Mədəniyyət və İncəsənət Universiteti - 90


Hər bir xalqın mənəvi və estetik tərbiyəsində, dünyagörüşünün formalaşmasında incəsənətin, o cümlədən insan zəkasına və hisslərinə güclü təsir göstərən teatr sənətinin üzərinə çox mühüm vəzifələr düşür. Təbii ki, teatrın sosial həyatda öz ictimai, bədii-estetik funksiyasını yerinə yetirməsi ilə əlaqədar teatr tədrisi məktəbləri cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır. Bu məktəblər teatra istedadlı qüvvələrin gəlməsini təmin edir, sənətkarlıq səviyyəsinin yüksəldilməsinə və milli mədəniyyətdə yeni teatr fikrinin yaranmasına təkan verir.

Azərbaycanda teatr təhsilinin tarixi Dövlət Teatr Məktəbinin yaradıldığı 1923-cü ildən başlanır. Bu tarixədək yarım əsr ərzində milli teatrımız ciddi yaradıcılıq uğurları qazanmış, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov və başqa görkəmli dramaturqların, Cahangir Zeynalov, Məhəmməd bəy Əlvəndi, Əbülfət Vəli, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Sidqi Ruhulla və başqa tanınmış aktyor və rejissorların sayəsində böyük inkişaf yolu keçmişdir. Teatrımızın sədaları nəinki Azərbaycanın müxtəlif guşələrinə, ondan xeyli uzaqlara gedib çatırdı. Aktyorlarımız böyük müvəffəqiyyətlə Gürcüstana, Dağıstana, Türkmənistana, Özbəkistana, Tatarıstana, Volqaboyuna, Krıma, Osetiyaya, eləcə də İrana, Türkiyəyə qastrol səfərlərinə gedir, müsəlman Şərqinin bir çox ölkələri və xalqlarında səhnə sənətinin yaranmasına və inkişafına ciddi təsir göstərirdilər.
Bu müvəffəqiyyətlərlə yanaşı, dövlət tərəfindən müdafiə edilməyən və heç bir maddi yardım almayan milli teatrımız məhrumiyyətlərə və çətinliklərə məruz qalırdı. Teatr sənətçilərinin peşəkar təhsil almaması, onlar üçün xüsusi teatr tədrisi ocağının yoxluğu, vəsait çatışmazlığı ciddi problemlər yaradırdı. Teatr kadrlarının yetişdirilməsinə bir o qədər əhəmiyyət verilmirdi. Bu missiyanı pərakəndə şəkildə şəxsi yaradıcılıq təcrübəsini nəsillərdən-nəsillərə ötürən milli səhnənin görkəmli ustaları həyata keçirirdilər. Belə sənətkarlar öz yaradıcılıqları, estetik baxışları ilə milli aktyor məktəbinin və onun pedaqoji proqramının bünövrəsini qoysalar da, xüsusi teatr tədrisi məktəbi olmadığına görə aktyorların yetişdirilməsi işi kortəbii, sistemsiz gedirdi. Nəticədə ayrı-ayrı istedadlarla yanaşı, səhnədə professionallıq baxımından hazırlıqsız çoxsaylı naşı həvəskarlar da çıxış edirdi ki, bu da milli teatrın inkişafını ciddi şəkildə ləngidirdi.
Professional səhnə təliminin zəruriliyini dərindən duyan aparıcı aktyor və rejissorlar tamaşanın hazırlığı zamanı aktyorların təliminə, tərbiyəsinə xüsusi diqqət və vaxt ayırırdılar. Bu sahədə Həbib bəy Mahmudbəyov, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi sənətkarlar daha məhsuldar fəaliyyət göstərirdilər. Müasirlərinin xatirələrinə görə, bu teatr xadimləri məşq zamanı tamaşanın hazırlanması işi ilə yanaşı, aktyorların sənətkarlığının artırılmasına, onların biliklərinin genişləndirilməsinə, sənətə ciddi münasibət bəsləmələrinə çalışır və bunun üçün xüsusi vaxt ayırırdılar.
