Bu dəfə 85 illik yubileyi qeyd olunan Çingiz Aytmatovdan...

...Dahilər bu “yaradıcılıq”ları ilə də kütlələrin, kütləviliyin fövqündə olurlar. Necə ki, Füzuli deyirdi: “Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm, - Məcnunun ancaq adı var”.
Türk (və bəşər) dünyasının böyük sənətkarı Çingiz Aytmatovun adıyla bağlı «Uçurum üstündəki ovçunun fəryadı» kitabı da sənətcə nəhənglərin əbədi “eşq-məhəbbət-sevgi” “trio”sunda da necə ali istedada malik olduqlarını bir daha göstərir. Bir vaxtlar iki səfirin - Qazaxıstanın Bişkekdəki səfiri - məşhur qazax şairi Muxtar Şahanovla Qırğızıstanın Brüsseldəki səfiri Çingiz Aytmatovun dialoqundan ibarət bu kitab siyasətdən, diplomatiyadan yox, həyat və ölüm, məhəbbət və hakimiyyət təzadları haqdadır.


Aytmatov: - Hə, Muxtarcan, sağ ol ki, məni ürəyimcə dinləyirsən...
Deməli, 50-ci illərin sonudur və mən Moskva Ədəbiyyat İnstitutunu bitirib, bir qədər də məşhurlaşmışam. Həmin günlərin birində Baltik donanmasında xidmət edən qırğız balalarına hamilik etmək üçün təşkil olunan nümayəndə heyətilə Leninqrada uçmaq mənə də təklif olundu. Orada Qırğızıstan Opera və Balet Teatrı kollektivinin iştirakı ilə «Lenfilm»də «Çolpan» balet-filminin çəkilişləri gedirdi və filmdə baş qəhrəmanı oynayan Bübüsara (məşhur balerina, SSRİ Xalq artisti Bübüsara Beyşenaliyeva - red.) ilə «təsadüfən»... üz-üzə, göz-gözə qaldım. Bir-birimiz haqda eşitsək də, tanış deyildik. Elə ilk andan aramızda qeyri-adi səmimiyyət, qarşılıqlı simpatiya yarandı. Hər ikimiz elə hey «niyə bu vaxtadək görüşmədiyimizə» təəccüb və təəssüfümüzü bildirdik. Həmin andan bütün dünya, ətrafdakı hər şey mənimçün dəyişdi, gözəlləşdi...
Bitib-tükənməyən söhbətlərdə, bəyaz gecələrdə, Neva sahillərindəki gəzintilərdə əsrə bərabər anlar, günlər yaşadıq; elə bil yenidən doğulmuşdum. Sanki o günədək Bübüsaradan savayı heç kəsi görməmişdim; bu dünyada bir mən idim, bir o, bir o idi, bir mən...
Günlər ötdü, nümayəndə heyəti Qırğızıstana yola düşdü, mənsə əzab içində qaldım. Ürəyimin yarısını Neva sahillərində qoyub gedə bilmirdim. Üç gün sonra Moskvaya yollandım. Ardımca Bübüsara da paytaxta gəldi. «Moskva» mehmanxanasında keçirdiyimiz bir sutkada sanki bütöv bir ömür yaşadıq. Dönə-dönə vidalaşsaq da, bir-birimizdən ayrıla bilmirdik. Nəysə, Bübüsaranı qatarla Leninqrada qədər ötürdüm. Sonra da məni geriyə - Moskvaya qədər ötürməyi qərarlaşdıran Bübüsaranı güc-bəla ilə fikrindən daşındırdım.
... O vaxtdan keçən 14 il ərzində (Bübüsara həyatdan köçənə qədər) ürəyimdə alovlanan Bübüsara adlı sevgi odu bir an belə sönməyib...
Şahanov: - Bütün dedi-qodulara baxmayaraq...
Aytmatov: - Doğru, Muxtarcan, doğru! Bu sevdamızın oduna yanmaq nə qədər xoş idisə, qeybətlər bir o qədər naxoş idi...
İncəsənət haqda orijinal mühakimələri olan bu istedadlı, gözəl qadının mənim həyatıma da, yaradıcılığıma da böyük təsiri olub. Kimsə soruşa bilər ki, bəs niyə qovuşmadıq? Mən hər dəfə birgə həyatdan söz salanda Bübüsara ya söhbəti dəyişər, ya da tələsməməyi rica edərdi. Bir gün Bübüsara ənənəvi sualımı sanki gözlərimdən oxuyub, kədərlə gülümsünərək dedi: «Açinov (bu müraciət formasını mənim soyadım və adımın başlanğıc hərflərindən düzəltmişdi), deyirlər, bir-birini dəlicəsinə sevənlər, adətən qovuşmurlar... Ailə həyatının ənənəvi, qaçılmaz qayğıları böyük hisslərə xələl gətirir...
