“Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də o, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi

Dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan “Heydər Əliyev adına” kitab (fotoalbom) çapdan çıxıb. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli sərəncamının icrasına dair tədbirlər planına əsasən nəşr olunub.

Layihənin rəhbəri və ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçisi nazirin birinci müavini Vaqif Əliyev, mətnin müəllifləri Vaqif Bəhmənli və Ələddin Əsədzadədir.

Xalqımızın tarixində müstəsna xidmətləri olan dövlət və mədəniyyət adamlarının, amalı insanlığa xidmətdən ibarət qüdrətli şəxsiyyətlərin xatirəsi heç zaman yaddaşlardan silinmir. XX yüzilliyin ikinci yarısı - XXI əsrin ilk illərində həyatını və fəaliyyətini millətinin yüksəlişinə bağlamış unudulmaz insan, böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevin epoxası Azərbaycan tarixinin parlaq səhifələrini təşkil edir. Bu dahi şəxsiyyətin yaşadığı ömür və gördüyü işlər vətənimizin hər qarışına səpələnmiş, milyon-milyon ürəkdə yuva qurmuşdur.

“Renessans” nəşriyyatında yüksək poliqrafik tərtibatla işıq üzü görən kitabda özül daşları Heydər Əliyevin əli ilə düzülən, onun istək və arzuları timsalında bəhər verən doğma ünvanlardan, dahi şəxsiyyətin adını daşıyan küçə, yol, prospekt, mədəniyyət ocaqları, limanlar, bağ və parklardan bəhs olunur.

Kitab ölkə Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamı ilə açılır. Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır. Heydər Əliyev tarixi İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitaba yazdığı “Zamanın fövqündə” adlı ön sözdə ümummilli liderin Azərbaycan xalqının taleyində oynadığı müstəsna roldan, tarixi xidmətlərindən bəhs edir, çətin mübarizələrdən keçən böyük dövlətçilik missiyasını vurğulayır: “Heydər Əliyev tarixin qanunauyğunluqlarına əsaslanaraq, mübarizələrinin bütün mərhələlərində xalq mənafeyini uca tutmaqla yüz illər boyunca natamam olan Azərbaycan həqiqətlərini, Azərbaycan amalını bütövləşdirmişdir”.

Ulu öndərin milli-mənəvi və əxlaqi dəyərlərimizin ümumbəşəri ideyalarla zənginləşdirilməsində xüsusi xidmətlərini diqqətə çatdıran Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin böyük zaman kəsiyində tarixi inkişaf yolunun bilavasitə dahi şəxsiyyətin adı ilə bağlı olduğunu bildirir: “O, xalqın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim diqqət mərkəzində saxlamış, ona ən ümdə vəzifəsi kimi baxmışdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də o, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi. Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi ulu öndərimizin adı ilə birbaşa bağlıdır”.

Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndərin təşəbbüsü və səyləri ilə görkəmli şairlərin, yazıçıların, mədəniyyət xadimlərinin ölkəmizdə və nüfuzlu beynəlxalq təşkilatlarda yubileylərinin qeyd olunması, adlarının əbədiləşdirilməsi, heykəllərinin qoyulması istiqamətindəki misilsiz xidmətləri elmimizə, mədəni irsimizə xidmətin yüksək örnəyidir. Ümummilli lider Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşa və filmlərimiz, kitablarımız, təsviri sənət nümunələrimiz beynəlxalq festival və müsabiqələrdə uğurla nümayiş olunur, turizm imkanlarımız dünyada tanıdılır: “Bu nailiyyətlərə görə dahi rəhbəri hər zaman dərin ehtiram və fəxarət hissi ilə anırıq. Millətimizin fəxri, ən böyük azərbaycanlı Heydər Əliyevin 90 illik yubileyinin təntənə ilə qeyd olunması xalq və rəhbər birliyinə, dahi vətən oğlunun həmişəyaşar əməllərinə, Azərbaycanın şərəfli dünəninə, bugünkü qaynar, işgüzar həyatına və daha parlaq gələcəyinə dərin ehtiram nümunəsidir”.

şrdə xalq şairləri Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Fikrət Qoca, eləcə də Leyla Əliyeva, Məstan Günər, Mirkazım Seyidovun ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirləri verilib.

Kitabda Heydər Əliyev Fondunun mədəniyyət, təhsil, sosial layihələrindən, Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı işlərdən, ölkəmizin dünyada tanıdılmasına xidmət edən möhtəşəm tədbirlərdən söz açılır.

Eyni zamanda paytaxtımızın memarlıq panoramına əzəmət qatan, dünyada analoqu olmayan arxitektura layihələrindən biri - Heydər Əliyev Mərkəzi, həmçinin Heydər Əliyev Sarayı, ulu öndərin adını daşıyan Beynəlxalq Hava Limanı, Müasir Təhsil Kompleksi, İdman-Konsert Kompleksi və s. haqqında məlumat və fotolar yer alıb.

“Dünya ondan danışır” adlı bölmədə məşhur siyasət adamlarının Heydər Əliyev haqqında ürək sözləri, onun doğma xalqının taleyində oynadığı mühüm rolu, eləcə də dünyanın siyasi mənzərəsində nüfuz və sanbalını önə çəkən dəyərli fikirləri təqdim olunub. “Uzaq-yaxın ünvanlar” bölməsində ulu öndərin Rumıniya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Ukrayna, Rusiya və digər ölkələrdə ucaldılan heykəlləri, xatirəsinə salınan parklar, xiyabanlar, adını daşıyan məktəblər haqqında məlumat verilib.

şrin “Hər qarışda izi var” bölməsində isə ölkəmizin müxtəlif regionları haqqında qısa məlumatla yanaşı, şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin fəaliyyətini əks etdirən məlumatlar və fotolar yer alıb.

Kitabda belə bir fikir əminliklə vurğulanır ki, dahi siyasətçinin ideyaları nə qədər yeni və irəliyə istiqamətlənmiş olsa da, onlar heç zaman ənənələrdən qopmamış, özündən əvvəlki səmərəli təcrübələri ehtiva etmişdir: “Ulu öndərin ideyalarına fəlsəfi fikirlər toplusu olan nəzəriyyə kimi baxmaq düzgün deyil, onları aydın düşüncə və əməl, normativ iş, yorulmaz zəhmət birlikdə yaratmışdır”.

Fariz Yunisli