Bundan başqa, onlar aktyorluq sənəti üzrə ayrıca dərslər də təşkil etməyə çalışırdılar. Bu barədə Xalq artisti Hacıağa Abbasov öz xatirələrində yazır: «...Aktyorlarımızın səhnə sənətini öyrənmək məsələsində Cahangir Zeynalovun böyük zəhməti olmuşdur. O vaxtlar Bakıda, məşhur Polonskinin dəstəsində Pyotr Krayevski adlı bir tanınmış komik var idi. Bu adam rus teatr tarixi və səhnə sənəti sahəsində savadlı və təcrübəli bir artist idi. Cahangir onu evinə dəvət edir, Mirzəağa Əliyev, mən və başqalarını komediya və komizm sənətkarlığı haqqında məlumatlandırmaq üçün Krayevskinin söhbətlərini təşkil edərdi. Bu, demək olar ki, bizim üçün balaca bir teatr məktəbi idi».
Teatr təhsilinin vacibliyini teatr xadimləri ilə yanaşı, mütərəqqi ictimaiyyət nümayəndələri, ziyalılar da başa düşürdü və bu haqda dəfələrlə məsələ qaldırır, müxtəlif təşəbbüslərlə çıxışlar edirdilər. Belə ki, 1912-ci ildə “Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsində aktyor Mirzəağa Əliyevin Xarkov teatr məktəbinə daxil olmasına şərait yaratmaq və ona yardım etmək üçün iki tamaşanı aktyorun xeyrinə göstərmək barədə məsələ qaldırılmışdı. Belə bir cəhd 1916-cı ildə A.M.Şərifzadəni də Xarkovdakı İlyin teatr studiyasına göndərmək üçün edilmişdi. Ancaq H.Ərəblinskinin oxuması üçün göstərilən təşəbbüs müəyyən səbəblərə görə bir nəticə verməmişdi.
Teatr təhsilinin vacibliyi məsələsi mətbuat səhifələrində də dəfələrlə qaldırılmışdı. Məsələn, “Səda” qəzetinin 1911-ci il nömrələrinin birində çap edilmiş “Teatr və musiqi” adlı məqalədə teatrın bir çox vacib məsələləri ilə yanaşı, aktyor və rejissor kadrlarının yetişdirilməsi problemi də gündəmə gətirilmişdi. “Kaspi” qəzetinin 1913-cü il 13 avqust tarixli nömrəsində dərc edilmiş “Bizim səhnəmiz” adlı məqalədə də Azərbaycan teatrının qarşısında duran məsələlərdən bəhs olunur, professional aktyor və teatr məktəbinin zəruriliyi irəli sürülürdü.
Azərbaycanda aktyorların təhsili məsələsinə “Açıq söz” qəzeti də dəfələrlə öz səhifələrində yer vermişdi. Qəzetin 1916-cı il 20 oktyabr nömrəsində “Bir münasibətlə” adlı məqalədə müəllif Azərbaycan aktyorlarının peşə hazırlığının artırılması yolunu onların Rusiyanın teatr məktəblərinə göndərilməsində görürdü. Həmin qəzetin 4 noyabr nömrəsində isə “Əbülüla” tamaşası ilə bağlı yazılmış məqalədə aktyorların səhnə dilindəki nöqsanlardan xüsusi söhbət açılır, bu problemə tamam başqa yöndən yanaşılırdı. Məqalədə deyilirdi: «Bunu görüncə dram cəmiyyəti Moskvaya artistlik sənətini öyrənməyə adam göndərmək əvəzinə, nə olurdu, burada bir kurs təşkil edəydi də, məxsus bir ədəbiyyat müəllimi dəvət edib, o vasitə ilə artistlərimizə dil öyrədəydi».