Çox sonralar başa düşdüm ki, Bübüsara «yox» deməklə, məni partiyaçı «yoldaş»ların divanından, qələm yoldaşlarımın dedi-qodularından qorumaq istəyib. Axı o illərdə nikahı pozub ikinci dəfə evlənməyin nələrlə nəticələndiyini özün yaxşı bilirsən. Amma mən özüm bir şeyi bilmirəmmiş; Bübüsaranın öz qadın səadətini mənə qurban verməsiylə razılaşmaqda haqlıyammı? Bax, bu sual ömrüm boyu məni izləyib əzab verəcək.
Şahanov: - Hə, o vaxtlar ikinci nikahdan zərərçəkənlər bizdə - qazaxlarda da çox idi...
Aytmatov: - Bir dəfə Bübüsara ilə Moskva-Almatı qatarıyla Frunzeyə (Bişkek - red.) üç gün yol gəlmişik. O üç gün elə əsrarəngiz idi ki! O üç günlük müxtəlif mövzulu şirin, mənalı, ədəbiyyat, incəsənət, həyat haqda mübahisə və öcəşmə qarışıq söhbətlərimizin fonunda ilk dəfə ağıllı fikirləri, ruhu, xarakteri, bütün təbiətilə bir-birinə yaxın olmağın dadını hiss etdim.
...Opera və Balet Teatrında onunla vida toplantısında isə mən heç nə eşitmirdim. Axı, Bübüsaranın yaradıcılıq yolu burdan başlamışdı. Səhnəyə baxdıqca onun «Sonalar gölü»ndəki təkrarolunmaz obrazını görürdüm. Bir sözlə, mən o axşam onun əbədi gənc və şux ruhunun canlı “tamaşaçı-heykəl”inə çevrildim...
...O hansısa qastrol səfərindən xərçəng diaqnozu ilə qayıdıb Kuntsevo xəstəxanasında ilyarım əziyyətlər çəkəndə mən o əzabları ikiqat yaşamışam. Mən bu reallıqla barışa, onu itirəcəyimə heç cür inana bilmirdim. Hər gəlişimdən sevinən, zəifcə gülümsünərək, mənə ürək-dirək verməyə, son dəqiqələrimdə belə ilham pərim olmağa, məni ruh düşkünlüyündən qorumağa çalışan Bübüsara 1973-cü ilin 11 may günü dünyadan köçdü...
Şahanov: - Görənlər deyirlər ki, vida mərasimində siz hamının gözü qarşısında hönkür-hönkür ağlayırmışsınız...
Aytmatov: - O hönkürtü mənim kədərimin, mənim acılarımın üst qatıydı, Muxtar əkə. Bizim xalqın bu yuxa məsələdə ənənə çərçivəsinin qıraqları, bu nazik mətləbin əndazə hüdudları idi. İç dünyamda, boşalıb səhralaşmış könül aləmimdəki tufanlar isə...
Şahanov: - O vaxtkı respublika rəhbərlərindən biri də hövsələdən çıxıb, ətrafındakılara əmr edirmiş kimi: «Əşi, onu bir sakitləşdirin də! - deyirmiş. - Bəyəm bura da onunçün roman-zad meydançasıdı?!»
Aytmatov: - Hə... Yaşamaq elələrinin düşüncələrində necə də «asan», «əzab-əziyyətsiz» idi...
Şahanov: - Qəribədir, o vaxt adamlar vardı ki, siyasi nüfuzunu itirmək qorxusundan öz həyat yoldaşının dəfnində belə gözləri yaşarmazdı.
Aytmatov: - Bu incə mətləbi bütün incəliyilə anladığınıza, mənim bənzərsiz sevgimə sayğınıza görə, təşəkkürümü bildirirəm, Muxtarcan.
Şahanov: - Xatirimdədir, məşhur qırğız şairi Suyunbay Eraliyev bu haqda belə dedi: «Bübüsara gözəlliklə ağılın təcəssümü olan əsl qırğız gözəli idi. Bir çox şairlər kimi, mən də bir vaxt onun hüsnünü vəsf etmişəm. Lakin o, heç bir yazı-pozuda Çingizin sevgilərindəki qədər vəsf olunmayıb. Onun dəfn mərasiminə qara geyinib gələn Çingiz öz sevgisini heç vaxt heç kimdən gizlətmədiyi kimi, Bübüsaranın həyatda olmadığı bir «şahidsizlikdə» də kədərini hamıya bəyan edirdi. O anlar mən səssizcə dayanıb, düşünürdüm: «Çingiz ədəbiyyatda olduğu kimi, həyatda da dahidir!..»
Aytmatov: - Suyəkə çox xeyirxah, həssas, incə qəlbli, dərd anlayan insandır.
Şahanov: - «Manas» eposunun 1000 illik yubileyi münasibətilə Bişkekin mərkəzində ucaldılan, qırğız xalqının ən görkəmlilərini şöhrət zirvəsinə qaldıran qartalı xatırladan “El kütü” abidəsinin bir üzündə Siz dərin fikirlərə qərq olub dayanmısınız, digər tərəfində isə əsrarəngiz Bübüsara Beyşenalıyeva. İşə baxın... həyatda qovuşa bilməyən bu iki aşiq cansız bir sənət əsərində də bir-birindən ayrı heykəlləşib! Bunun təsadüf, yoxsa heykəltəraşın yaradıcı təxəyyülünün məhsulu olduğunu deyə bilmərəm. Amma o monumentin açılışı zamanı Siz - mənimlə yanaşı dayanıb donmuş Çingiz Aytmatov - bürünc Bübüsaranı da sehrli sevgi hisslərilə seyr edirdiniz...
