XX əsrin əvvəllərində xalqın maariflənməsi, mədəniyyətin, milli mətbuatın inkişafı yolunda böyük xidmətlər göstərən Azərbaycan ziyalılarından biri də məşhur publisist, yazıçı, pedaqoq Haşım bəy Vəzirov olub.

Haşım bəy Abdulla oğlu Vəzirov 1868-ci ildə Şuşa şəhərində anadan olub. Atası Abdulla bəy ziyalı və millətini sevən vətənpərvər kimi tanınıb. Şuşada məktəb açıb, uşaqları mədrəsəyə hazırlayıb. Haşım bəy də ilk təhsilini atasının açdığı məktəbdə alır. Lakin o, on iki yaşında ikən atası dünyasını dəyişir. Anası onu Molla Əli və Molla Həmidin dərs dediyi mədrəsəyə göndərir. O, mədrəsədə ərəb və fars dillərini mükəmməl mənimsəyir. İslam tarixi və mədəniyyəti haqqında bilgilər əldə edir. Sonra Şuşadakı şəhər məktəbinə gedir, rus dilini öyrənir, rus və Avropa xalqlarının mədəniyyəti ilə tanış olur. Təhsilini davam etdirmək üçün sənədlərini İrəvan Müəllimlər Seminariyasına verir və qəbul olur.
Seminariyada müəllim işləyən, görkəmli maarifçi Firidun bəy Köçərli ilə tanışlığı onda yaradıcılığa maraq oyadır. Tiflisdə nəşr olunan “Kəşkül” jurnalı və digər qəzetlərlə əməkdaşlıq edir. Yazdığı məqalələrdə mollaxana və mədrəsələrdəki dərs proqramının zamanla ayaqlaşmadığını, müəllimlərin müasir tədris metodlarını öyrənməyə səy etmədiklərini tənqid edir.
Seminariyanı bitirdikdən sonra o, uzun müddət İrəvan quberniyasının Böyük Vedi, Cavanşir qəzasının Alpout, Şəkinin Kiçik Göynük kəndlərində müəllim, daha sonra Bərdədə və Şuşada məktəb müdiri işləyir. Haşım bəy Vəzirov məktəbdə işləməklə yanaşı, Şuşa şəhər bələdiyyəsinə üzv seçilir. Burada bələdiyyə üzvü olan ermənilər ayrılan vəsaitin çoxunu öz məhəllələrinin abadlaşdırılmasına xərcləyirdilər. O, bələdiyyəyə üzv seçildiyi ilk gündən bu ayrı-seçkiliyə son qoyulmasını tələb edir. Bakıda rus dilində çap olunan “Kaspi” qəzetində Şuşa bələdiyyəsinin fəaliyyətini kəskin şəkildə tənqid edir. Haşım bəyin mübarizliyi yerli məmurların xoşuna gəlmir. Onu qarşılarında böyük bir maneə kimi görürlər. Yuxarı dairələrə onun əleyhinə gizli şikayət məktubları yazdırırlar. Hökumət məmurları da bu məktubları əsas tutaraq 1906-cı ildə məhkəmənin qərarı ilə Haşım bəyi Stavropola sürgün etdirirlər.
Lakin sürgün həyatı o qədər də uzun sürmür, həmin ilin payızında Şuşaya qayıdır. Tanınmış ictimai xadim, yazıçı-publisist Əhməd bəy Ağaoğlu onu yaxından tanıdığı, savadına və dünyagörüşünə bələd olduğu üçün “İrşad” qəzetində işləməyə dəvət edir. Əhməd bəy Peterburqa səfərə gedərkən qəzetin redaktorluğunu ona tapşırır. “İrşad” qəzetinin 15 nömrəsi Haşım bəy Vəzirovun redaktorluğu ilə çıxır.