Bu illərdə aparıcı aktyor və rejissorlar bu problemin həlli üçün müəyyən praktik addımlar da atırdılar. Belə ki, 1915-ci ilin oktyabrında H.Sarabski və H.Ərəblinski ilə birlikdə bir qrup aktyor Müsəlman Dram Cəmiyyəti nəzdində aktyorların təlimini təşkil etmək üçün xüsusi kurs açmağa təşəbbüs göstərmiş, lakin bu ideyanı həyata keçirmək mümkün olmamışdı. 1917-ci ildə Bakıda fəaliyyət göstərən teatr truppalarını birləşdirən Müsəlman Artistləri İttifaqı yaradıldı. Həmin ilin dekabrında ittifaqın nəzdində Azərbaycan teatrı tarixində ilk dəfə olaraq tədris studiyası təşkil edildi. Bu studiyaya aktyor A.M.Şərifzadə rəhbərlik edirdi. Lakin bu studiya çox yaşaya bilmədi. 1918-ci ilin martında erməni daşnaklarının Bakıda törətdiyi soyqırımı və talanlar zamanı Müsəlman Artistləri İttifaqının binası yandırıldı, studiyanın məşğələləri və dərsləri dayandırıldı. 1919-cu ildə isə H.Sarabskinin rəhbərliyi ilə Fəhlə klubu nəzdində teatr studiyası yaradıldı.
Bundan başqa, bu illərdə qısamüddətli kurslar, ayrı-ayrı məşğələlər də təşkil edilirdi. O dövrdə Bakıda fəaliyyət göstərən rus truppalarının aparıcı aktyor və rejissorları vaxtaşırı Azərbaycan aktyorları tərəfindən dəvət olunurdu. Burada onlar öz həmkarları qarşısında teatr sənətinin müxtəlif problemlərinə aid söhbətlər aparır, aktyor peşəkarlığının yüksəldilməsinə kömək edən məşğələlər keçirirdilər.
1920-ci il mayın 18-də Azərbaycan hökumətinin qərarı ilə respublikadakı bütün teatrlar, kino və musiqi müəssisələri milliləşdirildı. Onların fəaliyyətinə rəhbərlik etmək üçün Respublika Xalq Maarif Komissarlığının İncəsənət şöbəsinin nəzdində teatr bölməsi yaradıldı və yazıçı-dramaturq Ə.Haqverdiyevə həvalə edildi. Həmin ilin oktyabr ayında verilmiş qərara əsasən «...aktyorların sırasını həqiqətən istedadlı, incəsənəti sevən adamlarla təmin etməkdən ötrü...» Dövlət Dram Studiyası təşkil olundu. Studiyada Azərbaycan və rus bölmələri fəaliyyət göstərməyə başladı. Burada oxuyanlar arasında sonralar Azərbaycan aktyorluq sənətinin tanınmış simalarına çevrilən Mirseyfəddin Kirmanşahlı, İsmayıl Hidayətzadə, Ağasadıq Gəraybəyli də vardı.
Ə.Haqverdiyevin 1921-ci il 11 may tarixli məktubunda göstərildiyi kimi, studiya «teatr pedaqogikasının arzusuna xidmət etmək və müsəlman gənclərini məşğələlərə cəlb etmək yolu ilə...» Azərbaycan səhnəsinə «...kifayət qədər təhsilli aktyorlar və təlimatçı-rejissorlar...» verməyi qarşısına məqsəd qoymuşdu. Amma bu məsələlərin həyata keçirilməsi çoxlu maneələrlə rastlaşırdı; qızlar studiyaya gəlmirdi, təqaüd fondu yox idi, təhsil alanların əksəriyyəti müxtəlif yerlərdə işlədiyinə görə, məşğələlərə müntəzəm vaxt ayıra bilmirdilər. Bu və başqa çətinliklərlə rastlaşan studiya bir neçə aydan sonra öz fəaliyyətini dayandırmağa məcbur oldu.