Aytmatov: - Bübüsaranın ölümündən sonra mən İtaliyaya dəvət aldım. Gecə gəmi ilə Sicilyaya yol aldıq. Açıq dəniz... Bəyaz gecə... Sərin meh... Uzaqda böyük şəhərin rəngbərəng işıqları sayrışır. Haradansa Bübüsarayla bizim sevimli musiqimizin sədaları gəlir. Ətrafımdakılar göyərtədə rəqs etməyə başlayırlar. Məni isə qəhər boğur; səssizcə bir tərəfdə dayanıb, göz yaşlarımı güclə saxlayıram. Qəlbimdəki qəm dənizindən xəbərsiz dəniz, bəyaz gecə, ay işığında görünən kimsəsiz adalar və bu qədər adam içində qəlbimin tənhalığı...
O zaman yaşadığım hissləri sözə gətirə bilmərəm, əlbəttə. Amma «Kassandra damğası» romanımda eyni vəziyyətə düşən qəhrəmanımla bu hissləri bir daha yaşamışam.
Şahanov: - 70-ci illərin ortalarında biz Moskvada görüşdük və Siz məni qaldığınız mehmanxanaya dəvət etdiniz. Onda ilk dəfə həyat yoldaşınız Məryəmi gördüm. Qismətinizə belə bir gülərüz, təmiz qəlbli qadın düşdüyünə daxilən sevinirdim. Bilirəm ki, o, Sizə böyük sevgi və ehtiram bəsləməklə, yaradıcılığınıza da böyük təsir göstərə bilib. Onun «Gün var - əsrə bərabər» romanınızın motivləri əsasında yazdığı kinossenarinin «Çovğunlu yarımstansiya» adıyla istehsal edilib (“Türkmənfilm”) ekranlara çıxarıldığı da məlum. Yəqin ki, ömür-gün yoldaşının səninlə həmfikir olub, daxili aləmini duyması da böyük səadətdir...
Aytmatov: - Bübüsaranın ölümündən sonra qəlbimdə, ruhumda yaranan boşluğu heç cür doldura bilmirdim... Yəni, Muxtarcan, Bübüsaralı və... Bübüsarasız könlümü ağlar qoyan tale o ağır anlarda məni Məryəmlə görüşdürdü. Vaxt ötdükcə ruhumun əzabları səngidi, düşüncələrim bir az yerbəyer oldu. İndi Məryəmlə həyatda iki ümid-dayağımız var - qızımız Şirin, oğlumuz Eldar. Övladlarımızın hansı sənətə yiyələnəcəklərindən asılı olmayaraq, hər şeydən öncə, ləyaqətli insan olmalarını arzulayırıq.
Şahanov: - İnanın ki, belə də olacaq. Ən azı övladlarınızın sizə olan sevgisi bunu vəd edir. Almatı hava limanında ailənizi Brüsselə yola salarkən Şirin qulağıma bunları pıçıldadı: «Muxtar əmi, atamın şəkərli diabeti olduğunu siz də bilirsiniz, xahiş edirəm, ona nəzarət edin ki, ziyafətlərdə şirin şeylərdən çox yeməsin...»
Amma jurnalist Canıbek Canızak kimiləri də var... Onun «Aytmatovun qadınları» adlı “kitab”ına indi hər yerdə - hətta ərzaq mağazalarının piştaxtalarında belə rast gəlmək olar.
Aytmatov: - Özgəsinin şəxsi həyatını güdüb-aramaq, tale, alın yazısından sensasiya «qoparmaq», məncə, rəzil hərəkətlərdəndir...
Mənim qadınlarıma gəldikdə isə, Kerez birinci həyat yoldaşım olub. Tələbəlik illərindən başlayaraq, onunla birgə çətin, amma maraqlı-mənalı gənclik illəri yaşamışıq. Kerez rəhmətlik anamla da çox mehriban dolanırdı. Ondan iki oğlum var - Səncər və Əsgər. Şükür Allaha, ikisi də böyüyüb, həyatda yerlərini tapıb.
Tattıbubi Tursunbayevanın da qəlbimdə öz yeri olub. Qırğız incəsənətinin zənginləşməsində böyük xidmətləri olan bu gözəl qadına böyük rəğbət bəsləmişəm.
Həyatımın ayrı-ayrı dönəmlərində başqa qadınlar da olub. Şükürlər olsun ki, onların haqqında yazmaq hər cızmaqaraçının istedad və qabiliyyət imkanları daxilində deyil. Sonda bir etirafım da var, Muxtarcan. Məni ilham pəriləriylə görüşdürən taleyimdən min dəfə razıyam. Bu görüşlərdə yaşanan səadətə, sevgi dolu anlara, yaşam və yaradıcılıq ruhuma çilənən təzə-tər təravətlərə görə, taleyimə, tale yazanıma çox minnətdaram...

Hazırladı: Tahir Abbaslı