çox imarətlər yapıb, səxavətlər göstərib, ümummilli işlər təsis etsə də, “xəsis” ayaması qazanan Ağamusa Nağıyev

O vaxtlar da - dövlətçiliyimizin olmadığı dövrlərdə də - var-dövlətlilərimiz çox, milli milyonçularımız isə az olub. Bir az da bu səbəbdən ki, günlərinin çoxunu pul sayıb qızıl qalamaqda, eyş-işrətdə, başqasına badalaqda keçirən hədyan “tuz”lar belələrini meydanda tək qoymaq istəyirmişlər. Amma nəticə, o vaxtların dialektilə desək, alayı cür olub: Zeynalabdin-Murtuza-Ağamusa kimi brilyant üçlüklər, digər qızıl-gümüş onluqlar da yaranıb...

Onların doğulduqları XIX əsr özündən öncəkilərə nisbətdə müqayisəedilməz dərəcədə aktiv, ayıq-sayıq, islahat-istehsalati idi. Hər sahədə növbəti yüzilliyə doğru işıq-inkişaf dolu, dirçəliş-yüksəliş havalı yeriş-yürüş vardı. Tanrı-taleyin seçdiyi bu maddi-iqtisadi istedadlılar da həmin işıqdan tutub irəliləyir, “hampa”, “neftxuda” zatlı məhəlli adlar altında “kapitalist”, “maqnat”, “burjuy” kimi dünyəvi terminlərə doğru buyurub millət içrə mənfili-müsbətli sahibkarlıq sinfi bir azı qəlbən, bir çoxu qəlpən ”milli burjuaziya” yaradırdılar.
Bütün əyər-əskiklərilə bahəm, bu zirək, dilli-dirçəkli adamlar dünənki adi, yarımada-yarısəda Bakını, bəzi faktlarda Azərbaycanı inşalayıb tikir, ac qarınları əppəkliyir, qara-qərəmət daxmaları lampalayır, günü bu gün də heyrət və fəxarətlə baxılan ecazkar memarlıq inciləri, mədəniyyət abidələri yapırdılar.
Onlardan biri də -

“Samançı” idi...

