Azərbaycan

9 dekabr 1918 - Yazıçı, ədəbiyyatşünas Cəlal Məmmədov (1918-1983) anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru işləyib.
9 dekabr 1963 - Aktyor, rejissor Lətif Bəşir oğlu Səfərov (1920, Şuşa - 9.12.1963) dünyasını dəyişib. “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub.
9 dekabr 1973 - Görkəmli aktyor Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib. Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Kinoda ilk işi 1945-ci ildə "Arşın mal alan" filmində Vəli rolu olub. "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefcilov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
9 dekabr 1991 - İslam Konfransı Təşkilatı ölkələri dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, respublikamızın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi.

10 dekabr 1918 - Tanınmış opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918-2005) Şəmkir rayonunda anadan olub. 1940-1980-ci illərdə Akademik Opera və Balet Teatrının solisti olub.
10 dekabr 1924 - Xalq şairi, dramaturq, ictimai xadim Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev; 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Televiziya və Radio Verilişləri Komitəsinin, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olub. SSRİ Dövlət Mükafatına layiq görülüb, Azərbaycanın «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib. Kitabları: "İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsirlər", "Ağ şimşəklər", "Ömür çinarından yarpaqlar" və s.
10 dekabr 1935 - Xalq rəssamı Fikrət Bağır oğlu Bağırov (1935-1996) anadan olub. Bədii tərtibat verdiyi filmlər: “Şərikli çörək”, “Həyat bizi sınayır”, “İstintaq”, “Güllələnmə təxirə salınır!” və s.
10 dekabr 1943 - Xalq artist Tamella İslam qızı Abdullayeva anadan olub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
10 dekabr 1945 - Tanınmış şair, publisist İsmayıl Səlim oğlu İmanzadə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olub. “Mingəçevir leysanı” ədəbi-bədii jurnalının baş redaktorudur.
10 dekabr 1996 - Şair, dramaturq İsgəndər Coşqun (İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay - 1996) vəfat edib. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.

11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdamın Şıxavənd kəndində anadan olub. "Xəzinə", "Bəlalı sevgim", “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenarisini yazıb.

12 dekabr 1893 - Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub. Teatr tariximizdə müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluqda ittiham olunaraq güllələnib. 1956-cı ildə sənətkara bəraət verilib.
12 dekabr 1926 - Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926-26.8.1978) Salyanda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb.
12 dekabr 1937 - Şair, tərcüməçi Əhəd Muxtar (Əhəd Muxtar oğlu Qənbərov; 1937-23.5.1998) anadan olub. Özbək, qırğız, qazax, türkmən şairlərinin əsərlərini Azərbaycan dilinə çevirib.
12 dekabr 1945 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında inqilab qələbə çalıb. Cənubi Azərbaycan Demokratik Respublikası elan olunub, milli hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi milli hökumətə divan tutub. Hərəkat 1946-cı ilin dekabrında süqut edib. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci ildə avtomobil qəzasında həlak olub.
12 dekabr 1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov (28.2.1894-1968) vəfat edib. Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub, sonra ailələri Tiflisə köçüb. Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “Qara daşlar” (Dəmirov), “O olmasın, bu olsun” (Həsən bəy), “Qanun naminə” (Murtuzov) filmlərində yaddaqalan obrazlar yaradıb.
12 dekabr 2007 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 - 2007) vəfat edib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Digər əsərləri: “Əlibalanın ağır səfəri”, “Tələ”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Uzaqdan gələn qonaq”, “Haradansınız, müsyö Abel?” və s.

Dünya

9 dekabr 1048 - Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Məhəmməd ibn Əhməd Xarəzmi (4.9.973 - 1048) vəfat edib.
9 dekabr 1717 - Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717-1768) anadan olub.
9 dekabr 1891 - Belarus ədəbiyyatının banilərindən biri, şair Maksim Adamoviç Boqdanoviç (1891-1917) anadan olub.

10 dekabr Dünya İnsan Haqları Günüdür (Human Rights Day). 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən beynəlxalq miqyasda qeyd edilir.

10 dekabr 1745 - İngilis yazıçısı Tomas Holkroft (Thomas Holcroft, 1745-1809) anadan olub.
10 dekabr 1821 - Rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasov (1821 - 8.1.1878) anadan olub. “Rusiyada kim yaxşı yaşayır”, “Rus qadınları”, “Şaxta, Qırmızıburun”, “Kəndli uşaqları” və s. poemaların müəllifidir.
10 dekabr 1890 - Görkəmli başqırd türkoloqu, filosof, ictimai xadim Əhməd Zəki Validi Toğan 1890 - 28.7.1970, Türkiyə) anadan olub.
10 dekabr 1908 - Fransız bəstəkarı və pedaqoqu Olivye Messian (Olivier Eugene Charles Prosper Messiaen, 1908-1992) anadan olub.

11 dekabr 1803 - Fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.11869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s.
11 dekabr 1890 - Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel, 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
11 dekabr 1913 - Fransız aktyoru, rəssam, heykəltəraş Jan Mare (Jan Alfred Villen-Mare, 1913 - 8.11. 1998) anadan olub. "Bəyaz gecələr", "Qraf Monte-Kristo", "Parisin sirləri", "Dəmir maska", Fantomas haqqında filmlərdə yaddaqalan rollar yaradıb.
11 dekabr 1918 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsin (1918 - 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.
11 dekabr 1930 - Fransız aktyoru, rejissor, ssenarist Jan-Lui Tretinian (Jean-Louis Trintignant) anadan olub. Baş rolu oynadığı «Kişi və qadın” filmi (1966) iki dəfə “Oskar” alıb. Digər filmləri: “Və Tanrı qadını yaratdı”, “Təhlükəli əlaqələr”, “Dzeta” və s.

12 dekabr 1198 - Məşhur ərəb filosofu Əbu Valid Məhəmməd ibn Əhməd Rüşd (1126-1198) vəfat edib. İspaniyada (Kordova) yaşayıb, Avropada Averroes adı ilə tanınıb.
12 dekabr 1799 - Rus rəssamı Karl Pavloviç Bryullov (1799-1852) anadan olub.
12 dekabr 1821 - Fransız yazıçısı Qustav Flober (Gustave Flaubert, 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hisslərin tərbiyəsi” və s. romanların müəllifidir.
12 dekabr 1863 - Norveç rəssamı Edvard Munk (Edvard Munch, 1863-1944) anadan olub.
12 dekabr 1915 - Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra, 1915 - 14.5.1998) anadan olub.
12 dekabr 1928 - Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov (1928-10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. məşhur əsərlərin müəllifidir. Üç dəfə SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı olub.
12 dekabr 1941 - Rusiyanın Xalq artisti Vitali Solomin (1941-2002) anadan olub. Filmləri: “Şerlok Holms və doktor Vatson”, “Qaratoxmaq qadın”, “Qış albalısı” və s.

Hazırladı: Vüqar Orxan