Azərbaycan

1 yanvar 1880 - Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880 - 17.10.1975) anadan olub.
1 yanvar 1883 - Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883-1936) Qazaxın Hüseynbəyli kəndində doğulub. Əsərləri: "Şahzadə və Əbdül", "Duman", "İlan", "Ərdoy dərəsi", "Cəng", "Dan ulduzu" və s.
1 yanvar 1924 - Filologiya elmləri doktoru, professor Vaqif Əli oğlu Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub. Kitabları: “Azərbaycan qəhrəmanlıq dastanları”, “Qaynar söz çeşməsi” və s.
1 yanvar 1925 - Yazıçı-tərcüməçi Emin Qasıməli oğlu Mahmudov Göyçay şəhərində doğulub. Uşaq və gənclər üçün kitabların müəllifidir: “Kainat gəmisi”, “Zülmət dənizi”, “Atlant qızı” və s. Rus dilindən ədəbi tərcümələr edib.
1 yanvar 1926 - Filosof, akademik Aslan Məmməd oğlu Aslanov (1926 - 23.8.1995) Ağstafa şəhərində anadan olub.
1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
1 yanvar 1930 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Tahir İsmayıl oğlu Hüseynov (1930-1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: “Gecikmiş heykəl", "Borçalı əhvalatları", “Çətin görüş", "Yanıq Abdullanın yuxuları" və s.
1 yanvar 1937 - Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı”, “Babamızın babasının babası” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.
1 yanvar 1945 - Sənətşünaslıq elmləri doktoru Röya Seyfəddin qızı Tağıyeva anadan olub. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktorudur.
1 yanvar 1947 - Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Ağsu rayonunun Talış kəndində doğulub. Televiziya tamaşalarında ("Günahsız Abdulla", "Topal Teymur"), “Qatır Məmməd”, “Babək”, “Üzeyir ömrü” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (2001-2005) olub.

2 yanvar 1945 - Görkəmli aktyor Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə, teatr və televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

3 yanvar 1804 - Gəncə xanlığı rus qoşunları tərəfindən işğal edilib. Cavad xan işğalçılarla döyüşdə həlak olub.
3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 27.6.1985) anadan olub. Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (Bülbül adına məktəb) direktoru olub.
3 yanvar 1917 - Üzeyir Hacıbəylinin operettası əsasında ekranlaşdırılan “Arşın mal alan” filmi Bakıdakı "Forum" kinoteatrında ilk dəfə nümayiş olunub. Filmin keyfiyyəti aşağı olduğu üçün Üzeyir bəyin təkidi ilə yanvarın 8-də ekrandan çıxarılıb. Filmin rejissoru Boris Svetlov idi. Rollarda Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy) və başqaları çəkiliblər.

4 yanvar 1946 - Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. imzalarla nəşr etdirib. Kitabları: “Sijimqulunamə”, “Satira mərmiləri”. "Keçmiş günlər" adlı mənzum memuarı dövrün mədəniyyət tarixini öyrənmək üçün maraqlı mənbədir.
4 yanvar 1932 - Görkəmli yazıçı-dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932) vəfat edib. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, "Ölülər") ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
4 yanvar 1934 - Rəssam, heykəltəraş Məmmədnicat Qılman oğlu Salahov anadan olub.
4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, teletamaşalarda (“Ordan-burdan”, “Göz həkimi”), teatr səhnəsində yaddaqalan rollar oynayıb.
4 yanvar 1950 - Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Moskvada doğulub. “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud” (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.
4 yanvar 2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918, Kazan - 2000) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Qara daşlar”, “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