Ağamusa Nağıyev şöhrətli, var-dövlət səltənətli bir adam haqda mətləb-sözümə niyə “samançı”lıqdan başlamağımın qırx səbəbi olsa da, birindən danışım. Bir gün bir xeyriyyə məclisində Ağamusa xeyriyyə kəşkülünə qəpik-quruş atır, oğlu isə qızıl onluq. Xeyriyyə mərasimində pıçapıç düşür: “...ata qəpik-quruş, oğul isə qızıl onluq!” Mətləb ataya - Ağamusaya çatanda o, sual dolu üz-gözlərə bu sözləri deyir: “Mən samançı oğluyam, o isə milyonçu oğlu...”.
Günlər, illər keçir, həmin milyonçu oğlu - İsmayıl vərəmə tutulur. Ağamusaya təklif edirlər ki, onu müalicə üçün xarici ölkəyə aparsın. Hətta bunun çər-çarəsini, bütün get-gəl işlərini öz boynuna götürən adam da tapılır, lakin bu işin baha başa gəldiyini bilən milyonçu ata qol qoymur. Xəstəlik isə günü-gündən şiddətlənir, o həddə çatır ki, elə bu məsələ ilə bağlı “xəsis” adı qazanmağa başlamış ata həmin məbləği verməyə razılaşır. Lakin artıq gec idi. İsmayıl vəfat edir. Ata isə həmin vəsaitdən qat-qat çox pul tökərək İçərişəhərin qala divarları yanında bütün dövrlərin şedevr abidəsi olan məlum-məşhur binanı tikdirir. O vaxtlar hamının “İsmailiyyə” kimi tanıdığı, məsələdən tam agah olanların dərin hüzn-kədərlə baxdıqları binanın özü 1918-ci ildə ermənilərin atdıqları toplarla xeyli dağılsa da, təyinatı bolşeviklər tərəfindən dəyişdirilib “Azərbaycan SSR Elmlər Akademiyası”na çevrilsə də, əzəmətinə heç bir müdaxilə mümkün olmayıb...
Onun tərcümeyi-halında daha maraqlı və qəribə faktlar, olaylar çox olsa da, onun doğum ünvanıyla ilgilisindən başlıyım. “Ağamusa Nağıyev. 1848-ci il. Bakı quberniyası, Biləcəri kəndi”. Maraqlı səslənmirmi, - bugünkü möhtəşəm, gözəl və azad Bakı “quberniya”, Biləcəri qəsəbəsi isə “kənd”...
Atası saman satmaqla məşğul imiş, kənd mollaxanasında ibtidai təhsil almış Ağamusa da onun köməkçisi. 300 manat borcla ölən ata 25 yaşlı oğlunu tamamilə “quru yurdda” qoysa da, Ağamusa ruhdan düşmür. 200 manat da borc edir, balaca bir dükan açıb, 500 manat əlborcu ola-ola müstəqil fəaliyyətə başlayır. Düz iki il hər iki mənada başıaşağı işləyib borcunu qaytarır və parça alverilə məşğul olmağa başlayır. Beş il keçmiş artıq onun 2 min manat mağduru varmış. Bu pula Qara şəhərdə kiçik bir kerosin zavodu alır. Əl ilə işləyən bu zavodda əməlli-başlı baş işlədən Ağamusa “qara qızıl” nişanəli torpaq sahələrini manşırlayıb neft istehsalına başlayır. Bibiheybət mədənlərindəki silsilə neft fontanları dünənki “samançı”nı əsrin adlı-sanlı milyonçularından birinə çevirir.
Çox sürətlə və uğurla milyonçulaşan Ağamusa tarixin az-para tədqiqatçıların tam açmadıqları səbəbdən - ailə məsələsində sınıqlığa düçar olur. Uğura gedən yollarda ona yaxşı həyat yoldaşlığı etmiş müsəlman arvadını boşayır. Həmin qadından olmuş İsmayılın taleyindən isə yuxarıda söz açdıq. Sonradan evləndiyi gürcü qızı (Yelizaveta Qriqoryevna) ilə keçən ömür-günü də - deyilənlərə görə - o qədər də ürəkaçan olmur. Ancaq qazanc, mal-mülk bəxti gətirdikcə gətirir, götürdükcə götürür. “Cəmiyyəti-Xeyriyyə” üçün şəhərin ən mərkəz, ən gəlim-gedim, gözəgəlim yerində, yuxarıda bəhs edilmiş “İsmailiyyə”ni və bir çox möhtəşəm binaları tikdirir, Bakı su (“Şollar”) kəməri üçün xeyli vəsait ayırır.
İllər keçdikcə (oğlunun müalicəsinə qıymazlığı ilə ilgili) “əvvəl evin içi, sonra çölü” məsəlinə yeni gözlə baxan bu kəramət-səxavətli kişi 28 May küçəsində (AzərTAC-ın arxasında) qoşa imarət, kərpiclə ornamentləşdirilmiş əzəmətli tikili, Nizami (Opera və Balet Teatrının yanında) və Nigar Rəfibəyli küçələrində unikal yaşayış binaları, Səməd Vurğun küçəsində “Qış klubu” (indiki “Zabitlər evi”), “Astoriya”, “Yeni Avropa” mehmanxanaları və sair biri-birindən gözəl, milli tələbat təyinatlı binalar tikdirir.
“Milli tələbat təyinatlı” ifadələrini elə-belədən işlətmədim. O, “I Realnı məktəb”in şəriksiz hamisi olmuş, hər il hazırlıq sinfinə əlavə 25 müsəlman uşağın qəbulunu təmin etmiş, buradakı anadilli şagirdlərin sayını 50 faizə çatdırmışdı.
Amma... bu qədər kəramət-səxavətli qəhrəmanımız haqda olan bu yazı, bilmirəm nədənsə, həmişə həcmcə geniş çıxan yazılarıma nisbətən bu qədər “xəsis” alındı...

Tahir Əhmədalılar