Bakıda Dövlət Dram Teatrının nəzdində də studiya açmaq məsələsi o illərdə teatrın rəhbəri vəzifəsində işləmiş Rza Təhmasib tərəfindən qaldırılmışdı. Məqsəd əvvəlki kimi «...türk artistləri arasında savadsızlığın ləğvi» idi. R.Təhmasib belə hesab edirdi ki, «...indiki truppadan başqa cür yüksək sənətkarlığa cavab verən ifa gözləmək düzgün olmazdı... Ancaq elmi cəhətdən hazır işçilər teatr işini həm öz ölkəsində, həm də imkan daxilində başqa Şərq ölkələrində yüksəkliyə qaldırar və müəyyən nəticələr əldə edə bilərlər». Eyni zamanda o, gənc artistlərdən on nəfərinin Moskva ali dram kurslarına göndərilməsini də təklif edirdi.
Azərbaycanda teatr təhsili probleminin həllində görkəmli müğənni, SSRİ Xalq artisti Şövkət Məmmədovanın xidmətləri xüsusi qeyd olunmalıdır. O, 20-ci illərin əvvəllərində respublika rəhbərliyinə dəfələrlə yazılı və şifahi müraciətlər edərək teatr kadrlarının təlim və təhsilinin təşkili məsələsini qaldırırdı və bunun üçün bir sıra təşkilati tədbirlərin görülməsini təklif edirdi.
Şövkət xanım 1922-ci ildə Xalq Maarif Komissarlığına göndərdiyi məktubda Azərbaycan teatr akademiyasının yaradılmasını, habelə «Teatr və incəsənət» adlı xüsusi jurnalın nəşr olunması məsələsini qaldırırdı. Onun fikrincə, bu tədris müəssisəsinin əsas məqsədi «...təkcə öz istedadı ilə deyil, eyni zamanda nəzəri və təcrübi hazırlığı və səhnə ifasının mükəmməlliyi ilə səhnədə teatrı yeniləşdirmək iqtidarına malik Azərbaycan aktyorunu...» hazırlamaqdır.
Məktubda akademiyanın yaradıcılıq işlərinə rəhbərlik etmək üçün bədii şuranın təşkili məsələsi, «...müsəlman qızlarının səhnəyə cəlbi üçün daha əlverişli şərait yaratmaq» məqsədilə Qadınlar klubunun tədris ocağının işinə cəlb edilməsi fikri irəli sürülürdü.
Xalq Maarif Komissarlığının 1922-ci il oktyabrın 25-də keçirdiyi kollegiya iclası Ş.Məmmədovanın məlumatını müzakirə edərək qərara alır: «...çoxlu elmi qüvvələrin olmasını tələb edən teatr akademiyasının açılması məsələsi vaxtsız qoyulmuş məsələ hesab edilsin. Teatr sənəti xadimləri kadrlarının hazırlanması məqsədilə Maarif Komissarlığı tərəfindən hazırlanmış Nizamnaməyə müvafiq olaraq Dramatik Teatr Məktəbi açılsın». Daha sonra göstərilirdi: «...müsəlman qadınlarının ictimai həyata cəlb edilməsi, onlarda teatra maraq oyadılması məqsədilə Müsəlman Qadınlar Klubu teatr məktəbinin təşkilinə daha geniş cəlb edilsin».
1922-ci il noyabrın 1-də Maarif Komissarlığı Azərbaycan Dövlət Teatr Məktəbinin açılması haqqında qərar çıxardı. Şövkət Məmmədova məktəbin müdiri, Azərbaycan Teatr Muzeyinin yaradıcısı Ağakərim Şərifov isə onun müavini təyin olundu. 1923-cü ildə Dövlət Teatr Məktəbinə ilk qəbul keçirildi.
Beləliklə, 90 yaşını qeyd edən bugünkü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti müasir inkişaf səviyyəsinə belə mürəkkəb prosesləri arxada qoyaraq gəlib çatıb. Azərbaycan teatrının çoxillik axtarışları və yaradıcı insanların təşəbbüsləri ilə bu təhsil ocağının ərsəyə gəlməsi nəinki ölkəmizin, eyni zamanda bütün müsəlman Şərqinin həyatında mühüm tarixi hadisə idi.

Fikrət Sultanov,
Əməkdar incəsənət xadimi, professor