Haşım bəy böyük mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə 1907-ci il aprelin 1-də “Tazə həyat” qəzetini nəşr etdirir. Qəzet milli dəyərlərə üstünlük verən yazılar çap etdiyinə görə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Tağı Şahbazi və başqaları onunla əməkdaşlıq edir. Haşım bəy çar Rusiyasının azərbaycanlılara qarşı yürütdüyü ədalətsiz siyasəti ifşa edən yazılar dərc etdirir. Qəzetin bu mövqeyi çar məmurlarının ürəyincə olmur və 1908-ci ilin sentyabrında Bakı general-qubernatoru “zərərli istiqamətinə görə” “Tazə həyat” qəzetinin bağlanması ilə bağlı əmr imzalayır.
Alovlu publisist 1908-ci il dekabrın 1-də “İttifaq” adlı yeni bir qəzetin nəşrinə icazə alır. Qəzetdə “Keyfim gələndə”, “Birisi” imzası ilə məqalələr dərc edir. “İttifaq” da “Tazə həyat”ın yolunu davam etdirdiyinə görə, 1909-cu il oktyabrın 3-də Bakı bələdiyyə rəisi tərəfindən bağlanır və qəzetin redaktoru Haşim bəy Vəzirov cəzalandırılır.
Bütün bunlara baxmayaraq, o, mövqeyini dəyişmir. Çox çətinliklə olsa da, “Səda” adlı qəzetin nəşrinə icazə alır. 1909-cu il oktyabrın 12-də nəşrə başlayan “Səda” qəzeti az zaman içərisində böyük nüfuz qazanır, o dövr üçün çox yüksək sayda - 5 min tirajla çap olunur.
Bakıdakı vilayət jandarm idarəsi 1911-ci il martın 14-də jurnalist və naşirlərdən Əhməd Kamal, Əlipaşa Hüseynzadə, Oruc Orucov, Əliabbas Müznib, Cəfər Bünyadzadə, Pirqulu Mürsəlov və Haşım bəy Vəzirovun yazılarında hökumət əleyhinə təbliğat apardıqlarını əsas tutaraq onların həbsinə qərar verir. Bir aydan sonra Haşım bəy Vəzirov və Əliabbas Müznib həbsdən buraxılır, ancaq jandarm nəzarətinə götürülürlər.
Haşım bəy Vəzirov hökumət məmurlarından müxtəlif manevrlərlə yaxasını qurtararaq və ideyalarını təbliğ etməyə çalışır. Hər dəfə qəzeti bağlanarkən səhv etdiyini və bir daha belə səhvlərə yol verməyəcəyi barədə ifadə verir. Lakin yeni nəşrə icazə aldıqdan, həbsdən çıxdıqdan sonra türkçülük, islamçılıq təbliğatını davam etdirir. Buna görə də 1911-ci il avqustun 14-də “Səda” qəzetinin də nəşri dayandırılır.
O, xalqının ittifaq və ittihadı yolunda yorulmadan mübarizə aparır. Həyatı münaqişələrdə, cərimə, həbs və hökumət idarələrində mətbuat hüququ və s. uğrunda mübarizələrdə keçir. 1911-ci il sentyabrın 27-də rus dilində “Kavkazets” qəzetinin nəşrinə başlayır. On bir sayı çıxdıqdan sonra bu qəzet də bağlanır. Amma o, mübarizəsindən geri çəkilmir. 1914-cü il oktyabrın 29-da “Məzəli” satirik jurnalının nəşrinə icazə alır. Lakin Birinci Dünya müharibəsinin başlaması qəzet və jurnalların da işini çətinləşdirir. Haşım bəy Vəzirovun nəşrləri mülki və hərbi işçilər-senzorların birləşmiş dəstələrinin nəzarəti altında çap olunur. Onun məşhur “Kefim gələndə” imzasına da qadağa qoyulur.
Haşım bəy Vəzirov jurnalistlik və naşirliklə yanaşı, tərcüməçiliklə də məşğul olub, dram əsərləri yazıb. Onun “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan” kimi komediyaları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. V.Şekspirin “Otello” faciəsini ruscadan dilimizə çevirib. Azərbaycan tarixində mətbuat şəbəkəsi yaradan bir naşir kimi şöhrət qazanan Haşım bəy Vəzirov yaradıcılığının coşqun cağında, 1916-cı ildə vəfat edib.

Savalan Fərəcov