5 yanvar 1884 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 1884 - 1.4.1954) Şuşada doğulub. Milli teatrda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda qadın rollarını (o cümlədən "Leyli və Məcnun"da Leyli) oynayıb. Pedaqoji fəaliyyətlə məşğul olub.
5 yanvar 1887 - Tarzən, Əməkdar incəsənət xadimi Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887 - 30.6.1967) anadan olub. Qəzəl və qoşmalar yazıb.
5 yanvar 1910 - Ədəbiyyatşünas Məmmədağa Sultan oğlu Sultanov (1910 - 19.1.1991) Ərdəbil şəhərində doğulub. “Kəlilə və Dimnə” kitabından şeirləri, Füzulinin, Nəsiminin farsca yazdığı əsərləri dilimizə tərcümə edib.
5 yanvar 1924 - Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Məşədixanım Sədulla qızı Nemətova Bakıda anadan olub. Azərbaycanın orta əsrlər epiqrafik abidələrinin, Cənubi Qafqazda müsəlman kitabələrinin tədqiqatçısıdır. Bu sahədə xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb.
5 yanvar 1927 - Yazıçı Əlfi Səhlik oğlu Qasımov (1927-12.3.1985) Ağdam rayonunun Poladlı kəndində anadan olub. «Odlu ürək», «Ulduz karvanı», «Saçlar ağarsa da», «Məni qınamadın», "Şagird briqadaları", "Dnepr qəhrəmanı" və s. kitabların müəllifidir.
5 yanvar 1927 - Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Dönüş”, “Təbrizdə bir gecə” poemaları, “Gəlin”, “Həyat bizi sınayır” povestləri, “Vicdan susanda”, “Müqəddəs ocaq” romanlarının müəllifidir.
5 yanvar 1949 - Əməkdar artist Kübra Ağa qızı Əliyeva anadan olub. Teatr və televiziya tamaşalarında, “Sonuncu məhəbbət” (Ümbülnisə), “Güllələnmə təxirə salınır!” (Sonya) filmlərində çəkilib.
5 yanvar 1955 - Əməkdar artist Fərhad İsrafilov anadan olub. “Yeddi oğul istərəm” (Qəqəni), “Evlənmək istəyirəm”, “Doğma sahillər” və s. filmlərdə çəkilib. "Yuğ" teatrında çalışır.

6 yanvar 1907 - Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 1907 - 1.4.1980) Qax rayonunun Zərnə kəndində doğulub. Akademik Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. “Səbuhi” (M.F.Axundzadə), “Böyük dayaq” (Kərəmoğlu), “Qatır Məmməd” (Fətəli xan Xoyski) və s. filmlərdə çəkilib.
6 yanvar 1938 - Baletmeyster, Əməkdar incəsənət xadimi Yulana Yusufovna Əlikişizadə Bakıda anadan olub. Opera və Balet Teatrında fəaliyyət göstərib. Mahnı Teatrında, Musiqili Teatrda balet qrupunun rəhbəri işləyib.
6 yanvar 1962 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (25.11.1901, Həştərxan - 1962) vəfat edib. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. 1920-ci ildə Bakıya köçərək Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.

7 yanvar 1927 - Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrına dair tədqiqatların müəllifidir.

8 yanvar 1920 - Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Leyla Ağalar qızı Bədirbəyli (1920 - 23.11.1999) Bakıda anadan olub. “Səbuhi” (Tubu), “Arşın mal alan” (1945, Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis), “Onun böyük ürəyi” (Xalidə), “Dərviş Parisi partladır” (Şərəbanu) və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatına layiq görülüb.

9 yanvar 1903 - Azərbaycan teatrının tanınmış simalarından olan Ülvi Rəcəb (Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə; 1903-1938) Batumi yaxınlığındakı Canivri kəndində doğulub. 1922-ci ildən Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1925-ci ildə Bakıya gəlib və Akademik Dram Teatrında çalışıb. Stalin repressiyalarının qurbanı olub.
9 yanvar 1930 - Yazıçı, ssenarist Faiq Feyruz oğlu Dərgahov (1930-1984) anadan olub.
9 yanvar 1949 - Xalq artisti İlham Namiq Kamal (Əhmədov) anadan olub. Teatr səhnələrində, “Qayınana”, “Bəyin oğurlanması”, “Qızıl qaz” və s. filmlərdə, teletamaşalarda (“Evləri köndələn yar”, “Kişilər” və s.) maraqlı obrazlar yaradıb. 2005-ci ildən Musiqili Komediya Teatrında aktyor-rejissor işləyir. Mədəniyyət və İncəsənət Universitetinin professoru, «Estrada sənəti» kafedrasının müdiridir. “Şöhrət” ordeni ilə təltif edilib.
9 yanvar 1991 - “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova (1961-1991) Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hazırladı: Vüqar Orxan