Azərbaycan

8 mart 1338 - Filosof, şair, görkəmli mütəfəkkir Əvhədi Marağayi (Ruhnəddin; 1274-1338) vəfat edib. Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların («Cəmşid piyaləsi») müəllifidir.
8 mart 1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911 - 25.6.1965) anadan olub. 1927-ci ildən Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən Milli Dram Teatrında çıxış edib. “Koroğlu" (Həsən xan), "Bir qalanın sirri" (Usta), "Bizim küçə" (Bəhram), "Telefonçu qız" (Zakirin atası), “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.
8 mart 1923 - Tənqidçi, ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923-1984) anadan olub. Uzun illər AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışıb.
8 mart 1934 - Xalq artisti, tar ifaçısı Ceyran Haşımovanın doğum günüdür. “Lalə” qızlar ansamblını yaradıb və bədii rəhbəri olub.
8 mart 1940 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 - 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. “Şərikli çörək”, “Qanlı zəmi”, “Doğma sahillər” və s. filmlərdə quraşdırılmış səhnələrin operatorudur.
8 mart 1947 - Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947 - 24.12.1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil, səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.
8 mart 1947 - Şair, yazıçı-dramaturq Məmməd Oruc anadan olub. "Yadigar mahnı", "Leylək körfəzi", "Köçürülmə" kitablarının, "Təbriz almaları", "Oğulla görüş" və s. pyeslərin müəllifidir.

9 mart 1929 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (1929 - 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
9 mart 1933 - Yazıçı-publisist, tərcüməçi Əliağa Hacı oğlu Yasinzadə anadan olub. Kitabları: “Berlin gündəliyi”, “Əsgər ürəyi”, “Yaşıl xiyaban” və s.
9 mart 1947 - Xalq artisti, tanınmış kamança ifaçısı Şəfiqə Alxas qızı Eyvazova anadan olub. Azərbaycan Milli Konservatoriyası xalq çalğı alətləri kafedrasının professorudur.
9 mart 1952 - Aktyor Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov; 1880-1952) vəfat edib. 1924-cü ildən Bakı Azad Tənqid-Təbliğ Teatrının aktyoru və rejissoru olub. “İsmət” (1934), “Almaz” (1936), “Səbuhi” (1941) filmlərində çəkilib. Ədəbi yaradıcılıqla məşğul olub, pyesləri tamaşaya qoyulub.

10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Həmin gün Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə realnı məktəbin şagirdləri tərəfindən Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Prezident İlham Əliyevin sərəncamı (1 mart 2013-cü il) ilə 10 mart Azərbaycanda Milli Teatr Günü elan edilib.
10 mart 1878 - Böyük yazıçı-dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (12.7.1812, Şəki - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanın vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
10 mart 1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, pedaqoq, professor Qəmər Hacağa qızı Almaszadə (1915 - 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra uzun illər Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.
10 mart 1920 - Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaradılıb. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə martın 10-u “Qızıl Aypara Günü” elan edilib.
10 mart 1933 - Yazıçı-publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Sabir Tahir oğlu Əfəndiyev Qax rayonunun İlisu kəndində anadan olub. Uzun illər AMEA-nın Şəki etnoqrafiya mərkəzinin rəhbəri işləyib.
10 mart 1940 - Xalq artisti, tanınmış xanəndə, professor Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun" - Məcnun, "Əsli və Kərəm" - Kərəm, "Aşıq Qərib" - Qərib, "Şah İsmayıl - Şah İsmayıl və s.) baş rollarda çıxış edib. Gənc xanəndələr nəslinin yetişməsinə töhfələr verib.
10 mart 1949 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Nazif Ələkbər oğlu Qəhrəmanlı (1949 - 17.8.2012) Quba rayonunun 1-ci Nügədi kəndində anadan olub.
10 mart 2004 - Xalq artisti, görkəmli sənətkar Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 - 2004) vəfat edib. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb, Züleyxa (“Ulduz"), Cəhri xala ("Altı qızın biri Pəri"), Qızbacı ("Hicran") kimi rolları ilə yadda qalıb. "Ögey ana" (Fatmanisə), "Böyük dayaq" (Telli), “Qanun naminə” (Şəhla xanım), "Qaynana" (Cənnət xala), “Yuxu” (Məsmə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.

11 mart 1925 - Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. Musiqili Komediya Teatrının səhnəsində maraqlı obrazlar qalereyası yaradıb. "Əhməd haradadır?", "Ulduz", “Xoca Nəsrəddinin 12 qəbri" (“Tacikfilm”) və s. filmlərdə çəkilib.
11 mart 1958 - Əməkdar artist Hicran Fətəli qızı Nəsirova Bakının Əmircan qəsəbəsində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında (“Evləri köndələn yar” - Reyhan, “İtkin gəlin” - Dünya) yaddaqalan rollar oynayıb.

Dünya

8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün tarixi 1857-ci il martın 8-də Nyu-York toxucularının sosial tələblərlə keçirdikləri yürüşlə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında yəhudi əsilli alman sosialisti Klara Setkinin təşəbbüsü ilə 8 mart Beynəlxalq Qadınlar Günü elan edilib. Dünyanın bir çox ölkələrində qeyd olunur. 8 mart 1851 - Görkəmli türk maarifçisi, yazar, ictimai xadim İsmayıl Qaspralı (Qasprinski) (1851 - 24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının mədəniyyəti və maarifçiliyi tarixində böyük xidmətlər göstərib. "Tərcüman” qəzetinin naşiri olub.

9 mart 1814 - Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub. Klassik Ukrayna ədəbiyyatının banisidir. “Kobzar” poetik tolpusu, “Yuxu”, “Qafqaz” poemaları və s. əsərlərin müəllifidir.
9 mart 1934 - Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Yermoloviç Volontir anadan olub. “Qaraçı” və “Budulayın qayıtması” telefilmi ilə şöhrət qazanıb. Azərbaycanda “Tütək səsi” (1975) filmində (Cəbrayıl) çəkilib.
9 mart 1964 - Fransız aktrisası, “Oskar” mükafatı laureatı (“İngilis pasiyenti”, 1997) Jülyet Binoş (Juliette Binoche) anadan olub.

10 mart 1772 - Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel, 1772-1829) anadan olub.
10 mart 1958 - Amerika aktrisası Şaron Stoun (Sharon Vonne Stone) anadan olub. “Əsas instinkt” (1992, Ketrin Tramell) filmi ilə şöhrət qazanıb. “Yolayrıcı”, “Kazino” və s. filmlərdə çəkilib.

11 mart 1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.

Hazırladı: Vüqar Orxan