üzeyirin başına, Hacı Hüsü, Məşədi İsi, Cabbar əmilərin maddi-mənəvi yardım yollarına çəkir.
   Bir qismini xatırlatdığımız bu işlər, əməllər onun sənət, fərdi-ictimai mədəniyyət çalarlı əzabları fonunda baş verirdi. Çoxusu bizə, azısı canlı müasirlərinə - yan-yörəsindəkilərə belə mübhəm qalan sənət nüvəli əzabları fonunda. Xanımlarla bağlı üstüörtülü, qaçaraq işlədilən söz tək elə “qadın xəstəliyi” termini deyil ha, müqəyyəd bir “qadın əzabları” ifadəsi də var ki, gərək onları dilə gətirmədən duyasan...
   Şair olmasaydı, çox yəqin ki, onun da bu qəbil əzabları ümumqadınlığın həya “arxiv”lərinə gömülüb, görünməz-bilinməz olacaqdı. Aşağıdakı şeirinin xeyli ixtisarlığında belə, az qala tam görünən əzablarından gedir söhbət:
   
   Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,
   Fəda olum sənə, gəl eylə imtahan, ölürəm!
   
   Fəraqdan tükənib tabü taqətim, billah,
   Vüsalə yetməz əlim, zarü Natəvan, ölürəm!
   
   Dilində, qələmində belə deməyinə baxmayın, -
   
   O, ölmədi!
   
   Qəmli ömrü, ələmli qələmilə bitkin bir “dərd-kədər fərağı” yaratmış Natəvan bütün müasirlərinin - müxtəlif sənət adamlarının və xalqın daimi marağına düşdü. Ədəbiyyatımızda ağı, ağrı-acı mövzusunu mükəmməl sənət səviyyəsində təqdim edən, “Ağlaram”, “Ölürəm”, “Sənsiz”, “Getdi” kimi yüksək ədəbi-bədii lövhələr yaradan bu xanım özündən sonrakı sənətkarlara özüylə bağlı yüksək yaradıcılıq ovqatı təlqin etmiş və etməkdədir. Hələ sağlığında qəzəllərilə böyük xanəndələri yer-yurdlarından dəbərdib bütün Qafqaza, İrana-Turana poetik ovqat-əhval yaydıran şair sonralar böyük irsi ilə tədqiqatçıları, rəssamları, heykəltəraşları, bəstəkarları da öz sevdaları, “qəmi-nihan”ları üstə kökləmiş, bir sıra yaradıcıların mövzusuna, əsərlərin leytmotivinə çevrilmişdir.
   Ömrünün sonlarında qələmə aldığı “Qərənfil”ini oxuduqca, bu şairanə gülə xitablarını qəlbin əks-səda süzgəcindən keçirdikcə, onun öz adını da eşidirsən:
   
   Səni gülşən ara aşüftə gördüm,
   Yəqin bildim tutub sevda, qərənfil!

   
   Bu beytlərin son kəlmələrini “Natəvan!” xitabıyla da eşitmək olar...
   O, həyatda - bir az orda, bir az burda, daha çox da Şuşa həyət-bacasında 65 il yaşadı. 1897-ci ilin oktyabrında dünyasını dəyişib Ağdamın “İmarət” qəbiristanlığında dəfn olundu və... başladı əbədi ömür yaşamağa...
   
   Tahir Əhmədalılar